“The Restaurant” jurnalı 2002-ci ildən etibarən müxtəlif ölkələrdən olan 800-dən artıq aşpaz, restoran sahibi və tənqidçinin rəyi əsasında dünyanın ən yaxşı restoranlarının siyahısını hazırlayır.
Jurnalın tərtib etdiyi 2019-cu ilin ən yaxşı 10 restoranının siyahısını təqdim edirik:
1. “Mirazur” (Menton, Fransa)
Argentinalı baş aşpaz Mauro Kolaqrekonun Fransanın Menton şəhərində yerləşən “Mirazur” restoranı “The Restaurant” jurnalının reytinqində ilk pillədə qərarlaşıb.
Restoran Fransız Riverasına açılan gözəl mənzərəsi, öz bostanı və balıq yeməklərinin üstünlük təşkil etdiyi unikal mətbəxi ilə tanınır.
İaşə müəssisəsi 2006-cı ildə açılıb və artıq üç il sonra yüksək reytinq qazanıb. O, 2019-cu ildə “Michelin”in üçüncü ulduzuna da layiq görülüb.
2. “Noma” (Kopenhagen, Danimarka)
Danimarkanın tez-tez ilk onluğa düşən “Noma” restoranı bu il ikinci yerə layiq görülüb. Ona “Mişlenin qırmızı bələdçisi”ndə üç mümkün ulduzdan ikisi verilib.
“Noma” restoranı Kopenhagenin mərkəzində Kristianshavn rayonunda yerləşən kanalın sahilindəki köhnə anbarın binasında yerləşir.
Bu restoranda Skandinaviya mətbəxi təqdim olunur. Onun əsasını Rene Redcepi və Klaus Meyer qoyublar.
“Noma” mətbəxini əslində klassik deyil, şimal mətbəxinin müasir interpretasiyası kimi qəbul etmək olar. Burada digər yeməklərlə yanaşı, mamır, şibyə və sümük iliyi də verilir.
3. “Asador Etxebarri” (Açondo, İspaniya)
“Asador Etxebarri” Aşpe-Açondo kəndində yerləşən kiçik restorandır.
Onun baş aşpazı Viktor Arqinsonis bu sənətin sirlərinə özü yiyələnib. O, basklar ölkəsinin mətbəx ənənələrini gözləməklə, sadə, lakin olduqca dadlı yeməklər hazırlayır.
Viktor müxtəlif kömür və odun növlərini sınaqdan keçirməklə, ocaqda yemək bişirməyə xüsusi üstünlük verir.
4. “Gaggan” (Banqkok, Tailand)
Tailandda, Banqkokda yerləşən “Gaggan” restoranı molekulyar mətbəxi ilə tanınır. Restoranın baş aşpazı hindistanlı Qaqqana Anandadır.
Onun daxili dekoru ağ və bej rənglərinin bir-biri ilə ahəngdarlıq təşkil etdiyi qammaya malikdir, lakin restoran əlavə olaraq müxtəlif rəngli kiçik yastıqlarla da bəzədilib.
Restoran özü iki mərtəbəli olmaqla, kiçik qapalı otaqlara bölünür.
5. “Geranium” (Kopenhagen, Danimarka)
Danimarkanın ən məşhur restoranlarından biri olan “Geranium” konservləşdirilmiş yeməklərdən imtina edərək, yalnız təbii, təzə ərzaqlardan istifadə etməyi ilə seçilir.
Restoran Kopenhagenin ən gözəl yerlərindən biri olan Rozenborq Kral sarayının yaxınlığındakı “Kongens Have” parkında yerləşir.
Restoran 2012-ci ildə əla mətbəxinə görə Mişlen kateqoriyasının ilk ulduzunu alaraq, “The World’s 50 Best Restaurants” dünyanın ən yaxşı restoranları siyahısında yer almağa layiq görülüb.
6. “Central” (Limа, Peru)
Limanın ən yaxşı restoranlarından biri olan “Central” Larkomar ticarət mərkəzinin yaxınlığında yerləşir.
Restoranın baş aşpazı Virgilio Martines uşaqlıqda yaşadığı evi təmir edərək, onu özünün kulinar istedadının nümayiş məkanına çevirib.
Ustadın hər altı aydan bir menyunu əsaslı surətdə dəyişməyinə baxmayaraq, ona həmişə Amazon balıqları, çoşka və çəpiş əti daxil edilir.
7. “Mugaritz” (San-Sebastian, İspaniya)
“Mugaritz” baş aşpaz Andoni Luis Adurisin rəhbərliyi altında 1998-ci ilin martında açılıb. 2006-cı ildən isə dünyanın ən yaxşı restoranlarından biri hesab olunur.
O, ilk Mişlen ulduzunu 2000-ci ildə, beş il sonra isə ikinci ulduzunu alıb.
8. “Arpège” (Paris, Fransa)
“Arpege” Parisin Varenn küçəsində 1986-cı idə restoranın həm də baş aşpazı olan Alen Passar tərəfindən açılıb.
Restoran təzə tərəvəz və balıq assortisinə üstünlük verən müasir fransız mətbəxi ilə seçilir. Alen Passar yeməklərini bişirmək üçün yalnız öz bostanında yetişdirilmiş təzə, keyfiyyətli inqredientlərdən istifadə edir.
9. “Disfrutar” (Barselona, İspaniya)
“Disfrutar”ın müasir avanqard mətbəxi 18, 25 və 32 yeməkdən ibarət üç dequstasiya seti ilə təmsil olunur.
Bir səhifəlik menyuda izahat belə verilir: “Bizim məqsədimiz qastronomiya vasitəsilə təəccübləndirmək və ilhamlandırmaqdır. Sürpriz kulinar təcrübəsinin vacib hissəsidir, bu səbəbdən də biz setə daxil olan yeməklərin tərkibini açıqlamırıq. Kor-koranə şəkildə seçin, arxaya söykənin və həzz alın”.
10. “Maido” (Lima, Peru)
“Maido” restoranı dəbdəbəli Miraflores rayonunda yerləşir. Burada nəinki şəhərin ən dadlı suşiləri, eləcə də ənənəvi Peru yeməkləri bişirilir.
“Maido” restoranının adı da elə yapon dilindən tərcümədə “Xoş gəlmisiniz” deməkdir. Ona görə də bütün ofisiantlar həmişə gülərüzdürlər və yemək seçimində kömək etməyə hazırdırlar.