Ev Turizm Xəbərləri Gürcüstanın turizm dərdi: Koronavirus reallığı gizlədilir…

Gürcüstanın turizm dərdi: Koronavirus reallığı gizlədilir…

turizm

Gürcüstan koronavirus pandemiyasına qarşı necə uğur qazandı? Tez-tez bununla bağlı fikirlər səsləndirilir, əfsanələr danışılır. Hətta, bir çox hallarda qonşu ölkəni Azərbaycan üçün da nümunə kimi təqdim etməyə çalışırlar. Əsas iddia belədir ki, Gürcüstan pandemiyaya qarşı həyata keçirdiyi tədbirlər sayəsində qalib gəldi, Azərbaycan isə bunu edə bilmədi.

Bəs bu iddialar və “uğur hekayələri” nə dərəcədə doğrudur? Doğrudanmı Gürcüstan COVİD-19-a qarşı Azərbaycanın etmədiyi, yaxud edə bilmədiyi nəyisə edib?


Gezmeli.az Demokrat.az -a istinadən xəbər verir ki rəsmi statistikaya nəzər yetirəndə bu iddialar inamlı təsir bağışlayır. Avqustunn 5-nə olan statistikaya görə, Gürcüstanda virusa yoluxanlarınsn sayı 1197, vəfat edənlərin sayı 17 nəfərdir. Azərbaycanda isə rəsmi statistika bundan qat-qat çoxdur.


COVİD-19 pandemiyası yayılmağa başlayanda Azərbaycanda karantin strategiyasını tətbiq edildi. Sərhədlər bağlandı, aviareyslər ləğv olundu, tədris prosesi onlayn rejimə keçdi, rayonlarası gediş-gəliş məhdudlaşdırıldı, 23 mart taixindən etibarən ölkədə xüsusi karantin rejiminin tətbiqinə start verildi. Bu tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi əsasında həyata keçirilib və dünyada pandemiyaya qarşı ən effektli mübarizə strategiyası karantin rejiminin tətbiq edilməsi hesab olunur.

Misal üçün, Avropanın bir sıra ölkəsi – İngiltərə, Hollandiya, Belçika və digərləri əvvəlcə karantin rejimindən imtina etsə də, yoluxma hallarının sürətlə artması bu ölkələri də eyni metodu tətbiq etməyə məcbur etdi. Azərbaycan ən effektli mübarizə strategiyasını – karantin rejiminin tətbiq edən ilk ölkələrdən biri kimi, virusun kütləvi şəkildə yayılmasının qarşısını ala bildi. Ölkə əhalisinin sayı ilə yoluxanların sayı arasındakı fərq bunun sübutudur.


Bəs Gürcüstan nə etdi?


Qonşu ölkədə də ÜST-ün tövsiyəsinə əsasən karantin rejimi Azərbaycandan iki gün əvvəl – martın 21-dən tətbiq edilməyə başlandı. Tədris prosesi dayandırıldı, sərhədlər bağlandı, “Evdə qal” kampaniyası aparıldı və sairə.

Gürcüstan pandemiyaya qarşı Azərbaycandan fərqli heç nə etməyib, əksinə, bir çox məsələdə geridə qalır.


Azərbaycanda indiyə qədər 759 229 koronaviruas testi keçirilib, Gürcüstanda keçirilən testlərin sayı aşağıdır.


Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün modul tipli xəstəxanalar yaradılıb, həmçinin, müasir laboratoriyalar və xəstəxanalar istifadəyə verilib.


Faktlar göstərir ki, Gürcüstan pandemiyaya qarşı Azərbaycandan fərqli nəsə etməyib, əksinə bəzi məsələlərdə geridə qalır.

O zaman sual yaranır: Gürcüstanda yoluxma statistikası niyə azdır?


Bu sualın cavabını gürcü ekspertlər, eləcə də müxalif siyasətçilər verirlər. Onların fikrincə, Gürcüstan hökuməti koronavirusla bağlı real mənzərəni gizlədir. Bunun bir neçə səbəbi var:


1. Ölkədə test sayı az keçirilir və bu real yoluxmaların sayını müəyyən etməyə imkan vermir.


2. Bir çox hallarda koronavirusa yoluxan şəxslər başqa xəstəliklər adı altında qeydiyyata alınır.


3. Hökumət real statistikanı turizm sektorunun alt-üst olmaması üçün gizlədir.


Turizm Gürcüstan iqtisadiyyatının bel sütunudur və hökumət iqtisadi böhranla üzləşməmək, müəyyən qədər gəlir əldə etmək məqsədilə yoluxanların statistikasını gizlətdi. Əgər real faktlar açıqlansa, o zaman, turistlər gəlməkdən imtina edəcək və ölkə iqtisadiyyatı çıxılmaz böhranla üzləşəcək. Gürcüstanın sərhədləri açan ilk ölkələrdən olması da məqsədin məhz turizm sektoru ilə bağlı olduğunu deməyə əsas verir.


Burada diqqətçəkən məqamlardan biri də Gürcüstanın turizm ölkəsi olmasına baxmayaraq, yoluxma sayının az olmasıdır. Belə ki, koronavirusun yayılması daha çox səfərlər zamanı qeydə alınır və regionda turist səfərləri ən çox Gürcüstanadır. O zaman, Gürcüstanda yoluxma statistikası təsəvvür ediləndən də çoxdur. Sadəcə olaraq, hökumət iqtisadi itkilərin qarşısını almaq üçün real statistikanı gizlətmək məcburiyyətindədir.


Bunu Gürcüstanın daxili işi hesab etmək olar, lakin kimlərsə qonşu ölkənin reallıqdan uzaq statistikasını Azərbaycana nümunə kimi göstərməyə cəhd edəndə ən azı iki dəfə düşünməlidir…