PAYLAŞ
Struga

Makedoniyanı 2 kəlimə ilə təsvir etməmi istəsələr, təbiət möcüzəsidir – deyərəm. Bu ölkənin 3 şəhərini gəzə bildim. Struga, Ohrid və paytaxt Skopye. Bu gün sizə Ohrid gölünün sahilində yer alan Struga şəhərindən danışacağam.

Albaniya sərhəddini keçəndən sonra sizi Makedoniyada bu gözəl, kiçik, şirin şəhər qarşılayır.

Struga

Strugaya axşamçağı çatmışdım. Əslində burada qalmaq planım yox idi. Birbaşa Ohridə getməliydim. Hətta ev də tutmuşdum. Ancaq bu kiçik şəhər məni necə valeh etdisə, fikrimi dəyişməli oldum.

Gölün kənarında, ortasından çay keçən kiçik bir şəhər düşünün. O şəhərin 4-5 mərtəbəli, rəngli binaları Qara Drin Çayına (Black Drin River və ya öz dillərində Crni Drin) baxır. Şəhəri iki yerə ayıran çayın üzərində hər 200-300 metrdən bir güllü-çiçəkli taxta körpülər salınıb. Çayın 2 hissəyə ayırdığı şəhər Ohrid gölündə bitir. Bir sözlə, mavilik içində rəngarəng bir gözəllikdir Struga.

Strugada gəzməli yerlər

Şəhərdə gəziləcək yer çox deyil. Göl kənarında çimərlikləri, göl və çay mənzərəli restoranları var. Bir də bazarı, rəngli küçələri, mağazaları…

Şəhərin təbiəti, havası möhtəşəmdir. Məsələn, mən bütün yayı burada qalardım. Hər səhər kompüterimi götürüb, çaya, gölə açılan sakit kafelərin birində oturub, işlərimi görər, gözəl mənzərədən zövq alar, axşamçağı da gölün kənarındakı çimərlikdə dincələr, dupduru suda üzərdim. Heç darıxmazdım da …

Struga

Sonradan bildim, sən demə, bura həm də “şairlər şəhəri”, – deyirmişlər. Üstəlik, hər ilin avqustunda şəhərdə şer festivalı keçirilirmiş. Bilmirəm, bəlkə də elə bu şəhərin yaradıcı ruhunu sevmişəm.

Strugaya nece getmək olar?

Makedoniyaya Albaniyadan keçdim. Albaniyanın Prenjas adlı kiçik bir şəhəri var. Makedoniya ilə sərhəddə yaxındır. Buradan sərhəddə, ondan sonra da bir vasitə ilə Makedoniyanın ən yaxın şəhərinə getməyi düşünürdüm. Nə isə mənə dedilər ki, sərhəddə getməyin ən yaxşı yolu taksilərdir. Bizdəki kimi 4-5 nəfəri yığıb aparır. Xidmət haqqını sərnişinlər aralarında toplayıb ödəyir. Bir neçə taksidən soruşdum, baha dedi. Axırda biri yaxınlaşdı ki, sizi pulsuz apararam, özü də sərhəddə yox, lap Makedoniyanın Struga şəhərinə. “Amma gərək atam soruşanda deyəsiniz ki, siz bunun üçün mənə pul ödəyəcəksiniz”. Atası da sırada duran növbəti taksi sürücülərindən biri idi. 4 nəfər idik. Həmin gənc oğlanla razılaşdıq. Yolda səbəbini soruşduq. Dedi ki, Strugada sevgilisi yaşayır. Onu görmək üçün bəzən belə bəhanələrə ehtiyacı olur.

Struga

Harada qalmaq olar

Həmin gün yorğunluğumu alandan sonra çayın kənarında bir-iki adamdan qalmağa yer soruşdum. Axırda bir türk ailəsinin evinin mansarındakı otağı kirayələdim.  Gecəsi 15 avroya…

Mirage hotel

Deməli, evin 1 otağı, balkonu, dəhlizdə də hamamı və ayaqyolusu var idi. Balkonun mənzərəsi küçənin arxa tərəflərinə açılsa da, hamamdan açılan mənzərə möhtəşəm idi. Pəncərə çay mənzərəsinə, şəhərin mərkəzinə baxırdı. İstədim həmin bu görüntünü çəkib, sosial şəbəkələrdə “view from my balcony” yaxud “view from my window” – yazıb, paylaşım. Bəzən 5 ulduzlu, bahalı otellərdə qalanlar edirlər axı, görmüşəm. İçimdəki səmimiyyət imkan vermədi . Deməyim odur ki, gecəsinə 15 avro ödəyəndə də ortalığa qəşəng mənzərə çıxır, amma gözləmədiyin yerlərdə…

Ən gözəl çay və gölkənarı şəhər

Getdiyim günü axşamı Strugada bir yağış yağdı ki, tut ucundan çıx göyə. Evə yerləşəndən sonra dincəlmək istəmədim. Əynimi geyinib yağışdan sonra gələn torpaq qoxusunun bələdçiliyində şəhəri qəşəngcə gəzdim. Axşamı da çayın kənarındakı restoranların birində oturub pendirlə şərab içib, musiqi dinlədim.

Struga

Evə ancaq gecə saat 2-də dönə bildim. Səhər də tezdən oyanıb gölün kənarında dolaşdım. Şəhərə aid türk ailədən suvenir aldım. Günortaya doğru isə Ohrid şəhərinə yola düşdüm. Struga gördüyüm ən gözəl çay və gölkənarı şəhərlərdən biri idi.

Məncə, “freelance” işləyənlər sərhədlər açılandan sonra düşünə bilərlər. Kompüterinizi götürüb gedin. Burada həm dincəlin, həm də bu gözəl şəhərdə zövqlə işləyin. Həftə sonları da Ohrid şəhərini və yaxınlıqdakı görməli yerləri gəzin, ləzzət alın …