Azərbaycan mənim üçün ikinci ev olub. Əslində Azərbaycanda həyat Avstriyadakından çox fərqlənmir: bu ölkələrin ölçüləri təqribən eynidir, Bakı ilə Vyana da bir-birinə oxşayır. Orada da dağlar var, burada da. Hərçənd, Avstriyada dəniz yoxdur, palçıq vulkanları da yoxdur.
Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid bu fikri Rusiyada çıxan “Vedomosti” qəzetinə müsahibəsində söyləyib.
Florian Zenqstşmid
Turizmin Azərbaycan üçün prioritet sahə olduğunu qeyd edən F.Zenqstşmid deyib: Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi keçirilən dövrdən başlayaraq, ölkədə yaxşı otellər tikilib, yollar çəkilib. Sonra bu işlər yüksələn xətt üzrə davam edib. Avropa oyunları və Formula 1 yarışları kimi hər yeni beynəlxalq tədbir münasibətilə infrastruktur addım-addım yaxşılaşıb, özü də bu iş həm turistlər üçün, həm də yerli sakinlər üçün nəzərdə tutulub. Hazırda Bakıda taksi maşınları Vyanadakından daha yaxşı işləyir. Bu avtomobillərin zahiri görkəmi də çox cəlbedicidir. London keblərinə oxşayan bənövşəyi rənginə görə xalq arasında onları “badımcanı” adlandırırlar. Vyanada kondisionerli avtobuslar yoxdur, Bakıda isə şəhər avtobuslarının çoxu kondisionerlərlə təchiz olunub. Bir sözlə, xeyli iş görülüb və indi bizim vəzifəmiz bütün bunları vahid zəncir şəklində birləşdirmək, qiymət barədə razılığa gəlməyə kömək etmək, təchizatçıları əlaqələndirməkdir. Bizim yerli filiallarımızda həmkarlarımız özəl sektorla, yerli sakinlərlə işləyirlər ki, islahatlar təkcə paytaxtla məhdudlaşmasın”.
Florian Zenqstşmid vurğulayıb ki, Azərbaycan öz qarşısına ölkəni qlobal turizm istiqamətinə çevirmək vəzifəsi qoymayıb. O deyib: “Azərbaycanın nə vaxtsa kütləvi turizm yerinə çevriləcəyinə əmin deyiləm və düşünmürəm ki, bu, lazımdır. “Over tourism” deyilən bir termin var. Hədsiz turist axını bir sıra şəhərlər üçün problemə çevrilib. Məsələn, Venesiyada və ya Barselonada yerli sakinlər turizmə qarşı etiraz edirlər. Azərbaycanda turizmin inkişafı yerli sakinləri narahat etməməli, turistlərin özləri üçün xoşagəlməz əhval yaratmamalıdır”.
“Yeni baxış” adlı yeni turizm brendi
Florian Zenqstşmid Azərbaycanın “Yeni baxış” adlı yeni turizm brendinin beş əsas istiqaməti barədə söhbət açaraq qeyd edib ki, ölkənin bütün təkliflərini bir brendlə əhatə etmək mümkün deyil. Turizm Bürosunun baş direktoru deyib: “Bir daha Avstriya ilə müqayisəyə qayıtsaq, Avstriyanın da birmənalı brendi yoxdur. Zaltsburq, Vyana, musiqili Avstriya, dağlarda xizək sürmək – bütün bunları bir şüarla əhatə etmək mümkün deyil. Rusiyada da belədir. Mən Kamçatkada, Baykalda, Arxangelskdə olmuşam – onlar bir-birindən çox fərqlənir. Azərbaycanda 9 iqlim zonası var. Cənubda, İran yaxınlığında səhra kimi ərazilər var, limon və çay plantasiyalarının olduğu isti yerlər var, şimalda, Rusiya sərhədinsə dağlar və qar-xizək kurortları var, Xəzər var, bütün bunları “şopinq”, “çimərlik” və ya “dağlar” adlı bir brendlə əhatə etmək mümkün deyil”.