Ev Gəzməli yerlər Gəziləcək Yerlər Gəziləcək yerlər-Möntrö

Gəziləcək yerlər-Möntrö

Möntrö

Montrö Cenevrə aeroportundan maşınla bir saatlıq uzaqlıqdadır. Əsl istirahət şəhəridir. Rahatladıcı, ruhlandırıcı ab-havası var. Yəqin turistlərin şəhərə vurğunluğu da ondandır. Görməli məkanları, tarixi abidələri var.

Tarixi yerləri sevənlər Cenevrə gölünün mənzərəsi fonunda yerləşən Orta Əsrlərə aid “Şilyon” qəsrini mütləq görməlidir. Təbiəti sevənlər isə dağda yerləşən “Marmot cənnəti” parkına gedə bilər. Parkda heyvanlara da rast gəlmək olur.

Qaldığımız qonşu Vevedən Montröyə qatarla cəmi altı dəqiqəyə gəldik. Otelimiz “Grand Hotel Suisse-Majestic” dəmir yolu stansiyasının yanındadır. Yüz illik tarixi olan bu dördulduzlu otel şəhərin mərkəzində, Cenevrə gölü yaxınlığında yerləşir.

Gəlin, şəhərlə tanışlığa da elə buradan başlayaq. Montrö Cenevrə gölü və Alp dağlarının əhatəsindədir. Sahil zolağı bütün şəhər həyatının mərkəzidir. Veve ilə Montrönü birləşdirən, “Şilyon” qəsrinə qədər uzanan ərazi yaşıllıq, güllük-çiçəklikdir. Gölün hər yerində yelkənli gəmi və katerlər var. Sakinlər və qonaqlar kiçik gəmilərlə göl turuna çıxırlar. Üstəlik, gölün duru suyu həm üzmək, həm də su idmanı üçün əlverişlidir. Sahildə Cenevrə gölünün rəmzi sayılan çoxlu qu quşları da olur.

Caz sədaları altında gəzinti

otel

Sahil boyunca düzülən binalar, otelimiz, möhtəşəm “Fairmont Le Montreux Palace” “Gözəl əyyamlar” (“Belle Époque”) dövrünə aiddir. Sahildə canlı musiqinin ifa olunduğu çoxsaylı müasir kafe və restoranlar da var. Montrö həm də caz şəhəridir. 1967-ci ildən bu yana hər il iyunun əvvəlində şəhərdə caz festivalı keçirilir.  Festivala dünyanın hər yerindən ifaçılar gəlir. Həmin dövr musiqi təkcə caz-klub və salonlarda səslənmir. Parklarda, küçələrdə də cazdan zövq almaq olur. Festival əvvəlcə sırf caz tədbiri kimi düşünülsə də, 1970-ci ildən burada soul, rok, blüz və s. kimi istiqamətləri təmsil edən musiqiçilər də iştirak edirlər. “Rolling Stones”, “Deep Purple”, “Queen” kimi qruplar tez-tez festivalın qonağı olurlar.

Şəhər sakinlərinin sevdiyi qruplar

Queen qrup

Montrödə Britaniyanın “Queen” qrupuna xüsusi sevgi var. O qədər ki, şəhərdə bu qrupun yaradıcılığına həsr olunmuş muzey də tikilib. Sahildə isə qrupun solisti, Montrönü çox sevmiş və bir neçə il burada yaşamış Freddi Merkurinin abidəsi ucalır. “Queen” qrupu uğur qazanmış albomlarının böyük hissəsini Montrödə, “Mountain Studio”da yazdırıb. Elə muzey də bu studiyada yerləşir. Eksponatları isə çoxsaylı xatirə əşyaları, musiqiçilərin səhnə geyimləri, mahnılarının əlyazmaları və istifadə etdikləri musiqi alətləridir.

Şilyon qəsri

Cenevrə gölü sahilində yerləşən “Şilyon” qəsri Montrönün görməli məkanlarındandır. Bu qəsr şəhərə gələn hər bir turistin mütləq getmək istədiyi əsl orta əsr attraksionudur. Qəsr İsveçrənin ən gəliş-gedişli tarixi tikilisidir.

Şilyon” 400 il ərzində Savoyya qraflarının iqamətgahı olub. Deyilənə görə, İsveçrə vətənpərvəri və tarixçisi Fransua Bonivar qalanın içindəki zindanda dörd il qandallanmış vəziyyətdə saxlanılıb. Bu əhvalat lord Bayronu 1816-cı ildə poemasını yazmağa ruhlandırıb.

Şilyon qəsri

Cenevrə gölü ilə dik dağ yamacları arasında yerləşən qayalıq ada hələ tarixdən əvvəlki dövrlərdə məskunlaşmış ərazi olub. Cenevrə gölündə gəmilərin hərəkəti və Sen-Bernar aşırımına gedən çox mühüm yol yüz illər boyu bu adadan idarə olunub. 1536-cı ildə Bern sakinləri qəsri ələ keçiriblər. 1803-cü ildə isə Vo kantonunun müstəqilliyinin elan edilməsi ilə əlaqədar bu kantonun sərəncamına keçib.

Hazırda qəsrdə muzey yerləşir. Muzeyin hər il 350 mindən çox ziyarətçisi olur. Bütün kompleks 25 bina, iki dairəvi divarla müdafiə olunan üç daxili həyətdən ibarətdir. Qəsrə daxil olanda orta əsr cəngavərləri və şahzadə qızları haqqında nağıllardakı şəhərə düşdüyünü zənn edirsən. Burada hər şey ilkin görkəmində saxlanılıb. Daş döşənmiş küçələr, oyma naxışlı taxta eyvanlar, aşırma körpülər. XIV əsrə aid naxışlı divarları, bernlilərin hökmranlığı dövrünə aid yeraltı anbarları, dəbdəbəli salonları və yataq otaqlarını görmək olar. Ekspozisiyanı orta əsrlər dövrünə aid əsl silahlar – toplar, gürzlər, tüfənglər, mancanaqlar, nizələr və s. tamamlayır. Ayrı-ayrı stendlərdə orijinal cəngavər yaraq-əsləhəsi təqdim olunub.

Qəsr bir tərəfdən yaşıl qayalarla, digər tərəfdən Cenevrə gölü ilə əhatələnib. Fransızlar gölü “Leman” adlandırırlar. Qəsrlə gölü taxta körpü birləşdirir. Gələn turistlər məhz bu mənzərə fonunda fotolar çəkdirirlər.

Dəmir yolları ilə məşhur olan ölkə

İsveçrə gözəl təbiəti ilə seçilir. Dağları isə bir başqa aləmdir. Odur ki, biz də dağ gəzintisi etmək qərarına gəldik.

Möntrö yolları

İsveçrədə qatarlar dağlarda ən populyar nəqliyyat vasitəsidir. İsveçrəlilər mürəkkəb relyefli yerlərdə dəmir yolları tikintisi sahəsində professionaldırlar. Onlar buna iki adi rels arasına dişli rels qoyulmasını nəzərdə tutan xüsusi texnologiya sayəsində nail olublar. Belə dəmir yollarında hərəkət edən qatarlar da müvafiq olaraq dişli təkərlərlə təchiz edilirlər. Dişli dəmir yollarının qatarları adi qatarlardan fərqlidir. Dik yoxuşlarda asanlıqla hərəkət edir. İsveçrə bu tip dəmir yollarının sayına görə dünya rekordçusudur. 20-dən çox belə yolu var.

Tarlaları gözəllik rəmzi olan ölkə

Möntrö tarlaları

Yolumuz Montrödən Roşe-de-Neyədir. Dəniz səviyyəsindən 2042 metr yüksəklikdə yerləşən Marmot qoruğu da buradadır. Qatar dağlara qalxdıqca Cenevrə gölünə, Savoyyaya, Voya, Valeyə və Alp dağlarına əsrarəngiz mənzərə açılır. Getdikcə meşələri çəmənliklər və nərgizgülü bitən talalar əvəzləyir. Burada bitən nərgizgülü yazıçı Lev Tolstoyun və Ernest Heminqueyin əsərlərində də xatırlanır. 1897-1957-ci illərdə burada nərgizgülü festivalları da keçirilib. İndi isə nərgizgülü talaları öz gözəlliyi ilə fotoqrafları, turistləri, velosipedçiləri, Skandinaviya yerişini sevənləri və paraplaneristləri cəlb edir.

Alp bağı

Bənzərsiz landşaftlara qırx dəqiqə ərzində tamaşa edə-edə Roşe-de-Neyə çatırıq. Turistlər marmotların yuvalarına tamaşa edir. Bura “Marmot cənnəti” də adlanır. Qoruqda 14 növ marmot saxlanır. Şüşə arakəsmədən marmotların həyatını müşahidə etmək olur. Marmotlar turistlərə öyrəşiblər. Bəzən yuvalarından çıxaraq təpəciklərə qalxır, özlərini günə verirlər.

Möntrö Alp Garden

Yuxarıdakı gözəl məkanlardan biri də “Alp bağı”dır. 1896-cı ildə açılan bu bağda dünyanın hər yerindən təqribən min növ dağ bitkisi əkilib. Qeyri-adi hisslər yaşamaq istəyənlərə hər cür rahatlığı olan əsl alaçıqlarda gecələmək təklif olunur.

Harada, Nə yeyək ?

Möntrö

Nahar etmək üçün yaxınlıqdakı Ko şəhərciyinə yollandıq. Qatarla Koya 10 dəqiqəlik yoldur. Burada dəniz səviyyəsindən 1150 metr yüksəklikdə ənənəvi İsveçrə şalesi – “Le CouCou” (“Ququ quşu”) ailə otel-restoranı yerləşir. Restoranın terrasından Cenevrə gölünə və meşə ilə örtülmüş dağlara açılan mənzərəyə baxdıqca doymaq olmur. Bu yerlərin mətbəxində isə ancaq və ancaq yerli orqanik məhsullardan istifadə edilir.

Şokolad Qatar

Şokolad Qatar

Yeri gəlmişkən, “Roşe-de-Ney”ə və başqa regionlara təkcə adi qatarla deyil, həm də maydan oktyabradək işləyən “Şokolad Qatar”la da getmək olur. Bu tur yalnız birinci dərəcəli – ya 1915-ci ilin vintaj vaqonunda, ya da müasir panoramlı vaqonlarda səyahət təklif edir. Belə turu fərqləndirən cəhət budur ki, gediş haqqına isti qəhvə, kruasanlar və pendirli fondü, habelə “Nestle” şokolad fabrikinə getmək və onun məhsullarını dequstasiya etmək daxildir. Necə deyərlər, həm ziyarət, həm ticarət