Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Moskvada keçirilmiş “MITT 2019” sərgisi çərçivəsində Rusiyanın “Rossiya 24” kanalına müsahibə verib.
Müsahibə zamanı F.Nağıyev “rusiyalı turistlər niyə məhz Azərbaycana gəlməlidirlər?” sualına cavab olaraq təhlükəsizlik, məsafə və vaxt baxımından yaxınlıq, dil baryerinin olmaması kimi amilləri qeyd edib.
O bildirib ki, Rusiya Azərbaycan turizm bazarında ən çox paya sahib olmaqla, xarici ziyarətçilərin sayına görə birinci yerdə dayanır.
“Ölkəmiz kulinariyadır, ləziz mətbəxdir, tarixdir, mədəni irsdir. Bura rusiyalı turistlərə heç də yad olmayan günəşli çimərliklər və Xəzər dənizi deməkdir. Həmçinin Azərbaycan qarlı xizək kurortları deməkdir ki, nümunə olaraq son illərdə tikilmiş, Avropanın seçilən dağ-xizək mərkəzlərindən biri olan “Şahdağ” Turizm Mərkəzini göstərmək olar”, – deyə, Fuad Nağıyev vurğulayıb.
O, rusiyalı turistləri Azərbaycana dəvət edərək onları ölkəmizi gəzməyə çağırıb.
Xatırladaq ki, Dövlət Turizm Agentliyinin sədri Moskvada sərgi zamanı bir sıra iri turizm şirkətlərinin nümayəndələri və dövlət rəsmiləri ilə görüşlər keçirib, iki ölkə arasında turizm əlaqələrinin inkişafı istiqamətində müxtəlif mövzularda müzakirələr aparıb.
2018-ci ilin statistikasına əsasən, Rusiya ölkə turizminin xarici səyahətçi sayına görə, ən böyük payına – 31 faizə malik olub və 2017-ci illə müqayisədə 3 faiz artım baş verib.