PAYLAŞ
Dubay

Sonuncu statistikaya görə, 2019-cu ilin yanvar-iyun ayları dövründə Dubayda azı bir gün qalan turistlərin ümumi sayı 8,36 milyon adam təşkil edib ki, bu da ötən ilin analoji dövründəkindən 3 faiz çoxdur.

Dubay Turizm və Kommersiya Marketinqi Korporasiyasından bildiriblər ki, 2019-cu ilin birinci yarısında Əmirliyə gələn turistlərin sayına görə ilk üç yeri Hindistan (997 min turist), Səudiyyə Ərəbistanı (775 min turist) və Böyük Britaniya (586 min turist) tutublar.

“Expo-2020” və Azərbaycanın “gələcəyi üçün toxumlar”

Expo-2020” sərgisi kimi beynəlxalq miqyaslı bir tədbirin ilk dəfə bu regionda keçirilməsi ətrafında müzakirələr bu ilin ən maraqlı mövzulardan biri olub. 2020-ci ilin oktyabrından başlayaraq, Dubay dünyanın hər yerindən qonaqlar qəbul edəcək. Müxtəlif ölkələrin insanları bir gün ərzində 60-dan çox müxtəlif tədbir sayəsində Əmirliyin və sərginin iştirakçıları olan ölkələrin mədəni irsi, onların unikal pavilyonu ilə yaxından tanış olacaqlar.

Sərginin “Zəkamızı birləşdirməklə gələcəyi yaradırıq” mövzusuna müvafiq olaraq, məxsusi olaraq “Expo” üçün inşa edilmiş “District-2020” rayonunun bütün ərazisi “İmkan”, “Mobillik” və “Dayanıqlılıq” adlandırılan üç tematik məkana ayrılacaq. Artıq 192 ölkə, o cümlədən Azərbaycan bu tədbirdə iştirak edəcəyini təsdiqləyib. Özü də “Expo”nun bütün 168 illik tarixi ərzində ilk dəfə hər bir iştirakçı ölkə sərgidə öz pavilyonu ilə təmsil olunacaq.

Azərbaycan pavilyonunun dizaynı İtaliyanın “Simmetrico” şirkəti tərəfindən yerinə yetirilib. “Expo Milano 2015” üçün Azərbaycan pavilyonunu da məhz bu şirkət yaradıb. “ıDeas” arxitektura şirkəti və “SCE Project” injinirinq şirkəti də bu layihənin icrasına qoşulublar. Azərbaycanın “Seeds for the future” (“Gələcək üçün toxumlar”) adlı pavilyonu dayanıqlı inkişafa həsr olunmuş tematik zonada yerləşəcək.

Pavilyon ətraf mühit və təbiət irsi nəzərə alınmaqla layihəndirilib: Azərbaycan dünyada biomüxtəlifliyin 25 mərkəzindən biri hesab olunur. “Simmetrico”nun prezidenti Daniele Zambelli deyib: “Bizdən Azərbaycanın gələcəyə istiqamətləndiyini və onun gələcək üçün toxumların məhz indi səpildiyini anladığını əks etdirən məkan yaratmağı xahiş etdilər. Biz lap yaxşı bacardığımız bir iş gördük, tarixi vizuallaşdıraraq onu arxitektura və dizaynda əks etdirdik”.

Gözlənildiyinə görə, sərginin davam edəcəyi yarım il ərzində buranı təqribən 25 min qonaq, əsasən, əcnəbilər ziyarət edəcəklər. Tədbir sayəsində təqribən 905 200 iş yeri yaradılacaq. İqtisadi proqnozlara görə, sərginin Birləşmiş Ərəb Əmirliklərinin ümumi daxili məhsuluna töhfəsi illik göstəricinin 1,5 faizini təşkil edəcək. Beynəlxalq miqyaslı bu hadisə ölkə iqtisadiyyatının bir çox sektorlarının inkişafına güclü təkan verəcək.

Sərgi başa çatandan sonra “Expo” ərazisi yenidən qurulacaq, obyektlərin 80 faizindən çoxu saxlanılacaq və təkrar istifadə olunacaq. Məsələn, Dubay Sərgi Mərkəzi (DEC) müxtəlif növ işgüzar tədbirlərin keçirilməsi üçün əsas məkana çevriləcək.

Dubay metropolitenin yeni “Route” xəttinin açılması da “Expo-2020”yə həsr olunub. Bu xətt sərgi kompleksini meqapolisin digər rayonları ilə birləşdirəcək.

Qeyd edək ki, 2020-ci il “Expo” sərgisinin tərəfdaşları arasında “Emirates”, “Accenture”, “Cisco”, “Mastercard”, “Nissan”, “Pepsico”, SAP, “Siemens”, “Emaar”, UPS və s. kimi qlobal şirkətlər var.

Dubay çox vaxt turistlərdə sırf bahalı istirahət, bahalı restoran və otellərlə assosiasiya olunur. Lakin son vaxtlar Əmirliyin turizm təmsilçiləri qonaqların büdcələrinin və tələbatının müxtəlif olduğunu nəzərə alaraq turizmin inkişafına yönəldilmiş bir sıra tədbirlər görüblər. Belə ki, Əmirlikdə münasib qiymətlər təklif edən otellərin sayı artıb. 2019-cu ilin yanvar-iyun ayları dövrü üçün məlumata görə, Dubayda ümumi fondu 118 209 nömrə təşkil edən 711 otel və mehmanxana işləyir ki, bu da ötən ilin analoji dövründəkindən 6 faiz çoxdur. Hazırda Dubayda 118 beşulduzlu147 dördulduzlu otel fəaliyyət göstərir. Otel fondunun qalan hissəsini 1-3 ulduzlu otellər təşkil edir ki, onların da ümumi sayı 255-ə çatır. Gecələmənin orta qiyməti 422 BƏƏ dihrəmi (təqribən 114 dollar) təşkil edir, 2019-cu ilin hesabat dövründə otel və mehmanxana otaqlarında məskunlaşma 74 faiz təşkil edib.

ABŞ-ın “Caesars” brendinin “Caesars Palace Bluewaters Dubai” (beşulduz, 194 nömrə) və “Caesars Bluewaters Dubai” (beşulduz, 301 nömrə) kurortlarının açılmasını Dubayın otel təklifləri arasında ən parlaq yeniliklərdən biri saymaq olar.

Emaar Hospitality Group” qrupuna daxil olan “Rove” brendinin aşağı büdcəli otelləri ayrıca söhbətin mövzusudur. Bu üçulduzlu otellər mövqeyinə, dizaynına və münasib qiymətlərinə görə sürətlə qonaqlar arasında populyarlaşıb. Burada bir gecə üçün 99 dirhəmə (təqribən 25 dollar) nömrə sifariş etmək olar.

Fırlanan göydələn və gələcəyin muzeyi

Əmirlik durmadan inkişaf edir və genişlənir. Burada “Expo-2020” sərgisinə hazırlıq işlərinin aparılması ilə yanaşı, yeni unikal görməli məkanlar və mədəniyyət obyektləri açılır. “Dubai Creek Tower” adlı yeni arxitektura qurğusu tezliklə dünyanın ən hündür binası adını daşıyacaq. “Dubai Creek Harbour” rayonunun mərkəzində yerləşəcək binada meqapolisi ovuc içi kimi göstərən bir neçə müşahidə meydançası olacaq. Açılışı 2020-ci ildə planlaşdırılan bu qüllənin Dubayın rəmzinə çevriləcəyi gözlənilir.

2020-ci ildə Dubayda açılması planlaşdırılan maraqlı obyektlərdən biri də “The Dynamic Tower” (“Fırlanan göydələn”) göydələnidir. 80 mərtəbədən ibarət binada dünyada ilk hərəkətli yaşayış konstruksiyası yaradılır. Binanın hər mərtəbəsi mərkəzi oxun ətrafında sərbəst fırlanacaq. Fırlanmanın sürətini və mənzillərinin yerini sakinlər tənzimləyəcək.

The Museum of the Future” (“Gələcəyin muzeyi”) də ən çox gözlənilən layihələrdən biridir. Kainatın rəmzi olan torus formasında inşa edilmiş bu futuristik binanın zahiri görünüşü gözü xatırladır. Burada innovativ texnoloji layihələr nümayiş etdirilməklə bərabər, həm də sınaqdan keçiriləcək.

Ultramüasir “Coca-Cola Arena” stadionu ən mühüm yeniliklərdən biridir. 117 min tamaşaçı yeri ilə təchiz edilmiş çoxfunksiyalı qapalı məkanda konsertlər, idman yarışları, sərgilər, konfranslar, festivallar, habelə qala-şam yeməkləri və qapalı tədbirlər keçiriləcək. Sahəsi 46 min kvadratmetr olan stadion Dubayın düz mərkəzində – “City Walk” ticarət rayonunda yerləşir və rahat şəkildə Dubay metropoliteni ilə birləşir.