Ev Turizm Xəbərləri Ekoturizmi inkişaf etdirəcək ekosistemin bərpası

Ekoturizmi inkişaf etdirəcək ekosistemin bərpası

Ekoturizm

Ekspertlər hesab edirlər ki, Hacıqabul gölünün bərpası ətraf ərazilərdə həm iqtisadi, həm sosial aktivliyi artıracaq

Bir vaxtlar istirahət məkanı və yay düşərgəsi kimi ad çıxaran Hacıqabul gölünün bərpası ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilib. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib. Onun sözlərinə görə, Hacıqabul gölünün ətraf ərazisində müxtəlif təyinatlı yeraltı və yerüstü kommunikasiya və infrastruktur obyektlərinin mövcudluğu, ətraf mühitə antropogen təsirlər nəzərə alınaraq ərazidə ekosistemin bərpası istiqamətində fəaliyyətin əlaqələndirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Şirvan və Hacıqabul rayon icra hakimiyyətlərinin, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətlərinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb. İşçi qrup tərəfindən göl və gölətrafı ərazilərdə kompleks tədqiqat işləri aparılıb. Gölün qurumasını və çirklənməsini törədən səbəblər araşdırılıb, yaranmış problemin həlli üçün mövcud imkanlar qiymətləndirilib. Araşdırmaların nəticəsi olaraq Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və ərazidə ekosistemin bərpası üzrə tədbirlər planı hazırlanıb. M.Əbdülhəsənov əlavə edib ki, tədbirlər planında Hacıqabul gölü və onun ətraf ərazisinin gələcək təyinatının müəyyən edilməsi, Şirvan və Hacıqabul şəhərlərində formalaşan tullantı sularının idarə olunması, onların gölə axıdılmasının qarşısının alınması, ərazidəki neft quyularının ekoloji cəhətdən təhlükəsiz vəziyyətə gətirilməsi, gölətrafı drenaj sisteminin yaradılması, Kür çayından gölə su vurulması, yağıntılar zamanı səth sularının gölə axıdılması, gölətrafı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısının alınması, gölün sanitar-mühafizə zonasında yaşıllıqların salınması və s. məsələlər öz əksini tapıb. Şöbə müdiri onu da bildirib ki, gölün bərpası üçün Kür çayının və Şirvan kanalının suyundan istifadə edilməsi məsələsi gündəmdədir: “Həmin əraziyə “Meliorasiya və Su Təsərrüfatı” ASC su kanalı çəkir və bu kanalın son nöqtəsinin Hacıqabul gölü olması nəzərdə tutulur. Gələcəkdə göldən kiçik su tutarı kimi də istifadə edilməsi imkanları yarana bilər”.

Su ehtiyatlarının ətraf mühitin bir hissəsi olduğunu vurğulayan şöbə müdiri onların mühafizəsinin olduqca vacib olduğunu da nəzərə çatdırıb: “Su mənbələri nə qədər az çirklənərsə, bu, təbiətimiz üçün bir o qədər xeyirli olar. Azərbaycan azsulu ölkədir, suyun hər damlasının qədri bilinməli və qənaətlə istifadə olunmalıdır”.

Qeyd edək ki, Hacıqabul gölü Xəzər dənizinin çəkilməsi nəticəsində yaranıb. XV əsrdə Şah Abbas indiki Hacıqabul şəhərinin yerləşdiyi ərazidəki eyni adlı gölün sahilində karvansara tikdirmişdi. Həmin dövrdə şərq ölkələrinə gedən tacirlər Böyük İpək Yolunun keçdiyi bu ərazidən istifadə edirdilər. Gölün, köçəri və nadir quşların miqrasiyası, bataqlıqda yaşayan su quşları, o cümlədən nəsli kəsilməkdə olan quş növlərinin yuva qurmaları üçün əlverişli şəraitə malik olması, bu ərazinin vaxtilə istirahət məkanı olmasına şərait yaratmışdı. Sovetlər dönəmində bu gölün sahilində, həmçinin balıqçılıq təsərrüfatı, avarçəkmə bazası olub. Hacıqabul gölü Azərbaycanın potensial ramsar (beynəlxalq əhəmiyyətli su-bataqlıq) sahələrinə aid edilir.

Maraqlıdır, gölün yenidən bərpa edilməsi ekosistemə, ümumiyyətlə, turizm sahəsinə hansı töhfəni verəcək? 


Turizm üzrə ekspert Ceyhun Aşurov Hacıqabul gölünün turizmdəki proseslərə rəng qatacağını deyir: “Hacıqabul gölünün bərpası ilə bağlı qərar, təbii ki, çox əhəmiyyətlidir. Ümumiyyətlə, bu cür ekoloji turizm məhsullarımız, yəni göllərin, çayların ətrafındakı ekosistem yerlərin rəngarəngliyi, fərqliliyi, alternativlərin çox olması turistlər üçün yaxşı bir haldır. Təkcə xarici turistlər üçün deyil, eyni zamanda ölkə daxilində olan turistlər üçün də belə yerlər maraq kəsb edəcək. Təbii ki, bunların gələcəkdə marşruta salınması həm məktəblilərin, həm tələbələrin, həm daxili turistlərin həmin yerləri ziyarət edərək, oradakı fauna, flora ilə yaxından tanışlığına imkan yaradacaq. Hacıqabul gölündə sovet dövründə də həm balıqçılıqla, həm də avar çəkməklə bağlı müəyyən dərs saatları olub. Gölün bərpası orada həm iqtisadi, həm sosial aktivliyi artıracaq. Bu kimi addımların atılması, təbii ki, çox müsbət haldır. Mən inanıram ki, öz gözəlliyi ilə Hacıqabul gölü də turizmdəki proseslərə rəng qatacaq. Bu və bu kimi digər yerlərin də bərpa olunması, eyni zamanda ətraf mühitin qorunması turistlər üçün yaxşı bir töhfə olacaq”. 

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov sözlərinə görə, bərpada sonra məkanın təbliğat işi yaxşı aparılmalıdır ki, turist cəlb edilsin: “Son dönəmlər dünyada turizm növləri arasında ekoturizmə maraq günü-gündən artır. Bu turizm növünün fəaliyyətinin ölkəmizdə də genişləndirilməsi olduqca təqdirəlayiq haldır. Hazırda “Göy Göl” ailəvi istirahət mərkəzi ekoturizm nümunəsi kimi turistlərin diqqətini cəlb edir. Bu cür gölətrafı turizm obyektlərini artırmaq bizim üçün iqtisadi baxımdan çox önəmlidir. Hacıqabul gölünün yenidən bərpa edilməsi bu istiqamətdə atılan ən gözəl addımdır. Göl yenidən bərpa edilib, təbliğat və təşviqat içi yaxşı aparılarsa, nəinki ölkəmizdə daxili turizmin inkişafında böyük rol oynayacaq, eyni zamanda Avropa, xüsusilə də MDB ölkələrinin bura gəliş-gedişi sıxlaşdıracaq. Qeyd edim ki, Avropa turistləri yaşıl-kənd, ekoturizmə çox böyük maraq göstərir. Ona görə, yaxşı olar ki, bərpa işləri başa çatdıqdan sonra turizm şirkətləri ora tur təşkil etməkdə, həmin məkanın təbliğatını aparmaqda fəal olsunlar”.

M.Ağakərimov həmin əraziyə başqa ölkələrdən quşların və ağacların da gətirilməsindən danışdı: “Dənizkənarı bulvarın tarixinə nəzər yetirsək, görərik ki, biz torpağı və bitkilərin böyük əksəriyyətini xaricdən gətirmişdik. Bakı milyonçusu Murtuza Muxtarov Mərdəkandakı parkı yaradan ağacları, bitkiləri qonşu ölkələrdən gətirtmişdi. Bu təcrübədən çıxış edərək Hacıqabul gölü bərpa edildikdən sonra ora müxtəlif növ quş, ağac növləri gətirə bilərik. Bu da ilk növbədə turistlərin marağına səbəb olacaq”.