Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sənayesinin nümayəndələrinə müraciət edib.
Gezmeli.az xəbər verir ki, müraciətdə bu günlərdə dünyanın bir sıra çətinliklərlə üz-üzə qaldığı, COVID-19 virusunun yayılmasının bütün dövlətlərin sərhədlərinin bağlanmasına səbəb olduğu, habelə bir çox ölkələrin iqtisadiyyatına zərbə vurduğu qeyd olunur.
Müraciətdə deyilir: “Böhran nəticəsində dünya turizm sənayesi ən çox zərər görən sahələrdən biri oldu. Belə ki, bütün dünya üzrə hotellər bağlanır, turizm agentlikləri, sahibkarlar iflasa uğrayır, işçilər ixtisara salınır. Təəssüf ki, qlobal turizm sənayesinin bir hissəsi olmaqla Azərbaycanın turizm sahəsi də itkilər vermək məcburiyyətində qalır. Biz ümumi vəziyyətdən xəbərdarıq, sənayedən daxil olan, həmçinin sizinlə mütəmadi keçirdiyimiz görüşlər zamanı aldığımız məlumatlara əsasən Azərbaycanda turizm biznesində proseslərin müvəqqəti olaraq dayandırılması və işçilərin ixtisar edilməsi faktları ilə tanışıq. Əlbəttə, bu, çox ağır və təəssüfləndirici haldır. Hələ ilin əvvəlində Prezident İlham Əliyev turizm sahəsinin neft-qaz sənayesindən sonra iqtisadiyyatın ikinci gəlirli sahəsi olduğunu vurğulayaraq uğurlarımızı qeyd etmişdi. Biz birgə səylərimizin nəticəsində ildən-ilə Azərbaycana daha çox turistin cəlb olunmasına, ölkədə daxili turizmin inkişafına, infrastrukturun genişlənməsinə və ən əsası yüksək ixtisaslı kadrların hazırlanmasına nail olmuşuq. Hazırkı qlobal böhrandan da, bu çətin vəziyyətdən də məhz birgə səylərimiz nəticəsində çıxa bilərik.
Hər kəsə məlumdur ki, turizm sahəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim xüsusi diqqət və qayğı göstərdiyi bir sahə olub və olmaqda da davam edir. Biz həmişə hər sahədə bu dəstəyi hiss etmişik və inanırıq ki, yenə hiss edəcəyik.
Tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün dövlət başçısı tərəfindən hökumət strukturlarına yaxın günlərdə təkliflər paketinin hazırlanması tapşırılıb.
Prezident İlham Əliyevin tapşırıqları çərçivəsində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən də digər dövlət strukturları ilə birgə Azərbaycan turizm sənayesinin dəstəklənməsi üzrə təkliflər paketi hazırlanaraq hökumətə təqdim edilib.
Hazırda hamımız üçün ən əsas amil bu sahədə fəaliyyət göstərən hər kəsi dəstəkləməkdir. Təbii ki, yüksəkixtisaslı kadrların itkisi bizim sənaye üçün böyük ziyan deməkdir. Biz buna yol verə bilmərik. Biz – dövlət sektorunun təmsilçiləri və siz – sahibkarlar bu günlərdə vəziyyətin və qəbul edilmiş qərarların məsuliyyətini anlayaraq davranmalı, turizm sənayesinin, ölkənin və vətəndaşların rifahı naminə birlikdə olmalıyıq. Buna görə də hər birinizi bu və ya digər qərarları qəbul edərkən sosial məsuliyyəti dərk edərək addım atmağa səsləyirik. Sevindirici haldır ki, artıq bir sıra sahibkarlar iş yerlərinin saxlanması ilə bağlı bizim tövsiyələri nəzərə almaq barədə qərar qəbul ediblər. Qeyd etməliyik ki, XXI əsrin əvvəllərindən dünya turizm sənayesi artıq bir neçə dəfə qlobal böhranla üzləşib. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonrakı dövrü, 2003-cü ildə SARS epidemiyasını, həmçinin 2009-cu ildə qlobal iqtisadi böhranı buna misal çəkmək olar. Azərbaycanın turizm sahəsi çox gənc olduğundan biz hələ bu cür böhran vəziyyətlərdən keçməmişik. Ancaq yeni dünya sistemi göstərir ki, hər böhrandan sonra turizm bərpa olunur və daha da sürətlə inkişaf edir. Şübhəsiz, bu dəfə də belə olacaq. Böhran mütləq surətdə keçəcək. Biz bu böhrandan birgə səylərimiz nəticəsində çıxacağıq. Əlbəttə, biz peşəkar kadrlarımızı qoruyub saxlaya bilsək, bu proses daha effektiv olmaqla daha qısa müddətdə baş verəcək”.
Sonda Fuad Nağıyev turizm təmsilçiləri və turizm sənayesinin üzvlərini Novruz bayramı münasibətilə təbrik edib.