Ev Turizm Xəbərləri Ekspert: Bu ilin sonuna qədər turizm sektorunda əvvəlki canlanmanı müşahidə edə bilərik

Ekspert: Bu ilin sonuna qədər turizm sektorunda əvvəlki canlanmanı müşahidə edə bilərik

turizm

Pandemiya ilə əlaqədar karantin qaydalarının getdikcə yumşaldılması sayəsində bu ilin sonuna qədər turizm sektorunda əvvəlki illərə bənzər canlanma müşahidə edə bilərik.

Bunu Trend-ə turizm üzrə ekspert Fariz Hacıyev deyib.

Onun sözlərinə görə, ümumilikdə pandemiyadan sonra rayonlara gediş-gəlişin açılması ölkə turizminin yenidən ayağa qalxması üçün atılmış addımlardan biri oldu:

“Buna qədər Dövlət Turizm Agentliyi ölkə turizminə bu çətin durumda fayda gətirə biləcək bir sıra layihələr hazırlamışdı. Hesab edirəm ki, rayonlara gediş-gəlişin bərpası nəticəsində həmin işlərin effektivliyini yavaş-yavaş görəcəyik. Bunlardan biri SAHMAN proqramıdır ki, burada turizm şirkətlərinin, bələdçilərin, turizm nəqliyyatı əməkdaşlarının və bütün hotellərin pandemiya dövrü turizmində nələr etməli olmaları barədə bütün qaydalar əks edilib. Eyni zamanda, burada həm də turizm müəssisələrinə marketinq dəstəyinin göstərilməsi nəzərdə tutulub”.

Ekspert qeyd edib ki, rayonlara gediş-gəlişin açılması bütün bölgə hotellərində canlanmaya səbəb olacaq:

“Nəinki hotellərdə, eyni zamanda magistral yol kənarlarında fəaliyyət göstərən bütün ictimai iaşə obyektlərində bu canlanma hiss olunacaq. İstənilən halda ölkə turizminin yenidən aktivləşməsi üçün bir addım atılıb. Ümid edirik ki, yumşalmalar davamlı olacaq, bunun sayəsində turizm tədricən əvvəlki həyatına qayıdacaq. Belə olduğu halda turizmçilər ardıcıl yumşalmalar fonunda bu ilin sonuna qədər əvvəlki illərə oxşar aktivliyi görə biləcəklər”.