PAYLAŞ
Muzey

İki il bundan qabaq təmirə saxlanılan bu muzey görənləri heyrətə salır. Muzeyin təmiri hələ də başa çatmayıb, nə pəncərəsi var, nə də illərdir gələn insanlara xidmət edən zəngin eksponatlar

İlham Əhmədov

Azərbaycanda qədim tarixi abidələri, eləcədə qoruq və kurqanlarının zənginliyi ilə tanınan rayonlardan biri də Qəbələ rayonudur. Rayonun tarixini özündə əks etdirən tarixi muzey və məkanlar həm rayona gələn xarici turistlərin, həm də yerli qonaqların diqqət mərkəzindədir.

Qəbələyə səfər edən turistlər turizm məkanlarını ziyarət etməklə yanaşı, rayonun tarixi ilə də yaxından tanış olmaq və Qədim Qəbələ haqqında yaranan suallara cavab tapmaq istəyirlər. Bunun üçün də qonaqlar əsası 1980-cı ildə qoyulan Qəbələ Tarix Diyarşünaslıq Muzeyinə üz tuturdular.

Qəbələ Tarix Diyarşünaslıq Muzeyinin həyəti

Qeyd edək ki, muzey eksponatlarının zənginliyi ilə seçilirdi. Bu da öz növbəsində rayona səfər edən qonaqların sayına da çox ciddi təsir göstərirdi. Muzey həm də çox maraqlı və zəngin tarixə malik bilik ocağı kimi tanınmaqda idi.

Lakin son zamanlar isə muzeylə bağlı acınacaqlı durum yaranıb. Mədəniyyət Nazirliyi 2018-ci ilin yay aylarında muzeyin yenidən təmir və bərpası edilməsi ilə bağlı təqdirəlayiq qərar verib. Bunun üçün də muzeyin fəaliyyəti dayandırılıb. Amma…

İki il bundan qabaq təmirə saxlanılan bu muzey görənləri heyrətə salır. Muzeyin təmiri hələ də başa çatmayıb, nə pəncərəsi var, nə də illərdir gələn insanlara xidmət edən zəngin eksponatları. Təmir işləri yekunlaşmaq bilməyən bu məkan yerli sakinlərin göz dağına, rayona gələn qonaqlar və turistlərin köks ötürdüyü yerə çevrilib.

Qəbələ Tarix Diyarşünaslıq Muzeyi

Qəbələ Tarix Diyarşünaslıq Muzeyində 2500 illik tarixi əks etdirən 14000-dən çox eksponat nümayiş etdirilirdi. Muzeyin 900 kv.m-lik binası,13 ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə otağı, şəkil qalereyası, zəngin elmi kitabxanası, açıq səma altında təşkil olunmuş qədim daş abidələrdən ibarət sərgi meydançası da vardı. Lakin bütün bu sadaladıqlarımızdan ancaq açıq səma altında təşkil olunmuş qədim daş abidələrdən ibarət sərgi meydançası qalır.

Rayon sakinləri də ürək ağrısı ilə təmir və yenidənqurma prosesinin hansısa səbəbdən uzandığını, bundan hamının zərər çəkdiyini bildirirlər. Sosial mediada bir neçə dəfə rayon sakinlərinin, eləcə də qonaqların muzeyin fəaliyyət göstərməməsi, bu prosesin uzanmasından gileyləri əksini tapıb.

Sputnik Azərbaycan yaranmış vəziyyətlə bağlı İsmayıllı Regional Mədəniyyət idarəsinin direktor müavini Azər Abbasovla əlaqə saxlayıb və ondan problemin nə zaman aradan qaldırılacağına aydınlıq gətirməsini xahiş edib.

Qəbələ Tarix Diyarşünaslıq Muzeyi

Azər Abbasov da hələ də qapı-pəncərəsi olmayan muzeydə işlərin yekunlaşmaq üzrə olduğunu iddia etdi: “Muzeydə artıq təmir işləri başa çatıb. Demək olar ki, son tamamlama işləri aparılır. Artıq ekspozisiyanın da yenidən qurulması az vaxta təmin olunacaq”.

Təmirin olduqca bahalı bir proses olduğundan xeyli zaman aparmasını da təbii hal sayan direktor müavini onu da bildirdi ki, yaxın zamanlarda – yay aylarında muzeyin yenidən açılaraq istifadəyə verilməsi nəzərdə tutulub.

Biz də ümid edirik ki, deyilənlər həqiqət olar, bir rayonun tarixi və tarixi abidəsinə olan bu biganəlik yaxın zaman çərçivəsində aradan qaldırılar.