Bölgələrimizdə yemək festivalları keçiriləcək. Hər bölgə öz mətbəxini geniş təbliğ edib turistlərdə maraq oyadacaq
Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycanda qastronomiya turizmi və onun inkişaf yolları müzakirə olunub. Tədbirdə qastroturizmlə bağlı “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təsisçisi Fəxrəndə Həsənzadə, həmtəsisçisi Kəmalə Məmmədova və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov iştirak ediblər.
Azər Allahverənov bildirib ki, Azərbaycanda son illər turizmin inkişafı istiqamətində əməli addımlar atılır. Turizmin bir sıra növləri inkişaf və təbliğ olunur. A.Allahvəronov artıq ölkəmizdə qastronomiya turizminin təbliği ilə bağlı da tədbirlər keçirildiyini, Göyçayda Nar, Balakəndə Xurma festivallarının buna bir nümunə olduğunu söyləyib. O bildirib ki, Azərbaycanın zəngin mətbəxi ölkəmizdə qastronomiya turizminin inkişafına zəmin yaradır.
Fəxrəndə Həsənzadə də qastronomiya turizminin inkişafı ilə bağlı bir sıra tədbirlərə start verildiyini qeyd edib. O bildirib ki, turistlər Azərbaycan mətbəxinə böyük maraq göstərirlər. Hətta xarici ölkələrdən sırf Azərbaycan mətbəxindən dadmaq üçün gələn turistlər var. F.Həsənzadə bəzi məkanlarda qastroturizmin inkişafı üçün ustad dərslərin keçirildiyini, buraya Azərbaycanın ən məşhur aşpazlarının cəlb edildiyini söyləyib. K.Məmmədova isə çıxışında qeyd edib ki, qastronomiya turizmin inkişaf konsepsiyasında aparıcı xətlərdən biri olmalıdır: “Çünki bizim mətbəximiz çox zəngin və dadlıdır. Biz nəzərdə tutmuşuq ki, hər üç aydan bir bölgələrdə belə festivallar keçirək. Bu festivallar barədə turoperatorlara məlumat verməklə ölkəmizdə qastroturizmə marağı artıraq. Biz Dövlət Turizm Agentliyinə də təşəkkür edirik ki, bizə bu cür festivalların təşkilində böyük dəstək verir”.
A.Allahverənov qastronomiya turizminin inkişafı üçün ustad dərslərin və festivalların açıq məkanlarda keçirilməsinin daha məqsədəuyğun olduğunu söyləyib. O bildirib ki, İçərişəhərdə və turistlərin cəmləşdiyi digər məkanlarda belə festivalların keçirilməsi Azərbaycana gələn turistlərdə milli mətbəximizin zənginliyinə maraq yarada bilər. O, qastronomiya turizminin inkişafı və təbliği üçün medianın da dəstəyinə ehtiyac olduğunu bildirib. Tədbirdə qeyd edilib ki, Azərbaycanda qastroturizmin təbliği elə yerli turistlərdə də maraq yarada bilər. Çünki elə yeməklərimiz var ki, onların adından və dadından xəbərsizik. Məsələn, “tünbəki dolması” haqda çox az paytaxt sakini eşidib: “Elə yeməklərimiz var ki, onlar məhz spesifik bölgələrimizin mətbəxinə daxildir. Məsələn, qaxac yemək üçün Qax zonasına, ləvəngi yemək üçün cənub bölgəsinə üz tutmaq daha məqsədəuyğundur. Ona görə də biz bölgələrin mətbəxinin təbliği üçün həmin regionlarda festivalların keçirilməsini nəzərdə tutmuşuq”.