Ev Gəzməli yerlər Gəziləcək Yerlər Gəziləcək yerlər – Şri lanka

Gəziləcək yerlər – Şri lanka

Şri-lanka

Deməli dostlar, qeyd eliyim ki, Şri Lanka qətiyyən qorxulu bir yer deyil, heç bir iynə (vaccination) falan vurmaq lazım deyil. İki ay İndoneziyada qalmış bir adam kimi deyə bilərəm ki, Şri Lanka daha rahat və daha təmiz bir ölkədir.

Şri lanka

Şri Lanka səyahətinizi mükəmməl etmək üçün yaxşı marşrut qurmağı bacarmalısınız. Mən 12 günlük marşurtu dostlarımla birgə qurmaq üçün yəgin ki, 100-ə yaxın blog və videolara baxmışam və şəxsi fikrimi, baxışımı sizlərlə rahatlıqla bölüşə bilərəm.

Uçuşdan əvvəl

Təyyarə biletləri çox müxtəlifdir. Amma Bakıdan gediş-gəliş üçün qiymət və komfort baxımından ən rahatı Airarabia.com-dur. Biletin qiyməti 550 ABŞ dolları etdi, 1 adama. Dirəşsəniz, tarixlərlə biraz da oynasanız, 500 civarında da tapa bilərsiniz. Qeyd edim ki, “low coster”di, yəni təəssüf ki, yalnız əl baqajı daxildir və yemək içmək olmur, amma mən əlavə ruqzak da götürmüşdüm (içində yeyib içmək və s.) və heç bir problem olmadı. Baku – Şarjah – Colombo. Şarjada gözləməni qeyd etməsək ümumi uçuş 7 saat 30 dəqiqə edir.

Şri lanka

Viza

Şri lanka

10 dəqiqə vaxt alır. Onlayn bütün lazım olan məlumatları qeyd edirsiniz. 30 günlük səyahət vizası üçün 35 dollar rəsmi rüsumdur, 3 dollarda sayt özü nəsə atış gəldi, oldu 38 dollar.

Marşrut

Hansı fəsildə getməyinizdən çox şey asılır. Bizim halımızda bu yaya təsadüf etdiyi üçün həmin temperatura uyğun olaraq şəhəri və vaxtlarını planladıq. İyul ayının ortalarına qədər yağışlar davam edir, adanın qərb və cənub tərəflərində. O baxımdan biz başladıq mərkəz və şərqdən ki, cənubdakı o möhtəşəm çimərliklərə gedənə qədər yağışlar azalsın. O boyda pul xərclə və zaqar almamış qayıt?! No, babe! ?

Şri Lanka

Colombo

Colombo paytaxtdır. Səyahətinizin müddəti 2 həftə və ya daha azdırsa, təklif edirəm ki, orada qalmayın, təyyarə enən kimi gedin növbəti şəhərinizə. Həmin o yorğunçuluğun qarşısını almaq üçün isə mini van sifariş vermişdik elə Bakıdan, whatsapp vasitəsi ilə. Şri Lanka Airport Services (+94773571443).

Colombo

Colombodan Sigiriyaya (ilk kəşf edəcəyimiz şəhərə) 10.500 Rupiyə apardılar bizi (1 manat = 100 rupi). Baha səslənə bilər, amma səhər tezdən çatacağmızı bilib biraz güvənli yol axtardıq və qiymət baxımından da bundan sərfəli şəxsi transfer tapmaq mümkün olmadı. 5 nəfər idik, adama 21 manat, lüks həyat.??

Sigriya

Sigriya

Sigiriyada əsas məqsəd Lion Rock-u görmək idi. Amma möhtəşəm şəkil üçün Lion Rocka 50 manat verib qalxmaq yox da… Onunla üzbəüz daha möhtəşəm mənzərəsi olan Pidurangala-ya dırmaşmağı məshələt görürük, cəmi 5 manatdı. Rahat deyil həmin yolu qət etmək, amma dəyər, mənzərə nəfəskəsicidir.

Trincomalee

Trincomalee

Sigiriyada 1 gün qalıb, davam etdik şərq sahilinə: Trincomalee! Avtobus təxmini 3 saatdan çox getdi və 1 manat 62 qəpik idi yol pulu. Trincomalee yetərincə geniş ərazi tutur, daha az turist olan və daha gözəl çimərlikli yer sayılır Nilaveli (Trincomalee-dən 20-30 dəq məsafədə). 3 gecə qaldıq ki, biraz şellənək. Amma, Nilavelidə qalanda (Nilaveli Hybrit Holiday Hotel) mən biraz sivilizasiya üçün darıxırdım, çox az adam var idi, okean-otel vəssalam. Orda qaldığımız müddətdə bir günümüzü Trincomaleedə keçirdik səhərdən axşama, və düşündüm ki elə burda qalsaq yaxşı olardı. Çimərlikdi burda da var, əlavə olaraq bazar, kef, turist, kokteyllər də var. İndi baxın da.

Ella

Ella

Növbədə əsas getmək istədiyimiz yer Ella şəhəri idi. Amma gördük ki yol çox uzun olar ora, ona görə fikirləşdik ki, bir gecə Kandy şəhərində qalaq. Həm adı çox çəkilirdi bloqlarda, həm də işimizin adı nədi.

Kandy

Yaxşı ki Kandy-ə getdik, yoxsa evimiz yıxılardı. Şoppinq falan elədik o heç, sən demə 2 ildi haqqında oxuduğum məşhur “blue train” burdan gedir Ellaya. Biz də elə bilirik ki, o train Elladan harasa gedir və yolüstü o məşhur körpü, “9 Arches Bridge”dən keçir. Bir gün Kandy-də kapsula formasında olan hosteldə qaldıq, 9 manatdan, adı Bunk Planet idi. KFC-də adam balası kimi yedik, və qatara bilet aldıq Ella-ya. 3 klass var. Ən ucuzu 3-cüdü, hardaki adam adamı minir, 1 manat 70 qəpik. Biz 2-ci klassa aldıq, yarı minildik, 3 manata. 1-ci klass isə 11 manat idi. Şri Lankada 20 qəpiyin söhbətini edən dostlar kimi təbii ki, 1-ci klass barədə heç düşünmədik.

Qatara minəndə camaat bir birini əzir. Amma yerlilərdən çox o sarı-sarı mədəni avropalılar var ha, bir oyun çıxarırlar ki, pəncərənin yanında oturmaq üçün ..

Kandy

Bir müddət 2 oğlan ayaqüstə qaldıq, amma yerli camaatdan bir neçəsi təklif elədi ki, biz Ella-ya qədər getmirik, növbəti stansiyada əyləşin bizim yerimizə. Sağolsunlar elə də oldu. Amma oturmaq maraqsız olur. 155 km yolu qatar 6 saat 20 dəqiqəyə getsə də, elə istəyirsən ki, dayanmadan yola baxasan. Əmin olun ki, həyatınızda unutmayacağınız mənzərə və tunellərdən keçir qatar.

Ella-da qaldığımız yeri 2 əlli hamıya məsləhət görürük: Ella Hide View. Ucuz deyil, gecəsi adama 25 manata gəlir, amma elə mənzərəsi və səhər-axşam yeməyi var ki, oteldən çıxmaq istəmirsən.

Ella-da çoxlu çay plantasiyaları, məşhur 9 arches körpüsü var ki, mütləq getmək lazımdı. Piyada gəziləsi istiqamətlərdədir. Amma onu da deyim ki, vaxtınız bol olarsa Nuwara Eliya adlı şəhər də var yaxınlıqda, hansı ki deyilənə görə mükəmməldir və  ordan “Adam Pik”ə çıxmaq olur (biz özümüzə əziyyət vermək istəmədik). Şri Lankada bir deyim var, “Şri Lankaya gəlib Adam pik-ə çıxmayan dəlidi, amma ikinci dəfə çıxan da dəlidi”. İstənilən halda, 2 gün qalıb yolumuza davam etdik.

Elladan sonra məqsəd fil görmək və son olaraq passiv istirahət edəcəyimiz cənnət məkanı görmək idi. Uzun yollardan biraz qorxandan sonra, bir qrup komfort sevən Azərbaycanlı gənc daha bir mini van daşınıb 120 manata, getdilər filə baxmağa, ordan da növbəti şəhərə “Unawatuna”ya.

Unawatuna

Fillər milli parklarda olur, standart olaraq giriş 30 manatdı adam başı və Jeep falan da kirayələyəndə qalırsan belə. Əslində gedirdik ora, sadəcə öyrəndik ki, onun yanında balaca fillərin evi var (yetimxana kimi) harda ki, onları yemləyirlər və sən baxırsan, 5 manat verib getdik ora. İnstaqramda adı “Udawalwe Elephant transit home” kimi çıxırdı. Yolüstü isə məşhur Udawalawe Milli Parkının yanından keçirdik və içəridəki nəhəng fillər düz yolun qırağına qədər gəlmişdi. Sürücü saxladı, düşdük şəkil çəkdirdik sağlığınıza, qoyduq instaqrama. Məndə çox da yaxşı alınmamışdı deyə şəkil, story kimi atdım. 30 manat da qaldı cibimizdə.

Unawatuna

Və, və, və çatdıq cənub sahilinə, Unawatuna-ya. (Nooit Gedacht Heritage Hotel).
4 nəfərlik idi otaq, Bakıdan yazıb soruşmuşduq, dedilər 5 nəfər də qalsa okaydi. Amma 1 nəfər üçün səhər yeməyinin pulunu verdik. 10 dollar deyirdilər, 5 dollara saldıq. Adam başı 3 gecə, 4 günə 100 manat çıxdı. Baha deyil. O biri yerlərdə qənaət etmişdik ki, burda hovuzlu və s. kimi yaxşı yerdə qalaq. Dostlarım okean-okean deyib dil tökürdü, amma yaşıllıqda olan o hovuzun möhtəşəm isti suyu min dənə Hind okeanına dəyərdi.

Ən gözəl çimərliklər burdadı. Google-da nə çıxsa qabağınıza, bilin ki burdadı. Yağış mövsümünün sonu idi deyə 3 günümüzdən 1-i çiskinli keçdi. Amma həmin vaxt ərzində də məşhur Şri Lanka Ayurvedic massajından faydalanmış olduq. 1 saat bütün bədən (almost) 30 manat deyirdilər, amma dil töküb 15 manat (1500 rupi) verib adama, şelləndik.

Galle

Orda yaxında Dalawella beach var, hardaki palmadan o məşhur yellənçək asılıb. Dirəşsəniz, “Bounty”nin reklamını çəkmək olar. Və mütləq şəkildə Unawatunadan cəmi 5 km məsafədə yerləşən Galle şəhərinə gedin, möhtəşəmdir.

Galle

Uçuşumuz üçün Colomboya qayıtmalı idik, oteldən günorta çıxdıq ki, çemodanlarla Colomboda çox gözləməyək. 3 manata aparır avtobus. Ekpress avtobusa mindirmək istəsələr razı olmayın, şəhərin mərkəzindən çox uzaq saxlayır, gərək bir o qədər də yol gedib çatasan Colombonun mərkəzinə.

Evdəkilərə və dostlara alınacaq bir şeylər qalıbsa, Colomboda son pullarınızı və enerjinizi xərcləyə bilərsiniz. Şəhərin səs-küyündən həzz alıb, bezib, biraz eqzotik meyvələr alıb hava limanına qaça bilərsiniz.

Ümümi marşrut belə idi:

Colombo – Sigiriya – Trincomalee (Nilaveli) – Kandy – Ella (Nuwara Eliya) – Udawalawe – Unawatuna (Dalawella, Galle) – Colombo

Bu yazılanlardan başqa şimal sahillərində Jaffna şəhəri var, sadəcə bizim plandan çox kənarda idi. Jaffna yerdən qaynayan təbii sularına görə məşhurdur.

Digər ip ucları:

  1. Pulunuzu nəğd aparın, çox az yerdə kart işlənilir.
  2. Yaş salfetdən bol-bol aparın. Avtobusda və ya tuk-tukda uzun yol gedəndə, üz tüstüdən çirk olur.
  3. Siqaret çəkənsizsə (arabir olsa da belə) Bakıdan kisə-kisə alın aparın, orda 15 manatdan ucuz tapmaq çətindi.
  4. Çox içənsizsə biraz pauza edin, yerli pivə Lion Beer ən ucuz halda 3 manat olur. Bəzi hallarda da dalınca qaçırlar ki, butulkanı qaytar.
  5. Sosial media manyakısınızsa, başınız sağ olsun. Wi-fi gücnən tapırsan, tez-tez də evin yiyəsinə deyirsən ki, bir dənə onu söndür yandır da, şəkil paylaşılmır nəsə. İlişdi yenə.
  6. Və tam ruhunuzla sevin yenilikləri. İnsanların sizə həyəcanlı baxışını, acı yeməkləri, yanıltmaca oxşayan dillərini, ditdililəri (“OFF” alın aparın), və eyni zamanda göz oxşayan yaşıllıq, vəhşi təbiətlə birbaşa təmas, ruhun dincəlməyi, okean suyunun inanılmazcasına dəriyə müsbət təsiri, Pidurangala-ya çıxandaki o həyəcan və günəş batımı, kokosdan hazırlanmış müxtəlif kokteyllər və ən gözəli, 2 manata ananas freş ^^