İordaniya mətbuatı

İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyində, eləcə də “əl-Ğad” hökumət qəzetində, habelə geniş oxucu auditoriyasına malik www.orobanews.comwww.ammonnews.net və s. xəbər portallarında Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayevin məqaləsi dərc edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, məqalədə diplomat Azərbaycan-İordaniya əlaqələrinə nəzər salır. Ölkələrimizin dost və tərəfdaş olduğunu vurğulayır. Qeyd edir ki, Azərbaycan ilə İordaniya beynəlxalq təşkilatlarda biri-birini dəstəkləyir. Bu iki ölkə arasındakı münasibətlər illərlə davam edən əməkdaşlığa və fəal siyasi dialoqa əsaslanır.

Müəllif qeyd edir ki, Əmmanda ulu öndər Heydər Əliyevin, Bakıda isə Kral Əl-Hüseyn bin Talalın adını daşıyan küçələr var. Sabiq rəhbərlər arasındakı şəxsi dostluq ənənəsi bu gün Prezident İlham Əliyev və Kral II Abdullah tərəfindən davam etdirilir. Bu ənənə ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat İordaniyanın beynəlxalq təşkilatlar çərçivəsində dəstəkverici mövqedən çıxış etdiyini vurğulayaraq, Azərbaycan dövlətinin bu mövqeyi yüksək dəyərləndirdiyini bildirib. O, İordaniya Senatının Xocalı soyqırımını pisləyən, qınayan və kütləvi qırğın kimi qiymətləndirən bəyanat qəbul etdiyini xatırladıb.

Müəllif, həmçinin iki ölkə arasında bir sıra tədbirlərin keçiriləcəyini, turizm sektorunda əlaqələrin inkişafda olduğunu, ekoturizm sahəsində əməkdaşlığın təşviqi istiqamətində səylərin davam etdirildiyini bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin