PAYLAŞ
Gürcüstan və Rusiya

Rusiya ilə birbaşa aviareyslərin dayandırılması nəticəsində Gürcüstanın dövlət büdcəsinin gəlirləri 350 milyon ABŞ dolları azalıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Sameqrelo bölgəsinin Zuqduqi rayonunda fermerlerlə görüşdə söyləyib.

Baş Nazirin sözlərinə görə, Gürcüstanın turizmdən gəlirləri 2 milyard dollardan çoxdur. Lakin cari ilin iyulunda Rusiya hökumətinin qərarı ilə iki ölkə arasında birbaşa aviareyslərin dayandırılması nəticəsində avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları da nəzərə alınmaqla dövlət büdcəsinin gəlirləri 350 milyon dollar azalıb.

Hökumət başçısı deyib ki, turizmdən əldə olunan gəlirlərin təqribən 3 faizi Sameqrelo bölgəsinin payına düşüb: “Bu çox azdır və bölgənin potensialına uyğun deyil. Bu, həm də, bölgədə turizm məhsullarının az olması ilə bağlıdır. Bölgədə bu istiqamətdə çoxlu işlər görülməlidir”.

G.Qaxariya fermerləri daha çox işləməyə və yerli istehsalı artırmağa çağırıb.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustda ölkəyə 252,8 min Rusiya vətəndaşı səfər edib. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz azdır.

Sentyabrda isə Gürcüstana səfər edən rusların sayı 18 faiz azalaraq 163,3 min nəfər olub.