Teref.az yazır ki, doğma Azərbaycanımızın ən görməli-gəzməli yerlərindən birinin, bəlkə də birincisinin Murovdağın quzeyində yerləşən Göygöl olması sirr deyil. Bu gözəl yurd yerinə “dağlar gözəli “ Göygölün tamaşasına gələnlər onun kiçik “bacısı” Maralgölə də baş çəkmək fürsətini əldən vermirlər. Di gəl, iki göl arasındakı 7 kilometrlik yolu qət etmək problemə çevrilib. Özəlliklə tur gəzintisinə çıxanlar vaxt çatışmazlığından, yaşlı və xəstə insanlar sağlamlıq imkanları yol vermədiyindən ayaqla yola çıxmaqdan imtina edirlər. Avtobusların ümidinə bel bağlayanlar isə əsl “hamam effekti” ilə üzləşirlər. Təsəvvür edin, 22 yerlik “Hyunday” avtobusları 60 -a yaxın sərnişini bir -birinin belində elə “daşıyır” ki, heç kimin cınqırı da çıxmır. Qayıdanda da basabasdan ürəyi tutanlar, nəfəsi tıncıxanlar yetərincədir. Özünü avtobusun, 14 yerlik “Qazel”in içinə dürtə bilənlər özlərini elə xoşbəxt sanırlar ki, elə bil bəy hamamına düşüblər. Belə “turist xidməti”ndən kim inciyər ? Pulu pul, minnəti də minnət. 1 manatını ver get basabasla Maralgölü gör, 1 manat ver qayıt eyni basabasla Göygölə. Görəsən, bu basabasa son qoymaq kimin üzərinə düşür? Burada qayda yaratmağı hansı qurum təmin etməlidir?
Xatırladaq ki, bu turizm obyektini daha çox xarici qonaqlar ziyarət edir, “basabas” mədəniyyətimizin hansı durumda təsəvvür edilməsi çətin olmaz. Maralgölə qalxan, kiminin 293, kiminin 363 saydığı pillələri qalxmaqdan bu “basabas mədəniyyəti”nin “hamam effekti” daha çətindir. Pillələri qalxmaq üçün 3-4 manatlıq rahat “at xidməti”ndən yararlanmaq mümkün olsa da, iki göl arasındakı yolu rahat getməyə nəqliyyat vasitəsi tapmaq mümkün deyil.
Görəsən, “ basabas effekti” turistlərdən özgə kimsəni rahatsız edirmi? Yoxsa, bu rahatsızlıqdan qazananlar var. Hər halda 15 dəqiqəyə ortalıq 80 manat gəlir az məbləğ deyil. ..