Ev Gəzməli yerlər Frans Kafkanın muzeyi…

Frans Kafkanın muzeyi…

Frans Kafkanın muzeyi….

Praqa qəsrlər şəhəridir, Frans Kafkanın “Qəsr”ində olduğu kimi. Bu qəsrlər arasında bir insanın muzeyi var, xudmani, yarıqaranlıq və təlatümlə dolu bir yerdir.

Frans Kafkanın muzeyi

Evə ayağınızı qoyduğunuz anda siz söhbətin kimdən getdiyini anlayırsız. Evin divarlarının rəngindən, otağın havasından Kafka yağır. Bu Kafka muzeyidir.

 

Mənim Praqada ən çətin tapdığım yer Kafka muzeyi idi. Yerini dəqiq bilən yox idi. Bəlkə də bu normaldır, amma mənim üçün hələ də anlaşılmazdır ki, Kafka ilə insan bir şəhərin havasını uda, amma onunla eyni hissləri bölüşməyə.

Deyilənə görə hər gün bu muzeyə iki minə yaxın adam gəlir, amma onların çox az hissəsi muzeyin içinə girir. Nəzarətçi deyir ki, bura gələn turistlərin əksəriyyəti muzeyin həyətindəki David Cernynin “Pissing Dudes” (“İşəyən Pijonlar”) əsərinə baxıb əylənir və bununla da kifayətlənirlər. Bunu siz də hiss edə bilərsiniz. Muzeyin həyəti adamla dolu olsa da evdə heç kim olmur, elə bil Kafka yenə hiss olunmur.

 

Kafka muzeyini mən nə sözlə, nə də foto ilə təsvir edə bilmirəm. İçəridəki havanın kafkavari ağırlığını bu üsulla təsvir etmək mənə çətindir. Bunu özünüz yaşamalısız. Amma mənim üçün ən təsirli şey onun əlyazmaları idi. Atasına, sevgililərinə, həkiminə yazdığı əlyazmalar. Və “Qəsr” romanının əlyazmasının ilk iki səhifəsi…

 

Əlyazmalarda bəzi qaralamalar, düzəlişlər var. Bunlara baxdıqca Kafkanın sənə necə yaxın olduğunu, elə onunla üz-üzə durduğunu düşünürsən. Bu isə bədbəxt Kafkanın insana verəcəyi bir xoşbəxtlikdir. Stiven Kingin “Yaşıl mil”indəki Con Kofi kimi, səni xoşbəxt edir özünü bədbəxt edərək.