PAYLAŞ
Doha

Rahat uçuş, otellərdə yüksək səviyyəli xidmət, nəfis restoranlar və zəngin mədəni irs sayəsində Doha tranzit dayanacağı qismində günü-gündən daha çox populyarlıq qazanır. Qətərdə minik dəyişməklə səyahət edən turistlər yerli restoranları öyrənmək, sahilboyunda yerləşən dəbdəbəli otellərdə nahar etmək, həmçinin yerli mədəniyyət obyektlərini gəzmək fürsəti əldə edirlər. Qətər kiçik dövlət olduğundan, ölkənin əsas görməli yerləri Dohanın mərkəzindən bir-iki saatlıq məsafədə yerləşir.

Qatar Airways” milli aviaşirkəti tərəfindən Dohanı Bakı ilə birləşdirən iki birbaşa reysin hər gün yerinə yetirildiyini nəzərə alaraq, “tonkosti.ru” resursuna istinadla tranzit dayanacağı zamanı ölkə ilə qısa müddət ərzində tanışlıq üçün bir neçə variant təklif edir.

Əgər sizin 24 saat vaxtınız varsa

Qətərin Milli Muzeyini ziyarət etməklə siz ölkənin zəngin mədəni irsi ilə tanış olacaqsınız. Muzeyin açılışı 2019-cu il martın 28-də keçirilib. Fransız memar Jan Nuvel tərəfindən layihələndirilən muzey paytaxtın lap mərkəzində, Həməd beynəlxalq hava limanından 10 dəqiqəlik məsafədə yerləşir.

Muzeyin 1,5 kilometr uzunluqda olan qalereyası – Qətərin sirli guşələrinə səyahət deməkdir. Burada ölkənin qədim tarixi və xalqların adət-ənənələri meydana çıxır. Nuvel dizaynın əsasını kristal formalı “səhra qızılgülü” obrazından götürüb. Muzey müxtəlif bucaqlar altında kəsişən qabarıq disklərdən ibarət qeyri-adi quruluşa malikdir. Ziyarətçilər muzeyin “Başlanğıc”, “Qətərdə həyat” və “Qətərin müasir tarixi” adlanan üç hissədən ibarət daimi ekspozisiyasını öyrənmək şansı əldə edəcəklər. 11 qalereya yarımadanın bütün tarixini əhatə edir.

BMT-nin Dünya Turizm Təşkilatının tədqiqatlarına görə, Qətər viza rejiminin sadələşdirilməsi sayəsində dünyanın 10 ən açıq ölkəsi siyahısına daxil edilib.

Siz “Pearl-Qatar” adasında nahar edin, yaxud yüksək səviyyəli mətbəxə malik çoxsaylı restoranların birində şam yeməyindən zövq alın. Ölkədə dünya mətbəxi inkişafını davam etdirir: Dohada dünyanın ən iri restoranlarından biri olan “Nobu”, iki “Gordon Ramsay” restoranı, bərpa edilmiş “Ritz-Carlton” otelində isə bu ilin əvvəlində açılmış dəbli ziyafət otağı, “steyk-house” yerləşir. Ənənəvi Qətər yeməklərini Kornişə açılan mənzərəyə malik “Al Mourjan” restoranında dadmaq mümkündür. Yaxud “Souq Waqif”in lap mərkəzində yerləşən “Shay Al Shoomos” restoranında Yaxın Şərq mətbəxindən və ənənəvi ərəb qəhvəsindən zövq ala bilərsiniz.

Souq Waqif”in izdihamlı küçələrində yerli mədəniyyət və memarlıqla tanış olmaq, həmçinin əsl Şərq bazarı ruhunu duymaq mümkündür. Ticarət köşklərinin labirintində Yaxın Şərqin zəngin olduğu hər şey var. “Souq Waqif”in yaxınlığında qızıl və qızılquş bazarları da yerləşir. Turistlər yerli koloriti hiss etməkdən ötrü “Embrace Qatar tour” tanışlıq turu da götürə bilərlər.

Ənənəvi “dou” qayığında səyahət edərkən Qətərdə gəmiçiliyin zəngin tarixinə toxunmuş olacaqsınız. Yaxud Kornişin sahilboyunda gəzinti zamanı siz şəhərin mənzərəsindən zövq alacaqsınız.

Əgər sizin 48 saat vaxtınız varsa

Macəra axtaranlar öz səhərlərinə sahil boyundakı Al-Hor şəhərindən şimalda yerləşən Al-Takiranın manqra meşələrində kayakinqlə məşğul olmaqla başlaya bilərlər. Yaxud Dohanın mərkəzi hissəsində Korniş sahilboyunda təklif edilən su idmanı növlərində özlərini sınaya bilərlər.

Manqra meşələrinə səfərdən sonra şəhəri ziyarət etmək üçün ekskursiyaya yollanın. Daha sonra 2018-ci ildə 10 yaşı tamam olan məşhur İslam İncəsənəti Muzeyinə gedin. Muzeyin memar Bey Yuymin tərəfindən layihələndirilən orijinal ekspozisiyalarında islam mədəniyyətinin son 14 əsrdə yaradılan dünya əhəmiyyətli çox gözəl əsərləri təqdim edilir.

Khor Al Udeid

İkinci gün siz şəhərdən cənubda yerləşən, UNESKO-nun Dünya İrsi Siyahısına əlavə olunmuş “Khor Al Udeid” (“Daxili dəniz”) təbiət qoruğunu ziyarət edə bilərsiniz. Bu, dənizin səhranın dərinliyinə daxil olduğu dünyanın iki yerindən biridir. Həmin sakit su açıqlığına yol yoxdur. Buraya yalnız qum təpələri ilə gəlmək mümkündür.

Daxili dəniz”ə səfəri ekstremal safari turu ilə də birləşdirmək olar. Dəvə belində gəzin, sendbordla, yaxud baggi avtomobilinin sükanı arxasında qum təpələrinin üzərindən keçin, həmçinin səhrada valehedici qüruba tamaşa edin və ya ulduzlu səma altında barbekünün dadına baxın.

Əgər sizin 72 saat vaxtınız varsa

Banana Island Resort Doha”nı öyrənməyə də vaxt ayırın. Dohanın mərkəzində, sahilboyu yaxınlığında yerləşən “Anantara” şəbəkəsinin beşulduzlu kurortunun üzən villasında özünüzə zövq verin. Müxtəlif su idmanı növləri ilə, o cümlədən sörfinq və dayvinqlə məşğul olmaq üçün ideal yer olan bu kurorta şəxsi katamaran vasitəsilə getmək mümkündür. Kurortun ərazisində, həmçinin boulinq, kinoteatr və Yaxın Şərqdə geniş botanika bağları arasında istirahət zonasında yeganə olan sağlamlıq mərkəzi yerləşir.

İkinci gün Doha limanına qayıdın və şimala, UNESKO-nun Dünya İrsi Siyahısına əlavə edilmiş arxeoloji qazıntılar obyektinə – “Al Zubarah Fort”a, yaxud qərbə, Şaxaniyyədə dəvə yürüşlərini (mövsümündə) izləməyə, sonra da Zekrit yarımadasına gedin. Burada toxunulmamış çimərliklər, küləkli qayalar və Riçard Serranın təsir bağışlayan “Şərq-Qərb/Qərb-Şərq” abidəsini görmək mümkündür.

Sonra gününüzü dünyada ilk tematik parkda – 17 min kvadratmetrlik sahədə yerləşən, cizgi filmləri blokbasterləri mövzusunda attraksionların, o cümlədən çimərliklərin və batut parkının olduğu “Angry Birds World”də keçirin.

“Education City”

Səfərinizin üçüncü günü isə Dohadakı innovasiyalı “Education City” qolf klubuna yollanın. Klub ultramüasir avadanlıqla, o cümlədən hər zərbənin radarla izlənildiyi “TrackMan” kimi texnologiya ilə, həmçinin “PowerTee” – qolf üçün nəzərdə tutulan, maili istiqamətdə vurulan zərbələrin təqlidi üçün mütəhərrik döşəməyə malik yaşıl meydança ilə təchiz olunub.

Sonuncu günü Dohada keçirin. Hovuz kənarında dincəlin və yaxud təmtəraqlı SPA-salonlardan birində, məsələn, bazarın yaxınlığında yerləşən yeni “Mandarin Oriental” otelində və ya Dohada ən iri olan “Sharq Village & Spa Ritz-Carlton” kurort otelində prosedurlardan zövq alın.

Dohadan çıxmazdan əvvəl mütləq “Katara Cultural Village” etnoqrafiya kəndini ziyarət edin. 150-ci ildən başlayaraq “Katara” Qətər yarımadası üçün coğrafi və tarixi xəritələrdə göstərilən ən birinci və qədim ad olub.

Katara” etnoqrafiya kəndi yerli sakinlərin və turistlərin on əsrlərdir ki, Qətərdə inkişaf edən Qədim Şərq mədəniyyətinə cəlb etməkdən ötrü xüsusən yaradılıb. Burada gəzərkən kiçik dükanları da ziyarət etmək, keyfiyyətli yerli mirvari və müxtəlif əyarlı qızıl bəzək əşyalarını münasib qiymətə almaq olar. Ərazidə Qətər mətbəxinin ənənəvi təamlarının təklif edildiyi restoranlar çoxdur. Bu restoranlar digərlərindən müxtəlif dadların zənginliyi ilə seçilir.

Kənd səliqəli “Katara beach” çimərliyi sayəsində də paytaxtın qonaqları arasında populyardır. Uşaqlar da yaddan çıxarılmayıb. Burada azyaşlılar onlar üçün tikilən böyük meydançada hansısa idman növü ilə məşğul ola və yaxud sadəcə suda əylənə bilərlər.

Bundan başqa, böyüklərə hava ilə doldurulmuş qayıqda gəzinti, vindsörfinq və su xizəyi ilə məşğul olmaq şansı verilir. Həmçinin hər kəsə balıqçı qismində hansısa ekzotik balığı tutmaq və sadəcə şən və maraqlı vaxt keçirmək imkanı yaradılır.