Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsinin həcminə görə yeni rekord müəyyənləşdirmişdir. Ötən il ərzində hava limanı ümumilikdə 4,43 milyon sərnişinə xidmət göstərmişdir. Bu, 2017-ci ilin göstəricisindən 9 faiz çoxdur.
2018-ci il ərzində aeroportun baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” müvafiq olaraq 1,89 milyon və 442 min sərnişin daşımışdır.
Beynəlxalq reyslərlə ümumilikdə 3,81 milyon sərnişin, regional reyslərlə isə 620 min sərnişin daşınmışdır.
Beynəlxalq reyslərin ümumi sayının 33,4 faizi AZAL-ın, 11,6 faizi “Buta Airways”in, 55 faizi isə xarici aviaşirkətlərin payına düşmüşdür.
2018-ci ildə beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “FlyDubai”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Air Arabia”, “S7 Airlines”, “Qatar Airways”, “Utair”, “Lufthansa” və “SCAT” daxil olmuşdur. Onlar ümumilikdə 1,15 milyon sərnişinə xidmət göstərmişdir.
2018-ci ildə İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran, Bağdad, Tbilisi, Doha və Təl-Əviv beynəlxalq istiqamətlərin ən populyar onluğuna daxil olmuşdur. Bu istiqamətlər üzrə 2,7 milyon sərnişin uçmuşdur.
Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportuna ümumilikdə 36 xarici sərnişin aviaşirkəti müntəzəm uçuşlar həyata keçirmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
2017-ci və 2018-ci illərdə hava limanı həmçinin ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq etmiş, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülmüşdür.