İyunun 20-də Tbilisidə 26-cı Parlamentlərarası Pravoslav Assambleyasının toplantısı keçirilib. Qurumun sədri, Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun parlament sədrinin kreslosunda oturması və oradan nitq söyləməsi qonşu ölkədə etiraz aksiyasının başlamasına səbəb oldu. İnsidentin ardından parlamentin spikeri İrakli Kobaxidzeistefa verdi, ölkə başçısı isə öz “Facebook” səhifəsində Rusiyanı “düşmən” və “işğalçı” adlandırdı. Bundan sonra Rusiya prezidenti Vladimir Putin iyulun 8-dən Gürcüstanla sərnişin avia daşınmalarının müvəqqəti qadağan edilməsi haqqında fərman imzaladı. Rusiyanın Nəqliyyat Nazirliyi 8 iyuldan Gürcüstan avia şirkətlərinin də Rusiya ərazisinə uçuşlarının dayandırılacağını elan edərək bunu lazımi təhlükəsizlik səviyyəsinin təmin olunmasının gərəkli olması və vaxtı keçmiş borcun mövcudluğu ilə əlaqələndirdi. Qadağanın məhz iyulun 8-də quvvəyə minməsi isə əksər turların məhz həmin tarixə kimi başa çatması ilə bağlıdır.
Iki ölkə arasında sərnişin avia daşınmalarının müvəqqəti olsa da, dayandırılması Rusiyadan qonşu ölkəyə edilən səfərlərin azalmasına gətirib çıxarsa da, əhəmiyyətli olmayacaq. Belə ki, səfərlərin çox az bir hissəsi turlar vasitəsilə həyata keçirilir. Rusiyanın Turoperatorlar Assosiasiyasının məlumatına görə, hazırda Gürcüstanda turoperatorların xətti ilə 5-7 min turist var. Sərbəst şəkildə səyahət edənlər isə 2-3 dəfə çoxdur.

Hadisələrin ənənəvi olaraq Gürcüstana səfər edən rus turistlərin digər ölkələrin xeyrinə seçim etməsi həddinə gəlməsi üçün bir sıra faktorların reallaşması vacibdir. Əvvəla Rusiyaya qarşı aqresiv ictimai fikir artan proyeksiya üzrə inkişaf etməlidir və turistlərin təhlükəsizlik məsələsi ön plana çıxmalıdır. Digər bir faktor isə milli qürurdur. Bunun bariz nümunəsi kimi 2015-ci ilin noyabr ayında Türkiyə tərəfindən Rusiyaya məxsus Su-24 bombardımançının vurulmasıdır. O zaman Rusiyanın Türkiyədən üzrxahlıq gözlədiyi bir halda bunu ala bilməməsi iki ölkə arasında münasibətlərin kəskin pisləşməsinə gətirib çıxardı ki, bu da Türkiyənin turizm sektoruna ciddi zərbə vurdu.
İndiki halda isə Gürcüstanda fəaliyyət göstərən kinoteatrların rusdilli filmlərin nümayişini dayandırması, futbol üzrə milli liqasında iştirak edən bəzi klubların futbolçularının “Gürcüstan ərazisinin 20%-i Rusiya tərəfindən işğal olunub” şuarlı yazılı köynəklərlə çıxmaları gərginliyin eskalasiyasından xəbər verir. Gürcüstan Turoperatorları Assosiasiyasının sədri Saba Kiknadzenin turizm sektorunun rusdilli xidmət göstərən işçilərinin bundan sonra fokusu MDB-nin digər ölkələrinə və Şərqi Avropa ölkələrinə çevirməli olduqlarını deməsi isə hazırkı mərhələdə optimizm üçün arqumentlərin kifayət qədər az olmasından xəbər verir. Kiknadze daha da irəli gedərək Rusiyadan gələn turistlərin sayının azalacağını və yenilərinin cəlb olunmasının vacibliyini deyərək bu prosesin il yarıma yaxın vaxt alacağını əlavə edib.
