PAYLAŞ
Naftalan nefti

Fransanın nüfuzlu “Lexpress”, “Liberation”, “France24”, “Actu.orange” və digər qəzet və portalları Naftalan neftinin müalicəvi əhəmiyyətindən bəhs edən məqalə yayıb. Müəllif Naftalan neftini “Allahın hədiyyəsi” adlandırır.

Məqalədə qeyd olunur ki, Azərbaycanın şimal-qərbində yerləşən Naftalan şəhəri xam neftdən müalicəvi istifadəyə görə dünyada məşhurdur. Dağlıq Qarabağ bölgəsinə yaxın olan bu neft kurortu xarici turistləri cəlb edir. Polartirit, artirit xəstəliklərindən əziyyət çəkən insanlar müalicə almaq üçün məhz buraya gəlirlər. Burada aldıqları 10 günlük müalicədən sonra xəstələrin dərmandan istifadəsi kifayət qədər azalır və onlar özlərini əla hiss edirlər. Naftalan neftindən, həmçinin əzələ, dəri, sümük, həmçinin ginekoloji nevroloji xəstəliklərin müalicəsində də istifadə olunur.

Neftin Azərbaycan iqtisadiyyatında vacib rol oynadığını qeyd edən müəllif bildirir ki, ölkədə “qara qızılXIX əsrin ortalarında kəşf olunub. Naftalan nefti isə adi neftdən müalicəvi xüsusiyyətləri ilə fərqlənir.

Məqalədə xatırladılır ki, ötən əsrin 80-ci illərində Naftalana müalicə üçün hər il 70 min turist gəlirdi. Lakin sonradan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanması nəticəsində yüz minlərlə qaçqın və məcburi köçkün şəhərdəki sanatoriyalarda məskunlaşıb. Bu isə müalicə mərkəzinə gələn turistlərin sayına mənfi təsir göstərib. Son iki onillikdə Naftalanın kurort şəhəri kimi nüfuzunun bərpası üçün böyük işlər görülüb. Burada məskunlaşmış məcburi köçkünlər Azərbaycanın digər regionlarına köçürülüb, sovet dövrünün sanatoriyaları isə yeni turistik obyektlərlə əvəzlənib. Hazırda Naftalanda müxtəlif sanatoriyalar, spa mərkəzləriotellər tikilir və bu şəhər öz əvvəlki şöhrətini qaytarmaqdadır. İllər keçdikcə buradakı sanatoriyalarda müalicə metodları təkmilləşdirilir. Görülən tədbirlər sayəsində buraya gələn turistlərin sayında artım müşahidə olunur.