Hindistanın məşhur aktyoru Avinaş Saçdevin bayram günlərini şimal bölgəsində, ən əsası “Şahdağ” turizm bölgəsində keçirməsi yerli turistlərin böyük marağına səbəb olub
Leyla Abdullayeva
Dünya Azərbaycanlıların həmrəyliyi və Yeni ilin gəlişi ilə əlaqədar olaraq 7 günlük tətildə “Şahdağ”a gələn turistlərin sayı 30 mini ötüb. Bu barədə Sputnik Azərbaycan-a “Şahdağ” turizm mərkəzinin marketinq direktoru Rauf Cahangirov məlumat verib. Onun sözlərinə görə, 7 ildir fəaliyyət göstərən turizm mərkəzində ilk dəfədir ki, belə rəqəm qeydə alınıb.
“Əslində, bu rəqəm bütün şimal bölgəsinə səyahət edən turistlərin ümumi sayına bərabərdir. Həqiqətən də sevindirici haldır ki, tətilin bitməsinə baxmayaraq, bölgəyə turist axını davam edir və göstərici yüksəkdir. Bayram günlərində kompleksə gələnlər arasında yerli turistlərin çoxluğu diqqəti çəksə də, xarici ölkələrdən gələnlərin də sayı həddindən artıq çoxdur”, – deyən Cahangirovun sözlərinə görə, ən çox Rusiya, Qazaxıstan, Türkiyə, BƏƏ-dən, Avropa və Asiya ölkələrindən gələn turistlər üstünlük təşkil edib.
Rauf Cahangirov “Şahdağ” turizm bölgəsində hətta sıxlığın da qeydə alındığını bildirib.
“Ən çox sıxlıq yanvar ayının 1-i və 2-də müşahidə olunub. Yanvar ayının 2-də qəfil başlayan qar və yolun sürüşkən olması, üstəlik də gələn turistlərin həddən çox olması Şahdağ-Aladaş yolunda əməlli-başlı tıxac yaradıb. Qusar rayon Polis Şöbəsinin və Şahdağ Polis Bölməsinin əməkdaşları sıxlığın aradan qaldırılmasına çox kömək ediblər”.
Turistlərin ən çox marağına səbəb burada fəaliyyət göstərən 4 növdə 15 ədəd kanat xətti, asma buraz yolları, xizəkçilik, snoubord mərkəzidir. Kanat yollarının turistlərə bir neçə formada – oturacaqlı, budel, xalça və qondola formasında təqdim olunması onların böyük marağına səbəb olub.
Onu da qeyd edək ki, “Şahdağ” turizm bölgəsində xarici ölkələrin məşhurlarına, iş adamlarına da rast gəlmək mümkündür. Yerli turistlərin ən çox marağına səbəb olan isə Hindistanın məşhur aktyoru Avinaş Saçdevin bayram günlərini şimal bölgəsində, ən əsası “Şahdağ” turizm bölgəsində keçirməsi olub. O, bu barədə özünün Instagram sosial şəbəkəsindəki səhifəsində də paylaşıb.
Rauf Cahangirovun dediyinə görə, şimalda yerləşən “Şahdağ” dağ-xizək kurortu ümumilikdə bölgədə sosial-iqtisadi durumun daha da yaxşılaşmasına səbəb olub.