PAYLAŞ
Və ya gec olsun, güc olsun “Buta Airways” baş tutmayan uçuşlar üçün sərnişinlərə təklif etdiyi vauçerlərin (uçuş hüququ) istifadə müddətini 12 aydan 24 aya qaldırılması barədə məlumat yayıb. Belə ki, müştərilər əldə etdiyi vauçerləri ilkin aviabiletin uçuş tarixindən etibarən iki il ərzində istifadə edə bilərlər. Şirkət bildirir ki, vauçer aviabiletin dəyərinin geri qaytarılması əvəzinə verilən pul sənədidir və “Buta Airways” və AZAL aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır. Vauçeri əldə etmək qaydasına gəlincə, sənədin kodu sərnişinin elektron poçtuna göndəriləcək. Həmin kod aviaşirkətin rəsmi kassalarında və agentliklərində biletin alışı zamanı təqdim edilə bilər.
Nəzərə alsaq ki, COVİD-19 pandemiyası səbəbindən ləğv olunan uçuşlara bileti əlində qalan sərnişinlərin sayı yüzlərlədir, onda aviaşirkətin təqdim etdiyi qaydalara münasibətlərin birmənalı olmamasını da başa düşmək çətin deyil. Ləğv edilən uçuşlarla bağlı aviaşirkətə ünvanlanan çoxsaylı və oxşar suallara “Daxili və beynəlxalq aviareyslərin bərpa edilməsi barədə qərar ölkələrin hökumətləri tərəfindən qəbul olunur” cavabı verilsə də, müştərilən sorğuları bitib-tükənmir. Bu da təbiidir. Xüsusən, bir neçə ay əvvəl “Buta”nın aşağı büdcəli biletlərinə sahiblənən və xəyalları suya düşən insanlar, heç olmasa, ödədikləri məbləği geri almaq və ya uçuşun nə vaxtsa bərpa olunması ilə bağlı sənəd əldə etmək istəyirlər. Şirkətin “Facebook” səhifəsində paylaşdığı elanına “Pulu geri qaytarın. Vaucher istəmirəm”, “Mənə vauçer lazım deyil, biletə ödədiyim pulu istəyirəm, Avqustda uçmalı idim, uça bilmədim. Ödədiyimiz pulu nə zaman və hardan almaliyiq?”- deyə soruşan müştərilərə “Buta” rəsmisinin “Şirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini növbəli şəkildə qaytarmağa hazırdır. Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi (EMD) təklif edirik”- cavabı yer alıb. Belə ki, 2020-ci ilin 10 mart tarixindən 25 oktyabr tarixinədək uçuş dövrünü əhatə edən aviabiletlər dəyişdirilə bilər. Digər bir rəydə “Mən vauçer istəmirəm. İstəyirəm ki, reyslər açılanda, “Buta Airways” şirkəti öz öhdəliyini yerinə yetirsin, yəni aldığım biletlər əsasında məni həmin istiqamətdə aparıb gətirsin” yazılıb. Turizm üzrə ekspertlər isə “Buta”nın müştərilərinə təklif etdiyi vauçeri onların ləğv olunan uçuşlarının yenidən bərpasının təminatı kimi dəyərləndirilər. Necə deyərlər, gec olsun, güc olsun. “Luna Travel” Turizm Şirkətinin direktoru Rəhman Quliyevin fikrincə, uçuşlar ətrafında yaranan narahatlıqlar təbiidir. Belə ki, pandemiyadan qabaqkı dövrlərdə Azərbaycanda uçuş həyata keçirən bütün şirkətlərin uçuşları bir az gecikəndə belə narahatlığa səbəb olub: “İnsanlar iş ardınca, səhhətləri ilə bağlı, işgüzar və ya turist səfərlərinə və digər məqsədlərlə harasa uçurdular. Yəni pandemiya səbəbindən insanların önəmli olan işləri təxirə düşdü. Onlar böyük ziyan çəkdilər. Ancaq bunu da yaddan çıxarmaq lazım deyil ki, bütün bunlar aviakompaniyaların özündən asılı olmayan problemlərdir. Həmçinin də Azərbaycan Hava Yolları və “Buta Aviaşirkəti” də eyni problemlərlə üzləşib. Hazırda bütün dünyada pandemiya davam edir. Düzdür, pandemiya nisbətən səngiyəndə şirkətlər uçuşları qismən həyata keçirmək üçün çözüm yolu tapdılar. Bilirsiniz ki, 5 aya yaxın müddətdə heç bir aviakompaniya Azərbaycana uçuş həyata keçirmədi. Eyni zamanda, Azərbaycan Hava Yollarının törəmə şirkəti olan “Buta” böyük ziyanla üzləşdi”. Turizm eksperti bildirir ki, ziyana baxmayaraq, aviakompaniya artıq xüsusi reyslər həyata keçirir. Belə ki, insanların mart-aprel-may-iyun ayları üçün daha öncədən aldıqları biletləri vauçer şəklində əvəzləyir: “Müştərilər artıq vauçeri iki il müddətinə istifadə edə bilərlər. Bunun da istifadə qaydası belədir: tutaq ki, vaxtilə may ayına 500 manatlıq bilet alınıbsa, həmin məbləğdə müştərinin depozitdə pulu qalır. Şirkət vauçer şəklində ödəniş edir. Bu da o deməkdir ki, iki il ərzində 500 manatlıq uçuşdan istifadə etmək olar. Tutaq ki, Bakı-Tehran biletinin qiyməti 250 manatdır. Bu məbləği istifadə etdikdə, yerdə qalan məbləğdən növbəti uçuşda və ya digər istiqamətə istifadə edə bilərsiniz. Və ya həmin məbləğə baqaj da, yer də ala bilərsiniz. Yaxud da AZAL-ın mövcud servislərindən istifadə edə bilərsiniz”. Vaucerin iki illik müddətə uzadılmasına münasibət bildirən turizmçinin fikrincə, bəzi insanlar bir il müddətinə, onsuz da harasa gedə bilməyəcəklər. Bəzilərinin maddi durumu bu məsələdə rol oynayırsa, bəziləri isə oxuduqları universitetlərin açılmasının hələ sual altında olduğu tələbələrdir: “İnsanların rahatlığını nəzərə alıb vauçerlərin müddətini iki ilə qədər uzatdılar. Ola bilsin ki, bir qədər də uzatsınlar. Heç kəs elə başa düşməsin ki, əgər vauçerlərin müddətini iki il uzadırlarsa, karantin də bu qədər uzanacaq. İnsanların rahatlığını nəzərə alıb bu addımı atıblar ki, qoy rahat şəkildə səyahətlərini bərpa edə bilsinlər. Əgər müştəri 2021-ci ilin yay ayına qədər gedə bilməsə, vauceri batmır, əksinə, onun müddəti daha da uzadılır”. Turizmçinin sözlərinə görə, digər şərt, müştərinin vauçeri qəbul etmədiyi təqdirdə ödənişi geri ala bilməsidir. Yəni karantin bitdikdən, uçuşlar tam bərpa olunduqdan 60 gün sonra müştərilərin biletə ödədiyi vəsait mərhələli şəkildə qaytarılacaq: “Bu da o deməkdir ki, aviaşirkət insanların pulunu qaytarmaqdan ötrü iki ay fəaliyyət göstərib pul qazanmaq üçün zaman istəyir”. Turizmçi müştərilərin haqlı narazılıqlarını başadüşülən sayır. Yəni insanlar baş tutmayan uçuşlara görə həqiqətən narahatdırlar: “Hər kəs öz haqqını tələb edir, heç kəsi də qınamalı deyil. Əgər müştərilər vauçer sistemini qəbul eləmirsə, təbii ki AZAL və beynəlxalq aviakompaniyaların qaydalarına əsasən alacaqlarını bir az gözləməli olacaqlar. Hələ ki, başqa çıxış yolumuz yoxdur. Mənə elə gəlir ki, bir az da gözləməliyik ki, vəziyyət daha yaxşı olsun”. Qeyd edək ki, 2020-ci ilin 10 mart tarixindən 25 oktyabr tarixinədək uçuş dövrünü əhatə edən “Buta Airways” aviaşirkətinin aviabiletləri ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər. Sərnişinlər callcenter@butaairways.az elektron poçtu vasitəsilə yazılı formada aviaşirkətin çağırış mərkəzinə və ya internet saytına əlaqə forması vasitəsilə müraciət edə bilərlər.