Ev Turizm Xəbərləri Dubaya qayıdış

Dubaya qayıdış

Dubay

Bir dəfə səfər etdikdən sonra oraya yenidən qayıtmaq istədiyin yerlər dünyada az deyil. Görünür, azərbaycanlılar üçün bu siyahıya populyar istiqamətlərdən biri olan Dubay asanlıqla başçılıq edə bilər. Bu şəhər buraya gələn heç kimi darıxmağa qoymur. Adama elə gəlir ki, müasir dövrün bütün görməli yerləri burada cəmlənib. Lakin Dubay burada əmələ gələn yeniliklərin siyahısını görünməmiş sürətlə hər il artırır. Əmirliklər artıq illərdir ki, dünyada modanın qanunvericisi kimi qəbul edilir. Buna görə də moda aləmində tendensiyalardan xəbər tutmaq istəyən turistlərin hər il bu şəhərə qayıtmaqdan başqa əlacları qalmır.

“La Mer” – zavod borularının simfoniyası

Dubay xırdaçılıqlara öyrəşməyib. Praktik olaraq hər il burada təkcə görməli yerlər deyil, həm də spesifik xüsusiyyəti olan və estetik bəzədilmiş bütöv məhəllələr yaradılır. Biz artıq ötən il şəhərin mərkəzində yerləşən “Business Bay” işçi məhəlləsindən və “City Walk” moda məhəlləsindən danışmışdıq. İndi isə Ərəb körfəzinin sahilində yerləşən “La Mer” (fransızcadan tərcümədə “dəniz”) adlı qeyri-adi kurort zonası barədə söhbət açmaq istəyirik. Kurort şəhərdən kənarda, dəbdəbəli “Pearl Jumeirah” və “Jumeira Bay” rayonlarının arasında yerləşir.

“La Mer”də 130-dan çox mağaza, kafe və restoran yerləşir. İstirahət edənlərə “Laguna” akvaparkı, 2,5 kilometr uzunluğunda çimərliklər, uşaq meydançaları və müxtəlif cür əyləncələr, o cümlədən regionda ilk sörfinq parkı xidmət göstərir.

Yeni ərazinin əsas xüsusiyyəti onun sənaye zonası kimi başa düşülən qeyri-adi tərtibat üslubudur. ABŞ-da və Avropada baxımsız qalmış sənaye obyektlərinin yaradıcı peşələrin nümayəndələri tərəfindən kirayəyə götürülərək onları studiyalara və art-meydançalarına çevirməsi kimi misallar az deyil. Bu zaman əvvəlki sənaye zonasının estetikasının saxlanılması məkana xarakterik gözəllik verir.

La Mer”in mərkəzi hissəsindəki obyektlərin əksəriyyəti: kobud şəkildə hörülmüş divarlar, tirlər, borular, paslanmış pilləkənlər, metal armaturlar, su qüllələri art-sənaye üslubuna yaxşıca uyğunlaşdırılıb. Bütün bunlar hay-tek stilinin elementləri və müasir rahatlıqla ahəng təşkil edir. Hər yerdə maraqlı instalyasiya, kiçik fəvvarələr və bağçalar görmək mümkündür.

Tərtibata baxmayaraq, “La Mer” ailəvi istirahət üçün tam uyğundur. Burada ən gənc ziyarətçilərə xüsusi diqqət ayrılıb. Uşaqlar üçün hərəkət edən ekskavator və qaldırıcı kran modellərinin olduğu tikinti meydançası nəyə desən dəyər. Hansı balaca oğlan ekskavator sürmək, çalov ilə çuxur qazmaq və ya kranın operatoru olmaq, bir sözlə özünü əsl inşaatçı kimi hiss etmək istəmir?! Bu, sizin üçün qumluqda qurdalanmaq deyil!

Yaponiyanın ictimai parklarında geniş yayılan və Şərqi Asiyanın hüdudlarından kənarda ilk dəfə quraşdırılan hava ilə doldurulmuş “Hawa Hawa” meydançası da kiçik ziyarətçilərə çox maraqlı gəlir. Ərazisi demək olar ki, təpələri olan enli talaya bənzər nəhəng batutla döşənib. Burada təhlükəsiz atılıb-düşmək və oynamaq mümkündür.

Yeni rayonun (“Meraas” holdinq) müəlliflərinin sözlərinə görə, “La Mer”ə mağazalar, kafe və restoranlar əlavə edilərək daha genişlənəcək. Burada, həmçinin süni yaradılan iki yarımadada otel və yaşayış kompleksinin tikintisi planlaşdırılır.

Buraya necə getmək olar: dənizin kənarında yerləşməsi heç də şəhərdən aralı olması mənasını vermir. “La Mer” rayonuna “Business Bay” metro stansiyasından (“Bürc-Xəlifə”/“Dubai Mall”la qonşu stansiya) 9 nömrəli avtobusla çox asanlıqla, təxminən 20 dəqiqə ərzində çatmaq olar. Lakin taksi ilə bu yolu daha tez qət etmək mümkündür.

Yeni tərzdə özbək mətbəxi

Dəniz dalğalarının sədaları altında proletar eklektikliyindən doyunca həzz aldıqdan sonra biz yaxınlıqdakı “OSH” restoranında yemək qərarına gəldik. Burada müasir interpretasiyada ənənəvi özbək mətbəxi təqdim olunur (“oş” elə Azərbaycanın “aş”ıdır, yəni “plov”). İlk belə restoran Londonda, indi isə Dubayda açılıb.

Maraqlıdır ki, restoranın menyusundakı bütün yeməklər orijinal resept üzrə hazırlanır, “interpretasiyanın müasirliyi” isə süfrəyə verilmə tərzində, qabın formasında və digər üslub nüanslarında ifadə olunur. Hətta restoranın mətbəxindəki aşpazların bəziləri özbəklərdir, ərzaqların xeyli hissəsi birbaşa Özbəkistandan gətirilir.

Restoranın binası ən müasir stildə yaradılıb və “La Mer” rayonunun bəzəyinin ümumi konsepsiyasından azacıq da olsa kənara çıxmır. Şəhər landşaftının üfüqünə doğru uzanan mənzərəli açıq terrasda oturaraq yemək sifariş verdik.

Özbək mətbəxinin Azərbaycan mətbəxi ilə oxşarlığı çoxdur. Bu səbəbdən də çox fikirləşmədən biz əvvəlcə plov və lülə kabab sifariş etdik. Əsas xörəkləri gözləyərkən biz özbək samsasının və çeburekisinin dadına baxmaq qərarına gəldik. Samsa ətli və kartoflu içliklə pirojkini xatırladır. Çebureki isə bizim ətli qutabın demək olar ki, eynisi imiş. Fərq yalnız ondadır idi ki, çeburekini sacda yox, fritürdə qızardırlar.

Yeməklərin süfrəyə verilmə orijinallığını biz yalnız alkoqolsuz firma kokteyllərinin gətirildiyi zaman tam qiymətləndirə bildik. Belə ki, marakuyalı ekzotik kokteyl buzla doldurulmuş taxta qutuda verildi. Qutunun içərisinə marakuya meyvəsinin yarısı, moruq, darçın çubuğu və bir az tər nanə (kokteylin əsas inqrediyentləri) qoyulur. Maye özü laboratoriya kolbasını xatırladan qabın içindədir. Konstruksiyada ayrılan xüsusi oyuq buzla doldurulub. Hər hansı başqa yerdə bu cür qəliz təqdimat bizi çox təəccübləndirərdi, “La Mer” rayonu ərazisində yerləşən “OSH” restoranında isə belə olmadı, çünki burada son dərəcə harmonik görünürdü.

Buraya necə getmək olar: “La Mer” rayonunun şimal hissəsindəki 703-cü tikili hər gün səhər saat 7-dən gecə saat 2-dək işləyir.

“VR Park” – şəhərin iç üzü

Dubaya getmək və “Dubai Mall”da olmamaq – bunu təsəvvür etmək qeyri-mümkündür! Bakıda şəhər sakinləri və turistlər “Torqovaya” küçəsinə getməyə, özlərini göstərməyə və başqalarına baxmağa can atdıqları kimi Dubayda da buraya gedirlər. Dünyanın ən böyük ticarət-əyləncə kompleksi artıq çoxdan bəri coşqun şəhər həyatının gizli mərkəzinə çevrilib. Biz, həmçinin nəzakət xatirinə də bunu etməliydik, özü də buna səbəb vardı – “Dubai Mall”da ilk dəfə olaraq Yaxın Şərqdə və dünyada “VR Park”, başqa sözlə, həm virtual, həm də reallıqlarla dolu park açılmışdı.

Yeddi min kvadratmetr sahəyə malik parkın sahibi əyləncələr, asudə vaxt konsepsiyasının və regionda pərakəndə satışın banisi “Emaar Entertainment” şirkətidir ( “Dubai Mall”u və “Bürc-Xəlifə”ni məhz “Emaar” idarə edir).

Parkın girəcəyində qonaqları onlarda maraq oyada biləcək instalyasiya qarşılayır: divara və tavana ziyarətçilərin başları üstündə şəhərin “Bürc-Xəlifə” və digər göydələnlərinin bərkidildiyi maketi sallanıb. Burada müəlliflərin dəstxəti aşkar hiss olunur: başgicəlləndirici macəralara hazır olun!

İki səviyyədə yerləşən “VR Park” adrenalin əyləncələri həvəskarlarını həqiqətən heyrətə gətirən attraksionlar təklif edir. Bunların klassik attraksionlardan əsas fərqi ondadır ki, əksər hallarda sizə eynək geyinmək lazım gələcək. Belə ki, “Amerika təpəcikləri”ndə əylənərkən siz parkın interyerini deyil, deyək ki, Dubayın gələcəyini, məsələn, 2050-ci ildə (“Dubai Drone” attraksionu) təxminən hansı vəziyyətdə olacağını görə bilərsiniz. “Burj Drop” qüllə attraksionunun sərbəst düşmə ssenarisi isə hər kəsə özünü “Bürc-Xəlifə” göydələninin şüşələrinin təmizləyicisi qismində təsəvvür etməyə şərait yaradır. Lakin bir an hər şey olduğu kimi getmir, burazlar bir-birinin ardınca qırılır və siz dünyanın ən hündür binasından aşağı uçursunuz. Bu cür əyləncələr kifayət qədərdir: əqrəb, ilan və digər həşəratların qaynaşdığı səhrada cip sürmək, özünü bolidin pilotu hesab etmək və ya simulyatorda paraşütlə tullanmış kimi hiss etmək mümkündür. Bəzi attraksionlarda eynəklə yanaşı, sizə coystiklər də verilir. Onların köməyi ilə silahı seçə və silahdan istifadə edə, ssenaridə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirə bilərsiniz.

Beləliklə, müxtəlif yaşlarda olan ziyarətçilər bu parkda özlərinə maraqlı əyləncələr tapa bilərlər. Bununla yanaşı, attraksionların əksəriyyəti virtual məkanda eyni vaxtda bir neçə istifadəçi üçün nəzərdə tutulub.

Lakin bunun bir əmması var: əgər siz 3D-yə həssassınızsa, o zaman üçölçülü attraksionlara həddən artıq aludə olmayın, vestibülyar aparatı yükləməməkdən ötrü fasilələr edin.

Buraya necə getmək olar: park “Dubai Mall”da, 2-ci səviyyədə yerləşir. İş vaxtları: şənbə-cümə axşamı – 09:00-12:00-dək; cümə – 09:00-01:00-dək. Biletlərin qiyməti 110 dirhəmdən başlayır (hər hansı 7 attraksiondan istifadə seçimə görədir).

“Bürc-Xəlifə” “At the Top” – başınız buludlara dəyir

Müşahidə meydançalarının ziyarəti hər hansı şəhər ilə tanışlıqda ayrılmaz bənddir. Xüsusən Dubayda, dünyanın ən hündür göydələni – “Bürc-Xəlifə”nin zirvəsindən ətrafa diqqət yetirmək mümkün olan məkanda. “At the Top” adlanan bu xidmət turistlər arasında çox populyardır. Əslində “Bürc-Xəlifə”də bir neçə ümumi müşahidə meydançası var. Bu sıraya 124-cü və 125-ci mərtəbələrdə və 148-ci mərtəbədə (“At the Top SKY”) olanlar daxildir. İkincisi dünyada ən hündür müşahidə meydançası hesab edilir. Təbii ki, bu meydançalara biletlərin dəyəri müxtəlifdir: müvafiq olaraq, 141 dirhəmdən 370 dirhəmədək.

Bütün ekskursiya boyunca sizi göydələnin inşası barədə audiovizual məlumat müşayiət edir. Belə ki, sürətli liftdə qalxan zaman multimedia təqdimatında Dubayın təsirbağışlayıcı tarixi və göydələnin tikintisindən danışılır.

2004-cü ildə başlayan tikinti işləri rekord sürətlə gedib: ilk üç il ərzində artıq 150 mərtəbə hazır olub. Qüllənin təntənəli açılış mərasimi 2010-cu ildə təşkil edilib. Dubayın işgüzar həyatının episentri olan bu binada hazırda qlobal şirkətlərin ofisləri, şəxsi iqamətgahlar və otellər yerləşir.

Dünyanın ən hündür binası olan “Bürc-Xəlifə” (828 metr – qüllənin şpilini 95 kilometr məsafədən görmək mümkündür) ən çox mərtəbəsinə, ən uzun distansiyaya malik liftinə və hündürdə yerləşən şəxsi iqamətgahlarının sayına görə Ginnessin Rekordlar Kitabına daxil edilib.

Dünyanın ən sürətli ikipalubalı lifti saniyədə 10 metr sürətlə ziyarətçiləri bir göz qırpımında 125-ci mərtəbəyə qaldırır. Orada dəniz səviyyəsindən 456 metr hündürlükdə şəhərin dairəvi panoramından zövq almaq mümkündür. Buludsuz günlərdə isə hətta ucsuz-bucaqsız səhra mənzərəsini də izləmək olar.

Əgər siz 148-ci mərtəbəyə bilet almısınızsa, o zaman lift sizi 555 metr yüksəkliyə qaldıracaq, orada sizi bələdçinin müşayiəti ilə ekskursiya, həmçinin geniş hollda sərinləşdirici içkilər gözləyir. Bundan sonra istəsəniz, liftdən istifadə edərək 124-cü 125-ci mərtəbələrdəki meydançaya baş çəkə bilərsiniz.

“Rove Dubai Marina” – cəlbedici otel

Emaar” şirkəti “Dubai Mall” və “Bürc-Xəlifə” kimi irimiqyaslı layihələri idarə etməklə bərabər, həm də aşağıbüdcəli müəssisələrlə məşğul olur. Onların sırasında olan “Rove” yeni otellər şəbəkəsi münasib qiyməti və yüksək səviyyəli xidməti ilə bizi heyrətləndirdi.

Bizə “Rove Dubai Marina” otelində iki gecə keçirmək nəsib oldu. Otel şəhərin eyniadlı rayonunda, “Jumeirah Lake Towers” metro stansiyasından piyada təxminən 15 dəqiqəlik məsafədə yerləşir. Bununla yanaşı, otel üçulduzludur, bahalı deyil və olduqca orijinaldır. Burada hər bir xırdalıq nəzərə alınıb, hər detala diqqət ayrılıb.

Otelin müasir interyeri orijinal aksesuarlarla (vestibüldə yanacaq çəlləyi və qraffiti, yaxud divarda işıqfor – necədir?) və maraqlı yazılarla bəzədilib. “Bu, yəqin ki, həmin yer olmalıdır”, “Mən burada olmuşam”, “Yu və get, işinlə məşğul ol” (camaşırxanada) və s. kimi maraqlı sözlər ziyarətçilərin əhval-ruhiyyəsini qaldırmaq üçün nəzərdə tutulub.

Otelin işıqlı və lazımınca geniş nömrələri, rahat vanna otağı var. Çarpayılardakı döşəklərin dizaynı istirahət üçün xoş əhval yaradır, hər otaqda smart-televizor qoyulub. Səhər yeməkləri doyumlu və müxtəlif çeşidlidir.

Mehmanxanada hovuz, gecə-gündüz fəaliyyət göstərən fitnes mərkəzi, fasiləsiz işləyən ərzaq mağazası, ödənişsiz camaşırxana, saxlama kamerası və digər rahatlıqlar mövcuddur. Razılaşın ki, iki adamın bir gecə qalması təqribən 40 avro olan bir otel üçün bu şərait heç də pis deyil?!

Sözardı əvəzi

Dubaya səyahətimiz hələ başa çatmayıb. Gələn reportajımızda biz sizə Dubayın tam mərkəzində açılan ekzotik heyvanların olduğu yeni “Green Planet” tropik atriumu, “Platinum Heritage” şirkəti tərəfindən təklif edilən səhrada dəvə karvanı ilə müşayiət olunan safari səyahəti barədə, “IMG Worlds of Adventure” attraksionlar parkına ziyarət və s. barədə danışmağı planlaşdırırıq.