Gürcüstanın Xarici İşlər Nazirliyində ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Gürcüstanın turizm sahəsindəki cari vəziyyət və çağırışlar müzakirə olunub.
Xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili görüş iştirakçılarna Gürcüstanın turistlər üçün təhlükəsiz və populyar istiqamət olduğunu bildirib.
Toplantıda həmçinin Gürcüstanda turizm sektorunun təşviqi istiqamətində gələcək addımlar və yeni təşəbbüslər də nəzərdən keçirilib.
Görüşdə iştirak edən Türkiyə səfiri Fatma Ceren Yazqan Gürcüstana səfər edən türkiyəli turistlərin sayının artdığını bildirib: “Gürcüstanda turizm sürətlə inkişaf edir və bu sektora investisiyaların da həcmi artır. Gürcüstan turistlər üçün təhlükəsiz ölkədir, kəşflər və sürprizlərlə doludur. Yay mövsümündə əksər türkiyəli turistlərin dincəlmək üçün Gürcüstanı seçəcəyini hesab edirəm”.
Görüşdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Nikoloz Arveladze və Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili də iştirak edib.