PAYLAŞ

Afrikanın yaşıl mirvarisi – Uqanda

Heç vaxt görmədiyin bir məkanda olub, ətrafdakı qeyri-adilikdən, təbiətin möcüzələrindən, gözəllikdən, şəlalələrin şırıltısından zövq almaq istəyirsən? Onda Uqandanı seçsən, heç də peşman olmazsan. Möhtəşəmlik, müxtəlif rəng və forma, həyatın tündlüyü, nəhəng bitkilər, quşlar, həşəratlar, nəslikəsilməkdə olan heyvanlar, ucsuz-bucaqsız yerlər… Bütün bunlar Uqandada cəmlənib. İnsanların beynində Uqanda haqqında o qədər də xoş olmayan düşüncələr var. Çoxları buranı qorxulu, oğrularla, adamyeyənlərlə dolu olan bir ölkə hesab edir. Amma Uqandanı görəndən sonra əmin ol ki, bu fikirlərin tamamilə dəyişəcək.

Uqanda

 

Uqanda Afrikanın Şərqində yerləşir. Paytaxtı Kampala şəhəridir. Hava limanı Entebbedə yerləşir. Buradan paytaxt Kampalaya taksi ilə getməlisən. Bu, o qədər də çox vaxt almayacaq, cəmi 20 dəqiqə. Viktoriya gölü ətrafında yerləşən Kampalada hər yer yaşıl ağaclarla əhatə olunub. Ətraf o qədər təmizdir ki, elə bil burada insan yaşamır. Kampalada ölkənin ən gözəl otelləri cəmlənib. Bunlar arasında turistlərin diqqətini ən çox «Holliday Express» cəlb edir. Burada istirahət üçün hər şey var: idman zalı, SPA mərkəzi, oyun otaqları, kinoteatr, hovuz, sauna, gecə klubu. Pəncərədən görünən Viktoriya gölünün və yaşıl meşənin mənzərəsinə isə heyran qalacaqsan. Oteldə işçilər qonaqlarla çox mehriban davranırlar. Ümumiyyətlə, uqandalıların ölkəyə gələn bütün qonaqlara tamam fərqli, çox mehriban münasibətindən danışılır. Uqandada gündəlik hava temperaturu 27-29 dərəcə olur. Gözəl hava şəraiti ilin bütün fəslində istirahət üçün imkan yaradır.

 

Uqanda şərqi Afrikanın ən kiçik Respublikasıdır. Amma buna baxmayaraq burada turistləri heyran edəcək çox şey var. Vaxtilə Uqandaya heyran qalan Çörçül bu ölkə haqqında demişdi: «Yaşıl mirvari olmur? Bunu deyən yanılır. Bax, Uqanda əsl yaşıl mirvaridir…».

Gəzinti xəritən

Uqanda

Uqanda gözəl olduğu qədər də qəribə, qeyri-adiliklərlə, sirlərlə dolu bir ölkədir. Buna görə də Uqanda zəif insanlar üçün heç məsləhətli bir yer deyil – bura əsl macəra düşgünlərinin məkanıdır. Küçədə gedərkən qarşına qəfildən kimsə tullansa, qorxma. Bu, şamanlardır. Onlar sanki gözəgörünməzdirlər. Qəfildən peyda olur, qəfildən də qeybə çəkilirlər. Uqandada dünyanın ən professional şamanları yaşayır. Onlar insan taleyi ilə bağlı o qədər doğru məlumat verirlər ki, adam dəhşətə gəlir. 3 dollar ödə və istədiyini ondan soruş. Gəzinti zamanı özünlə götürə biləcəyin tək əşya fotokameradır. Üstündə hətta siqaret belə götürə bilməzsən.

 

Uqandanın gözü

Uqanda

Ruvenzor dağ massivinin ətəyində yerləşən bu milli parkı məhz belə adlandırırlar. Uqandaya gedən hər bir turisti bu parkı görməyə aparırlar. Buzxanalar, göllər və şəlalələr, fərqli güllər bu parkı Uqandanın ən gözəl məkanlarından biri edib. Parkın ən böyük özəlliyi odur ki, burada nəslikəsilməkdə olan balıqlar, heyvanlar saxlanılır. Hətta burada becərilən ağac və digər bitkilər də nadirtapılandır. Parkda hətta iynəyarpaqlı ağaclarla dolu olan meşəni də görəcəksən. Bu meşənin içərisində mağaralar var. Mağaralara hələ bu günə kimi heç kim girə bilməyib. Bura yalnız şamanlar girə bilirlər. Mağaralar pis ruhlarla doludur. Deyilənə görə, bu vəhşi heyvanlar tərəfindən parçalanmış insanların ruhudur. İçərisi isə insan sümükləri ilə doludur. Uqanda gəzintisi əsl adrenalindir. Həmişə dumanla örtülən bu park YUNESKO-nun siyahısına düşüb. Ruvenzor parkına çox vaxt «Yağışın qala divarı» da deyirlər. Ruvenzorda tez-tez yağış yağır.

 

Qorillalarla görüş

Uqandada dünyanın heç bir yerində rast gəlməyəcəyin qorillaları da görə biləcəksən. Burada yalnız iki parkda qorilla saxlanılır: Bvindi və Mqahinqa. Onların əksəriyyəti dağlarda yaşayırlar. Qorillalar tez-tez məkanlarını dəyişirlər.

 

Bvindi parkı flora və faunası ilə dünyada birinci yerdədir. Dağ qorillalarının olduğu yeganə park sayılan Bvindiyə bəzən «Qorillaların evi» də deyirlər. Qorillalara yaxınlaşmaq olmaz. Onları yaxından görmək üçün dövlətdən icazə kağızın olmalıdır. Bu kağız isə sənə 400 dollara başa gələcək. Parkda filləri, çox nadir rast gəlinən meşə qabanını, 10 fərqli meymun növünü də görə biləcəksən.

Qorilla

 

Gizli, insan ayağı dəyməmiş «Keçilməz meşə» də məhz bu parkın ətrafında yerləşir. O sirli, qorxulu və qəribə rəngli ağaclarla dolu olan bir meşədir. Deyilənə görə, bu meşədə hələ də insanların bilmədiyi tayfa yaşayır. Diqqətlə qulaq assan, səssizlik olanda adam əti ilə qidalanan bu vəhşi insanların səsini eşitmək mümkündür. Bu parkda qeybə çəkilən turistlər çox olub. Onların həmin tayfa tərəfindən oğurlandıqları güman edilir. Buna görə də burada turistlərə tək gəzmək və meşənin lap dərinliyinə doğru getmək qadağan edilib. Meşə həmişə qaranlıq olur, içərisinə işıq düşmür.

 

Virunqa dağ massivinin yamacında yerləşən Mqahinqa əhilləşdirilmiş 7 qorilla var. Bunlara «qorilla ailəsi» deyilir. İnsanlar bu meymunlara yaxınlaşıb, onları sığallaya, şəkil çəkdirə bilərlər. Bu parkda dünyanın heç bir yerində görməyəcəyin 2 mavi qorilla da saxlanılır.

Merçison Folz

Uqanda

Əgər safaridə gəzib, rəngli quşlar görmək istəyirsənsə, onda Merçison parkına get. Parka giriş 15 dollardır. Uqandanın ən əzəmətli, vahiməli şəlaləsi olan Merçison və məşhur Nil çayı da bu parkdadır. Nil çayının ağ suları ilə əhatə olunmuş bu parkda nəhəng xanı balığını görəcəksən. Dünyanın heç bir yerində olmayan pələng balıq da bu parkdadır. Səyahətin unutmayacağın hissəsi qayıqla Nil çayında gəzinti olacaq. Merçison şəlaləsinin gözəlliyinə isə heyran qalacaqsan.

 

Qədim dünya

Cinci Uqandanın ən qədim şəhəridir. Burada bütün evlər qədim üslubdadır. Nil çayı öz başlanğıcını məhz buradan götürür. Bura raftinq üçün əla məkandır. Nilin ağ sularındakı raftinqi heç vaxt unutmayacaqsan. Məsləhətdir ki, raftinqi səyahətin sonuncu gününə saxlayasan.

Uqanda

 

Dumanlı şəlalə, danışan ağac, sehrli mağara görmək istəyirsənsə, Elqon dağına get. Burada sən daşlaşmış meşə içərisindəki Khauki mağarasını gəzəcəksən. Khauki mağarasının içərisində danışan ağaclar bitir. Ağacın gövdəsi qırmızı, yarpaqları isə göyümtüldür. Deyilənə görə, ayda cəmi iki dəfə bu ağaclar insan kimi danışa bilir. Onu görmək isə hər turistə nəsib olmur. Dumanlı şəlalə Çebonetin mənzərəsinə heyran qalacaqsan. Bu şəlalənin üstündə həmişə göyqurşağı olur.

 

Qeyb olmuş tayfa

Uqanda

Uqandanın ən gözəl və gəzməli şəhərlərindən biri də Mubendedir. Burada ən gözəl yer Naamadır. Naama itmiş sehrli tayfanın məkanıdır. Əfsanəyə görə, bu tayfa qəfildən yox olub. Burada yaşayan bütün insanların sehrli gücü olub. İndi bu yerdə açıq muzey düzəldilib. Burada qəribə ağaclar görəcəksən. Hətta ruhlarla dolu olan sehirli nəhəng ağac da burada bitib. Ağac o qədər böyükdür ki, onun nə başını, nə də enini görmək mümkündür. Ağacın başında bir budaqdan o birinə tullanan ruhlar hərdən tüstü kimi gözə görünür. Qəfildən qulağının dibində nəfəs hiss etsən qorxma. Bu, həmin ruhlardır. Onlar insanlara heç nə etmirlər. Amma çalış, ağaca toxunub, bir yarpaq belə qırma. Hətta ağacın dibinə zibil atmağı ağlına belə gətirmə. Onda ruhların qəzəbindən səni heç kim qurtara bilməz. Ağacın bir budağında gözəl libas geyinmiş, üç qadın oturur. Qadınların üzündən nur yağır. Bu qadınlar ruhlarla danışır, onların insana çatdırmaq istədiklərini deyir.

Uqanda mətbəxi:

Uqanda

Uqanda adətinə görə, burada mətbəx açıq havada olmalıdır. Bişirilən yeməyin qoxusu havaya qarışmalıdır. Uqandalıların əsas tərəvəzləri yaşıl banan – «matoke»dir. Onlar matokeni qızartma, soyutma, konservləşdirilmiş halda yeyirlər. Ən bahalı yemək olan «Matoke»ni qızardılmış çörək, təbii balıq və şirin kartofla birgə hazırlayırlar. Hər bir uqandalı günə üç kiloqram banan yeyir. Uqandada olsan darı, kalış və maniokdan hazırlanan ən məşhur yeməyin dadına mütləq bax. Yağda qızardılmış çəyirtkə və termit (ağ qarışqa) uqandalıların ən təmtəraqlı yeməyidir. Özəl günlərdə bütün uqandalının süfrəsində bu yeməyə rast gələcəksən.

Uqanda

 

 

Bir həftə günəş altına qoyulub, qurudulmuş balıqdan hazırlanan, üzərinə qozlu sous tökülən yeməyin dadı damağından uzun müddət getməyəcək.
Uqandada ləzzətli desertlər olur. Fərqli tropik meyvələrlə hazırlanan desertlərin qeyri-adi dadına heyran qalacaqsan.