Gürcüstanın UNESCO incisi və “müqəddəs şəhəri” sayılan Mtsxeta Mtkvari (Kür) və Araqvi çaylarının qovşağında yerləşir. Tiflisdən cəmi 20 km şimalda yerləşən bu şəhərin kilsələri 1994-cü ildə UNESCO irsinə daxil edilmiş və xristianlığın beşiyi sayılan şəhərlərdən hesab olunur.
Ən məşhur kilsəsi Cvari kilsəsidir ki, bu da turistlər arasında yerinə görə məşhurdur. Belə ki, kilsənin həyətindən çayların qovşağının yaratdığı əsrarəngsiz mənzərəni seyr edə bilərsiniz. Digər bir məşhur kilsə isə Svetitsxoveli kilsəsidir ki, bu da Orta Əsrlər Qafqaz mədəniyyətinin bariz nümunələrindəndir, hansı ki burada ən qədim gürcü əlifbasının sübutu olan tarixi əlyazmalara rast gələ bilərsiniz.
Mtsxetadan bir az kənarda Armaztsixe qalası və akropolisi yerləşir ki, bunun da tarixi eramızdan əvvəl 3-cü əsrinə gedib çıxır. Həmçinin burada Pompey körpüsü yerləşir ki, əfsanələrə görə Böyük Pompeyin eramızdan əvvəl birinci əsrdə İberiyada olduğu müddətdə tikilib. Gəlmişkən Samtavro monastırına da baş çəkməyi unutmayın.
Tarixi yerlərə baş çəkdikdən, dağlı-çaylı mənzərələri seyr etdikdən sonra bazara dəyməyin əsl vaxtıdır deyə düşünürəm. Mtsxetanın mərkəzində böyük bazar var, siz burada suvenirdən tutmuş çaxıra kimi, hətta lavaş turşusuna kimi ürəyiniz istəyən hər bir şeyi tapa bilərsiniz. Lavaş turşusu demişkən, eynən bizdəki kimi böyük şose yollarının qırağı boyunca (əsas da rayonlara gedəndə) bu turşuların “sərgisi”ni görə bilərsiniz.
Bazarla da işinizi bitirdikdən sonra aclıq instinktiniz sizi bilaixtiyar gürcü xingalını yeməyə aparacaq, nə deyirəm olsun. Əgər dadlı yeməklərdən və gözəl dağ mənzərəsindən zövq almaq istəyirsinizsə Zgapari restoranını yoxlayın. Yeməklərə gəldikdə isə, təklif edərdim ki, xingalla yanaşı digər gürcü yeməklərini də yoxlayın. Öz bəyəndiklərimdən toyuq kababı, lobiani, xaçapuri və ya lobiani kabablarını (inanılmaz dərəcədə dadlıdır!) sizə də məsləhət görürəm. Bir də qeyd edim ki, istənilən gürcü xingalının tərkibində donuz əti olur, çox vaxt mal əti ilə qarışdırsalar belə, donuz əti yemirsizsə bunu bilməyinizdə fayda var.
Həə, bir də limonadları. Biz gürcü dostlarımızla yeyib içəndə dedik ki, bəs bizə məşhur Nataxtari… Rastlaşdığımız mənzərə bu gürcülərin turşutduqları üzləri oldu. Sən demə əksər gürcülər bizim “bəh-bəh”lədiyimiz Nataxtarini bəyənmirmiş və ən sevdikləri isə Zedazeni imiş. Siz də yoxlayın əminəm ki, bəyənəcəksiniz. Bir də gürcülərin “lagidze”ləri təbii siroplardan və sodadan hazırlanır, 2014-cü ilə bu hazırlanma texnikası da UNESCO irsinə daxil edilmişdir.
Mineral suları məncə bizim azərbaycanlılara çoxdan məlumdur, yenə də təkrar etməkdə fayda var: Borjomi, Likani, Nabeglavi və Sairme.
Alkoqollu içkilərdən meyvəli çaça və təbii üsulla hazırlanan qvevri çaxırlarını yoxlaya bilərsiniz. Yox əgər məşhur gürcü brendi olan şərablardan istəyirsizsə seçim çoxdur. Tünd və qırmızı çaxırları sevirsinizsə ən bəyənilən və festivallarda qızıl medala layiq görülmüş “İlerco” (qırmızı və quru üzüm şərabı) “Saperavi” və “Mukuzani” şərablarını yoxlaya bilərsiniz. Əgər nisbətən yüngül və ağ çaxır bəyənirsinizsə onda “Rkatsiteli Qvevri Qlexuri” şərabını yoxlamağa dəyər. Həmişə gəzməkdə!