Ev Turizm Xəbərləri Dünyanın ən ekzotik meyvələri: ikinci hissə

Dünyanın ən ekzotik meyvələri: ikinci hissə

ekzotik meyvələr

AZƏRTAC “tourister.ru” saytına istinadla dünyanın müxtəlif ölkələrinin bazarlarında satılan qeyri-adi meyvələrlə tanışlığı davam etdirir.

Magik meyvə

Bu əcaib giləmeyvənin digər adı şirintəhər puteriyadır və o, tamamilə haqlı olaraq ekzotik meyvə adlanır. Əslində, puteriyanın dadı heç nə ilə fərqlənmir. Sadəcə, bu giləmeyvəni yeyən adam bir saat ərzində nə yeyirsə-yesin, ona elə gəlir ki, dadı şirindir. Məsələ bundadır ki, magik giləmeyvənin tərkibindəki xüsusi zülal – mirakulin dad reseptorlarını aldadır. Həqiqətən şirin olan məhsullar isə adama dadsız gəlir.

Puteriyanın dadına Qərbi Afrika, Puerto-Riko, Tayvan, Yaponiya, AvstraliyaCənubi Floridada (ABŞ) baxmaq olar. Onun mövsümü ilboyu davam edir.

Tamarind

Tamarind, yaxud Hindistan xurması paxlalar fəsiləsinə aid olsa da, meyvə kimi də yeyilir. 11 santimetrə qədər uzunluğunda olan qəhvəyi rəngli bu meyvənin turşaşirin dadı var. Ondan ədva kimi də istifadə olunur. Tamarind qəlyanaltı, desert və müxtəlif içkilərin hazırlanmasında istifadə olunan məşhur Vuster sousunun tərkibinə daxildir. Tamarind qurusundan şirniyyat hazırlanır. Turistlər Hindistan xurması əsasında hazırlanmış ət yeməkləri üçün sous və kokteyllər üçün siropları alıb özləri ilə vətənə aparırlar.

Bu meyvəni Tailand, Avstraliya, Sudan, Kamerun, Oman, Kolumbiya, VenesuelaKanadada yemək olar. Onun mövsümü oktyabr ayından fevral ayına qədərdir.

Marula

Təzə marulanı ancaq Afrika qitəsində görmək olar, çünki yetişən kimi qıcqırmağa başlayır. Yetişmiş marula sarı rəngində olur və gavalını xatırladır. Ətli hissəsi ağ rəngdə, çəyirdəyi bərkdir. Qıcqırmamışdan əvvəl xoş ətirli və turşməzə olur.

Bu meyvənin dadına Cənubi Afrikada, o cümlədən Mavriki, Madaqaskar, ZimbabveBotsvanada baxmaq olar. Mövsümü mart ayından başlayır.

Sitron

Bu meyvə sedrat və Korsika limonu da adlanır. Uzunsov meyvə, demək olar, qabıqdan ibarətdir. Dadına görə limonu, ətrinə görə bənövşəni xatırladır. Bu meyvədən yalnız kompot, jele və sukatların hazırlanmasında istifadə etmək olar. Korsika limonunu çox vaxt dekorativ bitki kimi dibçəkdə əkirlər.

Onu Çin, Yaponiya, Malayziya, İndoneziya, Tailand, Vyetnam Hindistan bazarlarında görmək olar. Mövsümü oktyabr ayından dekabr ayınadəkdir.

Pepino

Pepinonu şirin xiyar, qovun armudu da adlandırırlar. Formal olaraq giləmeyvə olsa da, çox iridir. Meyvələrinin ölçü, forma və rəngi müxtəlifdir, bəziləri qırmızı və ya bənövşəyi cizgiləri olan tünd sarı rəngindədir. Ətli hissəsinin dadı qovun, balqabaq və xiyarı xatırladır. Yetişməmiş pepino nə qədər dadsızdırsa, yetişib ötmüş pepino da eynən onun qədər dadsızdır.

Bu meyvənin dadına Peru, Çili, Yeni Zelandiya, Türkiyə, Misir İndoneziyada baxmaq olar. Onun mövsümü ilboyu davam edir.

Mameya

Başqa adı sapotadır. Dəyirmi formalı kiçik meyvəsi var. Ətli hissəsi narıncı rəngindədir. Ərik dadı verir. Onu piroq və tortlara əlavə edir, konservləşdirir, yetişməmiş meyvələrindən jele hazırlayırlar.

Bu meyvənin dadına Kolumbiya, Meksika, Ekvador, Venesuela, Antil adalarında, habelə ABŞ-ın Florida ştatı və Havay adalarında, Cənub Şərqi Asiyada baxmaq olar. Mövsümü sentyabr ayından noyabr ayına qədər davam edir.

Narahilla

Bu meyvəni narahilya, lulo, And dağlarının qızıl meyvəsi də adlandırırlar. Görkəminə görə tüklü pomidora bənzəyir, dadına görə ananas və çiyələyi xatırladır. Onun şirəsindən və ətindən meyvə salatları, dondurma, yoğurt, biskvit, şirin sous və kokteyllərin hazırlanmasında istifadə olunur.

Dadına Venesuala, Panama, Ekvador, Kosta-RikaÇilidə baxmaq olar. Mövsümü sentyabr ayından noyabr ayınadək davam edir.

Xama alması

Digər adları annona, quanabana və qravioladır. Planetimizdə bitən ən böyük tropik meyvələrdən biridir. Bir meyvənin çəkisi 7 kiloqrama çata bilər. Forması oval və ya ürəkşəkilli, yumşaq tikanlarla örtülmüş qabığı sərtdir. Kremvari-ağ rəngində olan əti xoş turşməzə dadı olan limonadı xatırladır. Kokteyl, şirə, püre, şərbət və dondurmanın hazırlanmasında istifadə olunur. Qara rəngli toxumları zəhərlidir.

Dadına Bermud və Baham adalarında, Meksika, Peru və Argentinada baxmaq olar. Mövsümü ilboyu davam edir.

Noni

Hindistan tutu, pendirli meyvə, donuz alması da adlandırılır. Kartof və ya iri gavalı boyda olan bu meyvənin qabığı yarımşəffafdır. Noni yetişən zaman onun yaşıl rəngi sarımtıl ağ rəngə çevrilir. Onun kəskin ətri, acı dadı var. Buna görə də bəzən onu “qusdurucu meyvə” adlandırırlar. Xalq arasında nonini xəstəliklərin yarısının dərmanı adlandırırlar. Bəziləri onu ən faydalı ekzotik meyvə hesab edirlər.

Bu meyvəyə Malayziya, Polineziya, Avstraliya, Cənub Şərqi Asiyada təsadüf etmək olar. Mövsümü isə ilboyu davam edir.

Jabotikaba

Bu meyvə cabotikaba, Braziliya üzüm ağacı da adlandırılır. Üzüm gilələrinə və ya qarağata bənzəyən meyvələri salxım şəklində ağacın gövdəsində və əsas budaqlarında bitir. Qabığı acıdır. Onun ətindən şirə, jele və marmelad hazırlayırlar.

Bu meyvənin dadına Brazilya, Paraqvay, Boliviya, Argentina, Uruqvay, Panama, Peru, Kolumbiya, KubaFilippində baxmaq olar. Mövsümü aprel ayından oktyabrın sonunadək davam edir.

Kuruba

Yaşıl rəngində yetişməmiş meyvələri iri xiyarı xatırladır. Yetişəndə tünd sarı rəngdə olur. Narıncı-qəhvəyi rəngli, xırda tumları olan əti turşməzə və ətirlidir. Kuruba susuzluğu çox yaxşı yatırır. Onun ətindən şirə, mürəbbə, jele və müxtəlif salatlar hazırlanır.

Bu meyvə Boliviya, Uruqvay, Argentina, Ekvador, Peru, Hindistan Yeni Zelandiyada bitir. Mövsümü ilboyudur, lakin Hindistan və Yeni Zelandiyada mart ayından noyabr ayınadək davam edir.

Kupuasu

Şirəli və ətirli kupuasu meyvələri formasına görə qovunu xatırladır. Onun uzunluğu 25 santimetrə, eni 12 santimetrə çatır. Qırmızımtıl qəhvəyi rəngli qabığı bir qədər sərtdir. Ətli hissəsi ağ rəngdədir. Dadı turşaşirindir. Toxumları beş yuvada yerləşir. Onu təzə olanda yeyirlər, şirə, yoğurt, cem, konfet və şokoladın hazırlanmasında istifadə edirlər. Özü qopub yerə düşən kupuasu ən dadlı kupuasu hesab olunur.

Bu meyvəni Braziliya, Kolumbiya, Venesula, Ekvador, MeksikaPeruda dadmaq olar. Mövsümü ilboyudur.

Maranq

Maranqın meyvələri uzunsovdur, tikanlı qalın qabığı meyvə yetişdikcə sərtləşir. İçərisindəki toxumlu ağ dilimlər yetərincə iridir. Bir dilim ovucun üçdəbir hissəsi boydadır. İnsanlar onun dadını birmənalı şəkildə təsvir edə bilmirlər. Bəzilərinin fikrincə, maranq vafli stəkanda plombiri xatırladır, bəziləri onu pastilaya bənzədir, digərləri ümumiyyətlə bənzərlik tapmaqda acizlik çəkirlər. Maranqı ixrac etmək mümkün deyil, çünki dərhal xarab olur. Onu dərən kimi yeyirlər. Maranqdan desert və kokteyllərin hazırlanmasında istifadə olunur. Toxumlarını ya qızardır, ya da qaynadırlar.

Bu meyvəni Filippin, Bruney, Malayziya, Borneo adasıAvstraliyada görmək olar. Mövsümü avqustdan aprelin sonunadək davam edir.

Tailand meyvələri

Bu ölkədə ilboyu meyvə satılır. Hərçənd mövsümü olmayanda manqostin meyvəsi tapılmır, ananas isə iki dəfə baha olur. Meyvəni bazarlardan, köşklərdən, səyyar satıcılarından almaq olar.

Tailandda ananas, banan, quava, cekfrut, durian, qovun, karambola, kokos, liçi, lonqan, lonqkonq, manqo, manqostin, naringi, mapla, noyna, papaya, pitaya, pomelo, rambutan, salaka, sapodilla, tamarind, yuyuba kimi meyvələr geniş yayılıb.

Vyetnam meyvələri

Vyetnam dünya bazarının ən iri meyvə təhcizatçılarından biridir. O, bu sahədə hətta Tailandla ciddi rəqabət apara bilər. Vyetnamın cənubunda meyvə daha boldur. Mövsümü olmayan ekzotik meyvələrin qiyməti 2-3 dəfə bahalaşa bilər.

Bu ölkədə avokado, ananas, qarpız, banan, quava, cekfrut, durian, qovun, ulduzlu alma, yaşıl portağal, karambola, kokos, liçi, lonqan, manqo, manqostin, narıngi, marakuya, südlü alma, mombin, noyna, papaya, pitahaya, rambutan, çəhrayı alma, sapodilla, tanjerin, sitron kimi meyvələr geniş yayılıb.

Hindistan meyvələri

Hindistan bir neçə iqlim qurşağında yerləşir. Bu da istər tropik, istərsə də mülayim (yüksək dağlıq) qurşaqlar üçün səciyyəvi olan meyvələrin yetişməsinə əlverişli şərait yaradır. Dükanlarda yaxşı tanıdığımız alma, şaftalı və üzümlə yanaşı, kokos, papayasapadilla kimi meyvələri görmək olar.

Hindistanda avokado, ananas, anonna (çerimoya), qarpız, banan, quava, cekfrut, əncir, karambola, manqo, narıngi, marakuya, papaya, sapodilla, tamarind kimi meyvələr geniş yayılıb.

Misir meyvələri

Misirdə meyvə ildə iki dəfə – yazda və payızda yığılır. Buna görə də bu ölkədə meyvə “mövsümü” ilboyu davam edir. Sadəcə, “qış” meyvələrinin qurtarmaq və “yay” meyvələrinin yetişmək üzrə olduğu erkən yaz və “yay” meyvələrinin qurtarmaq , “qış” meyvələrinin yetişmək üzrə olduğu erkən payız mövsümündə bir qədər qıtlıq hiss olunur.

Misirdə ərik, heyva, portağal, qarpız, banan, üzüm, nar, qreypfrut, armud, quava, qovun, əncir, kantalupa, karambola, kivi, qırmızı banan, limon, manqo, maraniya, muşmula, pepino, şaftalı, pitaya, pomelo, şəkərli alma, fizalis, xurma geniş yayılıb.

Kuba meyvələri

Misirdən fərqli olaraq, Kubada meyvə mövsümləri daha qabarıq ifadə olunub. Burada ilboyu ananas, portağal, banan, quava və papaya almaq olar. Ən dadlı manqo iyul-avqust aylarında olur. Mamonçillo, çerimoya, karambola və avokado mövsümü yayda, kakos, qarpız, qreypfrut mövsümü yazda start götürür. Burada avokado, ananas, annona, portağal, banan, Barbados albalısı, qreypfrut, quava, kaymito, karambola, kokos, laym, limon, mamonçillo, manqo, marakuya, papaya, sapodilla, tamarind və çerimoya geniş yayılıb.

Dominikan meyvələri

Tropik Dominikanda meyvə çeşidləri olduqca çoxdur. Burada adi banan və ananasdan tutmuş qranadilla, mamonçillo və sapotaya qədər cürbəcür ekzotik meyvələrə təsadüf olunur.

Ölkə ərazisində avokado, ananas, qarpız, banan, qreypfrut, nar, quanabana, qovun, kaymito, kivi, kokos, mamonçillo, mamon, manqo, marakuya, dəniz üzümü, muşmula, noni, papaya, sapota, pitahaya geniş yayılıb.