Ev Gəzməli yerlər Gəzəyənlər Gördüyüm ən qeyri- adi 4 muzey

Gördüyüm ən qeyri- adi 4 muzey

          Adlarina tez-tez rast                   gəlinməyən muzeylər

Muzeyləri gəzmək istənilən səfərin az qala mütləq sayıla biləcək atributlarındadır. Getdiyiniz şəhərin heç olmasa bir məşhur muzeyini ziyarət etməmiş qayıtmaq bağışlanılmazdır.  Luvr, Ermitaj və s. məşhur muzeylərlərlə yanaşı orijinal, turizm resurslarında adlarına tez-tez rast gəlinməyən muzeylər marağımı daha çox çəkir.Belələrindən dördünü sizinlə bölüşə bilərəm

      “Kino muzeyi”- Düsseldorf, Almaniya

Bu muzeyi ziyarət etmək üçün təkcə səyahətçi yox, həm də qatı kinoman olmalısınız. Şəhərdə belə bir muzeyin var olduğunu eşidən an anladım ki, onu görməmiş Düssledorfdan gedə bilmərəm. Film izləməyi, film çəkməyi, filmdə çəkilməyi sevən və arzulayan hər kəsin marağını oyadacaq eksponatlar var burada. Ən qədim eksponat 13-cü əsrə aiddir. Kinoproyektlər, kameralar, dekorasiya və kostyumlar arasında ziyarətçilər özlərini muzeydə yox, çəkiliş meydançasında hiss edirlər. Şəkil çəkməyə icazə vermirlər, amma mən cığallıq edib bir neçə kadr tutmuşdum. Şəkillərin keyfiyyətindən də gizlin çəkildiyi hiss olunur. Muzeyə giriş pulludur, qiyməti 10 avroya qədər olmalıdır.

 

 

     “Məsumiyyət muzeyi”, İstanbul, Türkiyə    

Bu muzey haqqında da kitab qurdları, xusüsən də müasir dövrün türk yazıçılarını oxuyanlar yəqin ki eşidiblər. Orxan Pamukun eyni adlı əsərinin adı daşıyan muzey konseptinə görə doğurdan da həyatımda gördüyüm ən maraqlı muzeydir. Əsərdə gənc adamın bir qadına olan dəlicəsinə eşqindən və illər boyu qadına aid olan hər şeyi (çəkdiyi siqaretlərin kötüyündən tutmuş saç sancağına qədər) toplamasından danışılır. İllərcə davam edən bu kolleksiya nəticəsində bir muzeylik əşyalar toplanır. Qəhrəman əsərin müəllifindən öz sevgisi haqqında belə bir roman yazmasını xahiş etməklə qalmır, həm də sevgilisinə aid yığdığı əşyaların toplandığı bir muzey açılmasını təşkil etməyi istəyir.  Masumiyyət muzeyi İstanbulun ürəyində, İstiklal caddəsindən biraz aşağıda yerləşir (bu da qəhrəmanın istəyi idi), giriş pulludır, hər gün saat 18.00-a qədər açıqdır. Muzeydə şəkil çəkməyə icazə verilmədiyi üçün fotolar internetdən götürülüb. Kitabı oxuyan və Orxan Pamuku sevənlər İstanbula ilk səfərlərində, məncə, ora getməlidirlər.

     

Bulqakovun ev muzeyi və ya “Dom Trubinıx”, Kiyev, Ukrayna

Sizin də stolüstü kitabınız bu gizəmli müəllifin “Master və Marqarita”dırsa və Bulqakov haqqında ucundan- qulağından xəbərdarsınızsa bu ağ-appaq muzey haqqında eşitməmiş olmazsınız. Muzeyin ikinci mərtəbəsində Bulqakovun şəxsi əşyaları, qonaq, yataq, iş otağı, əsərlərindən sitatlar, “Belaya qvardiya” romanına aid çoxlu xatirələr var. Bu başdan deyim ki, içəridə bələdçisiz gəzmək imkanı yoxdur, yaşlı bir xanım sizi öz arxasınca aparır və monoton səslə danışır. Bunun müsbət ya mənfi hal olması da adama görə dəyişir. Şəkil, video çəkməyə icazə verirlər, əsas odur işıqlandırma (flash) olmasın. Giriş hardasa 2-3 AZN-dir. Mənim diqqətimi muzeyin özündən çox Bulqakovun verandasında çay içmə mərasimi çəkmişdir, belə də adlanır- “Çayepitiye na bulqakovskoy verande”.

“Tullantıdan incəsənətə” və ya loru dillə zibil muzeyi, Bakı, Azərbaycan

 Bizim gözəl şəhərdə belə maraqlı muzey fəaliyyət göstərir 2015-ci ildən etibarən. Muzeydəki bütün eksponatların hazırlanmasında tullantı məhsullarından istifadə olunub. Tozsorandan tutmuş televizor pultuna kimi hər şeyi bir sənət əsərinə çeviriblər və çox da uğurlu alınıb. Burada görüntüdən başqa ətraf mühitin qorunmasına yönəlmiş ideya da alqışa layiqdir.  Muzey Qala qoruğunun ərazisində, Bakıdan сəmi 40 km aralıqda yerləşir, mənzilə yetişmək üçün şəxsi nəqliyyat, taksi və avtobusdan istifadə etmək olar. Giriş ödənişlidir, qiyməti simvolikdir və gördüklərinizə dəyir.

Haqqında danışdıqlarım isə bir nəfər də belə maraq oyatdısa nə xoş mənə.