Gürcüstanda ev almaq istəyirsən?
Son zamanlar Gürcüstandan ev alan Azərbaycan vətəndaşları artır.
Gürcüstan son illər turizm sektorunun sürətli inkişafı nəticəsində təkcə turistlərin yox, əmlak alıcılarının da diqqətini cəlb edib. Qonşu ölkənin əmlak bazarına diqqət elə böyükdür ki, burada ayrı-ayrı şəhərlərin özünəməxsus yeri yaranıb. Subtropik iqlim, unikal təbiət, gürcü qonaqpərvərliyi, iqtisadi sabitlik kimi amillər Gürcüstanın əksər bölgələri kimi Tbilisi və Kutaisi üçün də xarakterikdir. Odur ki, hər iki şəhərin daşınmaz əmlak bazarına pul qoymağa, mənzil, fərdi ev, torpaq sahəsi, kommersiya obyekti almağa dəyər.
Gürcüstanın iki paytaxtı varmış
Təəccüblənməyin, Gürcüstanın rəsmi paytaxtı Tbilisi sayılsa da, parlament paytaxtı Kutaisidir. Çünki 2012-ci ildən etibarən Gürcüstan parlamenti bu şəhərdə yerləşib.
Daşınmaz əmlak potensialına gəlincə, Kür çayının üzərində yerləşən Tbilisi, ölkənin siyasi-iqtisadi mərkəzi sayılır. 1,1 milyon əhalisi olan şəhər hər il elə bu qədər də turist qəbul edir. Yerli daşınmaz əmlak bazarının iştirakçıları deyir ki, Tbilisiyə dincəlməyə gələnlər nisbətən baha və elə də rahat olmayan otellərdə qalmaqdansa kirayə ev tutmağa üstünlük verirlər. Odur ki, bu şəhərdə ev alanlar heç vaxt peşman olmur və turist axınından faydalanırlar.
Kutaisi isə Gürcüstanın qərbində, İmereti diyarında, Tbilisidən təqribən 220 kilometr məsafədə yerləşir. Parlament paytaxtı olmaqla yanaşı, Gürcüstandakı üç beynəlxalq hava limanından biri də məhz Kutaisidədir. Təkcə onu qeyd etmək kifayətdir ki, Macarıstanın ucuz qiymətə reyslər təşkil edən məşhur «Wizzair» şirkəti məhz Kutaisiyə uçur. Elə buna görə, əhalisinin sayı 200 min nəfər olan Kutaisiyə hər il bundan qat-qat artıq sayda qonaq gəlir. 2009-cu ildən etibarən isə Kutaisidə azad ticarət zonası yaradılıb. Nəticədə Kutaisinin də daşınmaz əmlak bazarı investorlara yaxşı pul qazandıra bilər. Tbilisidə şəhərsalma ilə məşğul olan və bölgələrdə kurort tikintisini həyata keçirən “Liste Development” şirkəti bildirib ki, 2017-ci ildə təkcə “Liste Development” şirkətindən 50 nəfər Azərbaycan vətəndaşı daşınmaz əmlak alıb. Şirkətdən deyilir ki , Gürcüstanda bürokratik əngəllərin aşağı səviyyədə olması investorların bura marağını artırır, o cümlədən daşınmaz əmlak sektoruna yatırım edənlərin artmasına səbəb olur.
Evlərin qiymətinə gəlincə, şirkətdən bildirilib ki, Tbilisidə həyata keçirdikləri layihələrdə təmirsiz evlərin qiyməti yerləşmə yerindən aslı olaraq kv.metr üçün 1300-3000 dollar arasında dəyişir. Qaradəniz sahili kurort bölgələrdə isə satılan təmirli və hər bir mebellə təmin edilən evlər isə kv.m üzrə 1600-1700 dollara təklif edilir.