Ev Turizm Xəbərləri Gürcü ekspert: “Azərbaycan rusiyalı turistlərin Gürcüstana səfər etməsi üçün çox mühüm rol...

Gürcü ekspert: “Azərbaycan rusiyalı turistlərin Gürcüstana səfər etməsi üçün çox mühüm rol oynaya bilər”

Badri Naçkebia

“Azərbaycan rusiyalı turistlərin Gürcüstana səfər etməsi üçün çox mühüm və ciddi rol oynaya bilər”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, politoloq Badri Naçkebia bildirib.

Onun sözlərinə görə, Rusiya rəhbərliyinin yerli aviaşirkətlərin Gürcüstana uçuşuna tətbiq edəcəyi qadağa çox böyük səhvdir. “Rusiyalı turistlərin Gürcüstana böyük simpatiyası var və onlar Gürcüstanın təhlükəsiz ölkə olduğuna tam əmindirlər. Azərbaycan Gürcüstana səfər etmək istəyən rusiyalı turistlər üçün alternativ marşrut kimi çıxış edə bilər”.

Ekspertin fikrincə, bu məsələdə konkret olaraq Gəncə Beynəlxalq Hava Limanı çox böyük rol oynaya bilər: “Gəncəyə səfər edən rusiyalı turistlər həm gözəl şəhəri, həm də ətraf səfalı rayonları ziyarət edərək Gürcüstana yollana bilərlər. Bunun üçün Gürcüstan və Azərbaycan birgə turist marşrutu yarada bilər. Gəncə şəhər rəhbərliyi də bu cür marşrutun hazırlanması prosesində iştirak edə bilər”.

B.Naçkebia qeyd edib ki, Azərbaycanın rusiyalı turistlərin Gürcüstana səfər etməsi üçün göstərəcəyi dəstək çox əhəmiyyətli ola bilər: “Birgə turist marşrutu yaradılsa, hər iki ölkə bundan fayda əldə edəcək. Bu, Gürcüstan və Azərbaycanın xarici turizmdən gəlirlərini artırmaqla yanaşı, həm də iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək”.