Zəngin dünyamız ədalət azlığından əziyyət çəkir. Uzun illərdir ki, səlahiyyətli beynəlxalq təşkilatlar ədalətsizlik bayrağı ilə ikili standartlara əsir düşüblər. Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istəmirlər. Çox maraqlıdır ki, Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı qanlı mübarizəsini “azadlıq aktı”, Azərbaycanın ərazi suverenliyini bərpa etmək uğrunda mübarizəsini isə azadlığı boğma kimi dəyərləndirənlər az deyil.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Əməkdar müəllim, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov deyib.
“On il əvvəl Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında əsas sənədi təsdiq etdik. Biz təşkilatın həm qlobal kontekstdə, həm də özümüz üçün zəruriliyini və aktuallığını sübut etməyə nail olduq. Keçən 10 il ərzində Türk Şurası tamhüquqlu beynəlxalq təşkilat kimi özünü doğruldub. Zirvə Görüşü Türkiyə Prezidentinin dediyi kimi, “Odlar Yurdu” can Azərbaycanın paytaxtı Bakıda keçirilib. Bu, yubiley – 10 illik Zirvə Görüşü idi” – deyə professor qeyd edib.
Alim bildirib ki, oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə türkdilli ölkələrin geniş təmsilçiliyi var idi. Keçən müddət ərzində yeni üzvlər də qəbul edilib. Şuranın qərarları gələcəkdə türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək. Macarıstanın Türk Şurası ilə əməkdaşlığının genişlənməsi isə təşkilatın Avropa ölkələri və regional qurumlarla əlaqələrinin inkişafına təkan verəcək. Məhz bu təşkilatın uğurlu fəaliyyəti sayəsində indi nəqliyyat dəhlizləri genişləndirilir, energetika müəssisələri inşa edilir, yüngül sənaye və kənd təsərrüfatı, logistika, nəqliyyat, turizm, innovasiya texnologiyaları kimi sektorlar da uğurla inkişaf etdirilir.
“Prezident İlham Əliyev Zirvə Görüşündə qeyd etdi ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib” – deyə H.Sadıqov qeyd edib.
Həmçinin Zirvə Görüşündə beynəlxalq ticarətin dollar əsaslı olmasının qeyri-müəyyənlik şəraitində risklər yaratması kimi fikirlər səsləndirildi. Buna görə iqtisadiyyatlarımız üzərindəki valyuta təsirini azaldacaq mexanizmləri tətbiq etməyin lazım olduğu qeyd edildi.
Tədbirdə təşkilatın perspektivi haqqında mülahizələr də səsləndi. Təşkilatın inkişafının növbəti mərhələsinə keçildiyi, gündəlikdə “Türk baxışı 2040” proqramının işlənilməsi məsələsi durduğu da qeyd edildi. Bununla əlaqədar Şuranın katibliyi tərəfindən təşkilatın perspektivlərini müəyyən edən “Türk Şurası 2025” adlı yeni strategiya hazırlanır.