Ev Turizm Xəbərləri FHN-in Akademiyasında “Xəmsə” milli intellektual oyunlarına yekun vurulub

FHN-in Akademiyasında “Xəmsə” milli intellektual oyunlarına yekun vurulub

Xəmsə

Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında nazirliyin yaradılmasının 14-cü ildönümü və kollektivin peşə bayramı münasibətilə nazirlik işçilərinin Həmkarlar İttifaqının dəstəyi və akademiyanın Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Xəmsə” intellektual bilik yarışı keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, yarışda Fövqəladə Hallar Nazirliyi Akademiyasının, Heydər Əliyev adına Ali Hərbi Məktəbin, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Dövlət Universitetinin və Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri iştirak ediblər.

Yarış iştirakçıları əvvəlcə akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Bilik yarışının açılışında çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərin inkişafı, onların daha yaxşı təhsil almaları, intellektual səviyyələrinin yüksəldilməsi üçün əlverişli şərait yaradılıb. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə yüksək intellektual hazırlığa malik, müasir innovasiyaları mənimsəmiş, modern və vətənpərvər gənclik yetişir. Yeni əsrin çağırışlarına cavab verən gənc nəsil ölkəmizi həm yerli, həm də beynəlxalq tədbirlərdə uğurla təmsil edirlər. İntellektual bilik yarışlarının keçirilməsi Azərbaycan gənclərinin dünya görüşünün, ictimai və elmi fəallığında, dünya görüşlərinin artmasında mühüm rol oynayır. Akademiyada ənənə halını almış belə tədbirlərdən biri də “Xəmsə” milli intellektual oyunudur. Bu yarış da ölkəmizdə keçirilən digər intellektual oyunlar kimi, tələbə gənclərin zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkili baxımından müstəsna əhəmiyyət kəsb edir.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov keçirilən tədbirin əhəmiyyətindən danışaraq bu sahədə təhsilin və elmin xüsusi rolunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclərə daim diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda Azərbaycan Dillər Universitetinin komandası qalib adına layiq görülüb. Bakı Dövlət Universiteti ikinci, Azərbaycan Dövlət İqtisad Universiteti isə üçüncü yerə çıxıb. Qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.