Ev Turizm Xəbərləri Dekabrda Bakıda gənc sahibkarlar forumu keçiriləcək

Dekabrda Bakıda gənc sahibkarlar forumu keçiriləcək

Forum

Dekabrın 10-da Bakıda gənc sahibkarlar forumu keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, agentlik yanında İctimai Şuranın bir illik fəaliyyətinə və 2020-ci ildə planlaşdırılan tədbirlərinə dair iclas keçirilib. Tədbirdə KOBİA-nın nümayəndələri, İctimai Şuraya daxil olan 15 qeyri-hökumət təşkilatı və assosiasiyaların rəhbərləri iştirak ediblər.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov iclasın məqsədinin İctimai Şuranın 1 illik fəaliyyətinə dair hesabatı dinləmək olur. Növbəti il üçün şuranın planları barədə müzakirələr aparmaq, şuranın agentlikdən gözləntilərini və təkliflərini öyrənmək olduğunu qeyd edib. O, İctimai Şuranın 2020-ci ildə agentliyin fəaliyyəti və dəstək xidmətləri barədə sahibkarların məlumatlandırılmasında və maarifləndirilməsində daha aktiv iştirakının, iqtisadiyyatın müxtəlif sektorlarında sahibkarların qarşılaşdıqları məsələlər və biznes assosiasiyaların fəaliyyətinin gücləndirilməsi üçün KOBİA ilə sıx əməkdaşlığının, bu istiqamətdə təklif və təşəbbüslərlə çıxış etməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Sonra KOBİA yanında İctimai Şuranın 1 illik fəaliyyəti ilə bağlı hesabatı dinlənilib. İctimai Şuranın sədri Fərhad Qaraşov bildirib ki, şura 2018-ci ilin noyabrında agentlikdə ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, agentliklə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə yaradılıb. Ötən müddətdə İctimai Şuranın təşkilatçılığı ilə təhsil, maliyyə bazarlarına çıxış, tibb, turizm, KOB-ların inkişafında ictimai şuraların rolu mövzularında ictimai müzakirələr keçirilib. Növbəti ictimai müzakirə – gənc sahibkarlar forumu dekabrın 10-da təşkil olunacaq. Belə tədbirlərin effektivliyi nəzərə alınaraq davamlı təşkil olunması nəzərdə tutulur. Bundan başqa, şura agentliyin KOB sahəsində qanunvericiliyə dəyişikliklər, sahibkarların maarifləndirilməsinə dair tədbir və layihələrində iştirak edib. KOBİA-ya bir sıra təkliflər təqdim olunub.

İclasda KOBİA yanında İctimai Şuranın 1 illik fəaliyyəti barədə müzakirələr aparılıb, şura üzvlərinin təklifləri dinlənilib.

O.Məmmədov Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən narçılıqla məşğul olan fermerlərə və assosiasiyanın fəaliyyətinə göstərdiyi dəstəyə görə “Azərbaycan narı” döş nişanı ilə, İctimai Şuranın üzvləri isə şuranın işində aktiv iştiraklarına görə təşəkkürnamələrlə təltif olunublar.