Otel

Bu gün Milli Ulduz Təsnifatı Sistemi barəsində təlim keçirilib. Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə ulduzların verilməsi prosedurları açıqlanıb. Təlim zamanı iştirakçılar ulduzlaşma qaydaları, tətbiq olunma metodu haqqında məlumat veriblər.

Eyni zamanda, təlimdə yeni ulduz təsnifatı sistemindən danışılıb. Xüsusilə Azərbaycan hotelçilik sənayesi və turizmi üçün əhəmiyyətindən və üstünlüklərindən bəhs edilib.

Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam bu haqda danışıb. O bildirib ki ulduzlaşma ilə bağlı müraciətlərin qəbuluna cari ilin may ayından etibarən başlanılacaq.

O, həmçinin dünyanın su, sanitariya və enerji texnologiyaları üzrə ixtisaslaşmış qlobal şirkəti olan “Ecolab”ın Azərbaycan üzrə nümayəndəliyi “Ecober” tərəfindən hotellərdə gigiyena və təmizlik standartları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən təhlükəsizlik standartlarının əhəmiyyəti barədə məlumat verib.

G.Sağlam deyib ki, bu növ təlimlər ilk olaraq Bakıda keçirilib. Daha sonra isə regionlarda davamlı olaraq təşkil olunacaq.

Həmçinin Milli Ulduz Təsnifat Sisteminin icrasının Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçiriləcəyi qeyd olunub.

Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib.

Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının – “Hotelstars Union”-un təsnifat meyarları əsasında hazırlanıb.

Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının – “Hotelstars Union”un və Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) müşahidəçi üzvüdür.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin