PAYLAŞ
Gürcüstan

Gürcüstan altı ayda turizmdən iki milyard dollara yaxın pul qazanıb Gürcüstanın 2019-cu ilin ilk 6 ayı ərzində beynəlxalq turizmdən gələn gəlirləri 1,5 milyard dollar olub. Bu isə turizm gəlirlərində ötən ilin analoji dövrü ilə müqayisədə 7%-dən çox artım deməkdir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, məlumatı Gürcüstanın Milli Turizm İdarəsi verib.

“Bu göstərici ötən ilin analoji dövrünün rəqəmlərini 95,4 milyon dollar aşır. İyun ayında ölkəyə xarici səyyahlar tərəfindən 340 milyon dollar vəsait daxil edilib. Bu isə 2018-ci ilin iyun ayında gələn gəlirlərdən 14,6 milyon dollar çoxdur” – deyə turizm idarəsindən bildiriblər.

2018-ci ildə Gürcüstana gedən hər beş turistdən biri (21%) rusiyalı olub. May ayında ruslar Gürcüstana 172,2 min səfər ediblər. İyun ayında səfər edənlərin sayı isə bundan 152 min nəfər çox olub. Nəticədə ruslar Gürcüstana səfər edən əcnəbilər arasında birinci yeri tutub.

Daha əvvəl Gürcüstanın Milli Turizm İdarəsinin rəhbəri Mariam Kvrivişvili bildirmişdi ki, 2019-cu ilin altı ayı ərzində ölkəni 700 min rusiyalı ziyarət edib. İl ərzində isə 2,7 milyon Rusiya vətəndaşının Gürcüstana turist səfəri edəcəyi gözlənilir.

Onun sözlərinə görə, 2019-cu ilin sonuna qədər Gürcüstan bir milyon rusiyalı turist itirəcək ki, bu da təqribən 710 milyon dollar vəsaitin itirilməsi deməkdir.

Qeyd edək ki, Azərbaycan da Gürcüstana ən çox turist göndərən ölkələr sırasındadır. Təkcə ötən ilin 9 ayı ərzində Gürcüstana səfər edən azərbaycanlıların sayı 4 milyon 14,6 min nəfər olub.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, azərbaycanlıların ən çox səfər etdiyi ölkələr sırasında İran birinci, Gürcüstan isə ikinci yerdədir.

Qeyd edək ki, Gürcüstanın 2019-cu il dövlət büdcəsi 4,8 milyard dollardır. Bu isə o deməkdir ki, 2019-cu ilin 6 ayı ərzində turizmdən gələn gəlirlər bu ölkənin illik dövlət büdcəsinin təqribən 1/3-ni təşkil edir.