Turizm hər iki tərəfi iti olan qılınca bənzəyir. O, dünya iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı, eyni zamanda, təbiətə ziyan vurur. Məsələn, Everest dağına baxaq: buradakı təbiət gözəlliyi və qarla örtülmüş zirvələr tədricən minlərlə alüminium və plastik, kağız, şüşə, geyim və hətta çadır tullantılarına məruz qalır. Everesti fəth etmək istəyənlərin sayının çox olması isə dünyanın bu ən hündür dağının gələcəkdə böyük tullantı yerinə çevriləcəyi təhlükəsini yaradır.
Xoşbəxtlikdən, Yer kürəsində hələ təbii gözəlliyini, təmiz havasını və vəhşi təbiətini qoruyub saxlayan məkanlar qalmaqdadır. AZƏRTAC basetop.ru saytına istinadla ekoloji reytinqlər tərəfindən seçilən bu cür yerlərin siyahısını təqdim edir.
10. Ferradura parkı, Braziliya
Kanela şəhərinin bir neçə kilometrliyində 500 akr ərazidə yerləşən şam ağacları meşəsində çoxlu vəhşi meymunlar, mavi zığ-zığ quşları və əyləncəli koatalar (iriburun yenotlar) mövcuddur. Park kanyonun zirvəsində yerləşir və Santa-Krus çayının at nalı şəklində axdığı yerdə 420 metr əraziyə uzanır. Bu səbəbdən də Ferradura parkı həm də “Nal parkı” adı ilə tanınır. Burada yaşıllıq zonasının sıx olması, təmiz hava, habelə Arroyo-Kasador şəlaləsinə açılan gözəl mənzərəni 4 turizm marşrutu, 3 baxış meydançası və 8 barbekü, uşaq meydançası və snek-barın olduğu məkan tamamlayır.
9. Val-d”Orça, İtaliya
UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş daha bir təmiz məkan və Avropanın ən yaşıl və ecazlar yeri Val-d”Orçadır. Bu gözəl vadi İtaliyanın mərkəzindəki Toskana bölgəsində yerləşir və günəbaxanlarla örtülmüş təpələri ilə məşhurdur.
Bu vadiyə səyahət etmək üçün ən uyğun vaxt noyabrdan iyunadək olan dövrdür. Həmin dövrdə turistlər də az olur və tənhalıq şəraitində yaşıl təpələr və zeytun ağacları meşəliyini seyr etmək olar. Onların yaxınlığında isə ucsuz-bucaqsız taxıl zəmiləri var.
8. Qorenski rayonu, Sloveniya
Bu bölgənin kənd yerləri bütün ölkənin ən yaşıl və təmiz hissəsi hesab edilir. Qorenski rayonu İtaliyadan Sloveniyaya qədər uzanan ecazkar Yuli Alplarının evi sayılır.
Dağ silsiləsinin ən yüksək zirvəsi Triqlav dağıdır. Onun özü kimi, ətrafı da ölkənin yeganə Milli parkının bir hissəsidir.
7. Şetland adaları, Şotlandiya
Gözdən uzaq və bakirə gözəlliyini qoruyub saxlamış Şetland adaları Böyük Britaniyanın ən yaşıl hissəsidir.
Şetland arxipelaqına ümumilikdə 300 ada daxildir və onların cəmi on altısı məskunlaşıb. Təəccüblü deyil ki, burada hava çox təmizdir və təbiət demək olar ki, insan amili ilə çirklənməyib.
Ekoloji turizm üçün daha əlverişli məkanlar Anst adasında yerləşən “Hermaness National Nature Reserve” qoruğudur. Əsrarəngiz sahil peyzajlarını dəniz sahilindəki qayalarda olan quşlar, suitiləri tamamlayır. Sonuncular suya tullanmazdan əvvəl qaya daşı kimi də görünürlər. Qoruqda yüz mindən çox quş növü var.
Quşlar dünyasını müşahidə etməkdən təngə gəldikdə isə, siz qayıq muzeyinə və ya Şotlandiyanın ən möhkəm qəsrlərindən biri olan Muness qəsrinə baxa bilərsiniz.
Adalardan birinə səfər etdiyiniz zaman bilməlisiniz ki, hətta yayda da bu ərazidə havalar isti olmur və temperatur nadir hallarda 21 dərəcə Selsidən yuxarı qalxır.
6. Kerri qraflığı, İrlandiya
İrlandiya dünyanın ekoloji cəhətdən ən təmiz ölkələrindən biridir, qraflıq isə onun ən yaşıl hissəsidir. Buna səbəb tez-tez yağan yağışlar və isti okean iqlimidir. Burada dumanlı bataqlıqlar, qızılı rəngli zəmilər, sərt dəniz qayaları və tənha buxtalar göz oxşayır. Qraflığın ərazisində şəhərin hisi və səs-küyündən uzaq istirahət etmək olar.
Kerridə ölkənin ən yaxşı Milli parkları, o cümlədən Killarni Milli parkı var. Turistlər həmin ərazidə çoxlu tülkü və maral olan meşələr, yaşıl təpələr, göllər, şəlalələr və rahat cığırlarda gəzə bilərlər.
5. Tambov vilayəti, Rusiya
Bu vilayət 2018-ci ildə “Yaşıl patrul” təşkilatının tərtib etdiyi ekoloji reytinqin lideri olub.
Əgər siz təbiət mənzərəsindən, təmiz havadan və ekoloji cəhətdən təmiz ərzaqdan ötrü darıxırsınızsa, “Russkaya derevnya” turizm kompleksində bunların hamısını tapa bilərsiniz. Vorona çayının sağ sahilində yerləşən bu kompleksdə iki zonanın xüsusiyyətləri – çöllər və şimal meşələri vəhdət təşkil edir. Səyahətçilər üçün at üzərində gəzinti, balıqçılıq və ov da təşkil olunub.
4. Altay, Rusiya
Bu bölgə Rusiyanın ekoloji cəhətdən ən təmiz məkanıdır. Ölkənin “Yaşıl apteki” adlanan ərazidə sakit şəraitdə və urbanizasiyadan uzaqda istirahət etmək olar. “Yaşıl patrul” təşkilatının reytinqində Altay təmizliyinə görə ikinci yeri tutub.
Altay Diyarının ən gözəl məkanı biosfer statusu almış Katun qoruğudur. Xüsusi mühafizə olunan bu ərazi unikal ekoloji sistemin və ətraf mühitin öyrənilməsi və qorunub saxlanılması məqsədilə yaradılıb. Onun tərkibində çoxlu sayda göllər, buzlaqlar, 700 növdən artıq bitki və 47 növ məməli heyvanlar var. Qoruğa getmək çox asandır və qoruq turist axınından etibarlı mühafizə olunub.
3. San-Pedro-de-Atakama, Çili
Təmiz havası, dəniz səviyyəsindən xeyli yüksəkdə olması və dünyanın ən quru səhrasına yaxınlığı Çilinin bu qəsəbəsini Yer kürəsinin ekoloji cəhətdən ən təhlükəsiz məkanlarından birinə çevirib. Brada nə səs-küy, nə də suyu və havanı çirkləndirən zərərli istehsalat var.
San-Pedro-de-Atakama çoxlu sayda görməli məkanları ilə də məşhur deyil. Qəsəbənin qərbində mənzərəli Ay vadisi yerləşir. Cənub istiqamətində isə Çilinin ən qədim arxeoloji abidələrindən biri olan Tulor yaşayış məskəni yerləşir.
2. Te-Anau, Yeni Zelandiya
Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri tərəfindən aparılan tədqiqatın nəticələrinə görə, Te-Anau dünyanın ekoloji cəhətdən ən təmiz şəhərlərindən biridir.
Te-Anaunun Fiordlend Milli parkının girişində yerləşməsi və onun ölkənin iki ən gözəl fiorduna – Milford Saund və Daubtfol Saunda yaxın olması bu şəhəri piyada turistlər üçün düşərgə bazasına çevirir.
Dünyanın ən təhlükəsiz məkanına səyahət etməyin daha münasib vaxtı turistlərin az olduğu mart ayı və ya payız fəslidir. Həmin mövsümdə şəhərdə mülayim hava şəraiti hökm sürür.
1. Laplandiya, Finlandiya
Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, planetimizin ekoloji cəhətdən ən təmiz məkanı Laplandiyadır. Bu ərazidə toz hissəciklərinin orta miqdarı bir kubmetrə 6 mikroqramdan da azdır. Bu, dünyada ən aşağı göstəricidir.
Təmiz hava ilə nəfəs almaqla yanaşı, siz şimal qütbü parıltısının ecazkar mənzərəsinin seyr edə, yaxud xizəklə sürüşə bilərsiniz. Bütün bunları birlikdə etmək səyahətçilərə xüsusi zövq verir.
Finlandiyanın digər yerləri də ekoloji cəhətdən təmizdir. Onun “min göl ölkəsi” adlandırılması da təsadüfi deyil, çünki göllərin bir çoxu o qədər təmizdir ki, onu əlavə təmizləmə prosedurundan keçirmədən içmək və ya yemək hazırlamaq mümkündür. Məsələn, Pyayyanne böyük gölü paytaxt Helsinkini su ilə təchiz edir. Bunun üçün qayaların qranit qatları arasından şəhərə 120 kilometr uzunluğunda tunel də çəkilib. İçməli suyun birbaşa krandan gəlməsi Finlandiya sakinlərinin milli qürurudur və ekoloji cəhətdən o qədər də təmiz olmayan ölkələr buna həsəd aparırlar.