Ev Turizm Xəbərləri Hazırda Azərbaycanda 110 mindən çox əcnəbi vətəndaş yaşayır və işləyir

Hazırda Azərbaycanda 110 mindən çox əcnəbi vətəndaş yaşayır və işləyir

turizm

Bu ilin 11 ayı ərzində Azərbaycana 3 milyondan çox əcnəbi vətəndaş gəlib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 18-də Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbirdə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev deyib.

Xidmət rəisinin müavini qeyd edib ki, Azərbaycanda miqrantların sayı artır. Bu, ölkəmizin iqtisadiyyatının inkişafı, eləcə də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Bütün bunlar Azərbaycanı əcnəbilər üçün cəlbedici ölkəyə çevirib. Eyni zamanda, ölkəmizdə əcnəbilərə göstərilən tolerant münasibət, onların hüquqlarının qorunması miqrasiya prosesinin sürətlənməsinə və əcnəbilərin Azərbaycana gəlməsinə təkan verən başlıca amillərdəndir. Bu ilin 11 ayı ərzində 2500-dən artıq miqrantın ölkə ərazisində yaşaması leqallaşdırılıb. Hazırda 110 mindən artıq əcnəbi vətəndaş Azərbaycanda yaşayır və işləyir.

Pərviz Musayev bildirib ki, Azərbaycanda turizmin inkişafı, əcnəbilərin respublikamıza gəlmələrinin daha da sadələşdirilməsi, onların ölkəmizdə yaşamaları və işləmələri üçün münbit şəraitin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən bir neçə sərəncam imzalanıb. Ümumiyyətlə, miqrantların ölkəmizdə hüquqların qorunması istiqamətində DMX tərəfindən də müvafiq işlər həyata keçirilib. Qanunvericiliyə dəyişikliklər olunub, Xidmətin istifadəsində olan Vahid Miqrasiya Məlumat Sisteminin təkmilləşdirilməsi işi başa çatdırılıb, müraciətlərin qəbulu elektronlaşdırılıb və DMX tərəfindən cari ildə MİGAZ mobil tətbiqi istifadəyə verilib. Bütün bunlar əcnəbilərin müraciətlərinə operativ cavab verilməsinə, onların problemlərinin həllinə xidmət edir. Bundan başqa, əcnəbilərin hüquqlarının qorunması ilə bağlı DMX-də strategiya hazırlanıb.