İordaniya Krallığı Yaxın Şərqin sükunət vadisidir. Bu ölkə turizmin inkişafı baxımından böyük imkanlara malikdir və onlardan səmərəli istifadə edir. İordaniyanın ümumi daxili məhsulunun 10 faizi də turizm sənayesinin payına düşür.
Bu ölkədə dənizlər səhra və dağlarla yanaşıdır, tarixi abidələr isə Nabatey sivilizasiyasının, Roma və Osmanlı imperiyalarının izlərini qoruyub saxlayır.
Biz İordaniyanın Ölü dənizin sahilində yerləşən mənzərəli kurortları ilə tanış olmaq, səhrada itmiş qədim Petr şəhərinin sirli tarixini öyrənmək, məşhur Ölü dənizin qeyri-adi xüsusiyyətlərini görmək üçün ölkənin cənubundan şimalına səyahət etdik. Səfərimizi tarixi və mədəni irsin ecazkar şəkildə vəhdətini özündə yaşadan İordaniyanın paytaxtı Əmman şəhərində başa vurduq.
Bakıdan uçuş
Bu gün Azərbaycan və İordaniya arasında birbaşa aviareys olmasa da, Bakıdan Əmmana uçmaq o qədər də çətin deyil. İki paytaxt arasında uçuşları “Flydubai” aviaşirkəti həyata keçirir. Tranzit aviareys zamanı Dubaya endikdən sonra Əmmana uçuşun müddəti aeroportda gözləmə vaxtı da daxil olmaqla 6 saata yaxındır.
“Flydubai” şirkətinin kommersiya və elektron kommersiya əməliyyatları üzrə böyük vitse-prezidenti Ceyhun Əfəndi Azərtac-a müsahibəsində deyib: “Bu il həm Azərbaycanda, həm də qlobal miqyasda fəaliyyətimizin 10 ili tamam olur. Mən aviaşirkətin ilk gündən bəri həyata keçirilən xidmətlərindən istifadə etdiyinə görə “Flydubai”nin Azərbaycandan olan bütün sərnişinlərinə təşəkkürümü bildirmək istəyirəm. Məmnuniyyətlə qeyd edim ki, artıq 2009-cu il noyabrın 20-dən – Dubaydan Bakıya ilk aviareysin həyata keçirildiyi vaxtdan indiyədək bizim xidmətlərimizdən 1 milyondan çox sərnişin istifadə edib. “Emirates” və “Flydubai” arasında mövcud olan strateji tərəfdaşlıq Azərbaycandan olan sərnişinlərin şirkətimizin vahid marşrut sisteminə cəlb edilməsi üçün əlverişli şərait yaradır. 2022-ci ildə şirkətimizin vahid marşrutları üzrə 240 istiqamətdə uçuşlar həyata keçiriləcək. İki aviaşirkətin tərəfdaşlığı sərnişinlər üçün digər əlavə üstünlüklər də yaradır: onlar tək biletlə baqajlarını gedəcəkləri son mənzilə qədər apara bilir, Dubaya tranzit məqsədilə gəldiklərində isə bir sıra güzəştlərdən istifadə edirlər. Digər tərəfdən, Bakı Birləşmiş Ərəb Əmirliklərindən və digər Körfəz ölkələrindən uçan qonaqlar üçün ən sevimli məkanlardan biridir”.
“Flydubai” aviaşirkəti sərnişinlər təkcə ekonom deyil, həm də biznes-klass uçuşları təklif edir. Məsələn, hər iki klassla uçan sərnişinlər təyyarənin göyərtəsindəki əyləncə sistemindən və WiFi paketindən pulsuz istifadə edə bilərlər. Biznes-klass sərnişinləri üçün müxtəlif ölkələrin mətbəxinə aid yeməklərdən ibarət rəngarəng menyu təklif olunur. Ekonom-klass sərnişinləri də əvvəlcədən isti yeməklər sifariş edə bilərlər. Yeməklər daxil olmaqla, seçilən tarifin dəyərinə qəlyanaltı və içkilər də daxildir. Biznes-klassla uçmağın digər üstünlükləri sırasına aeroportda ayrıca qeydiyyat masası, launc-zonaya giriş, təyyarəyə özəl çatdırılma, pasport nəzarətindən tez bir müddətdə keçmə və baqajın təcili alınması daxildir.
Əgər siz aeroportda vaxtınıza qənaət etmək istəyirsinizsə, onda uçuşa 48 saat qalmış “Flydubai” internet saytında onlayn rejimdə və ya aviaşirkətin mobil əlavəsində qeydiyyatdan keçə bilərsiniz. Yeri gəlmişkən, növbəti səyahət üçün də bu qaydada bilet sifariş etmək mümkündür.
Bir sözlə, “Flydubai” reysləri ilə Azərbaycandan İordaniyaya uçuş maksimal rahat şəraitdə keçir və xoş təəssüratlar yaradır. Əmmanda sərnişinləri müasir və yaxşı avadanlığı olan aeroport qarşılayır. Baqajın alınması və pasport nəzarətinin başa çatdırılması kimi formal prosedurlardan sonra Akabaya yollanan səyahətçilər nəqliyyat məsələsini həll etməli olurlar.
Akabaya yola düşmə
Əmman aeroportundan Akabaya birbaşa olaraq taksi ilə də getmək olar. Həmçinin aeroportdan Əmmanın yeddinci dairəsinə qədər 3,3 dinara mikroavtobusla yola düşüb sonra Akabayadək 11 dinara “Jetbus” avtobusuna da minmək olar. Paytaxtdan Akabaya yol çox da qısa deyil: mənzilbaşına çatmaq üçün 5 saatlıq məsafə qət etmək lazımdır. Demək olar ki, bütün səyahət boyu avtobusun pəncərələrindən yeknəsəq səhra mənzərələri görünür və heç bir bitki, yaxud insan məskəninə rast gəlinmir. Bu, heç də təəccüblü deyil: İordaniya ərazisinin 90 faizi səhra və yarımsəhralardan ibarətdir.
Yalnız marşrutun sonunda – Qırmızı dəniz regionuna yaxınlaşdıqda pəncərədən görünən landşaft canlanır, daha çox palma ağacları və bərəkətli əkin sahələri görünür.
Xurma palmaları Akabanın florasında xüsusi yer tutur. Bütün şəhərboyu onların meyvələri sallanan bərəkətli budaqlarını görmək mümkündür. Xurma bir dəfə – yayın sonunda və payızın əvvəlində yetişir, bu səbəbdən də biz məhz həmin bol mənzərənin şahidi oluruq. Yolboyu bütün küçələrdə və parklarda ağacların dibinə düşmüş yetişmiş xurma meyvələrini görmək olar. Bizdə onları adətən mağazalarda satırlar. Yetişmiş xurmaların yerə tökülməsinin qarşısını almaq üçün yerli hakimiyyət orqanlarının, həmçinin sakinlərin təşəbbüsü ilə parklarda xüsusi torlu kisələr də qoyulub.
“Mövenpick Resort & Residences Aqaba” oteli
İsveçrənin “Mövenpick” dəbdəbəli otellər şəbəkəsi İordaniyada çox geniş yayılıb. Ölkənin ən populyar turizm məkanlarında onun beş mehmanxanası yerləşir. Akabada “Mövenpick” oteli turistlər üçün öz-özlüyündə görməli bir məkandır. Əlverişli yerinə, özəl çimərliyinə və rahat istirahət üçün geniş imkanlarına görə bu mehmanxana turistlərin diqqətini daha çox cəlb edir.
Akaba 140 min əhalisi olan kiçik şəhərdir. Onun bütün turizm infrastrukturu mərkəzdə yerləşir və onların hamısı “Mövenpick”in ətrafındadır. Mehmanxana kompleksinin korpusları və villaları şəhərin mərkəzi yolunun kənarındadır. Otel dənizin sahilindən sıfır metr məsafədə yerləşir. Buradakı özəl çimərlikdən istifadə etmək üçün yerüstü keçiddən istifadə etmək lazımdır. Cəmi 132 metr uzunluğu olan bu çimərlik “Mavi bayraq” sertifikatı ilə ekoloji normalara cavab verən istirahət məkanı kimi qiymətləndirilib. Akab körfəzinin büllur kimi suları mərcan qayalarının toplaşdığı və Avropaya daha yaxın olan ərazi sayılır. Buradakı 200 mərcan növü və 500 balıq növü bir çox dalğıcların diqqətini cəlb edir. Akabada sualtı üzgüçülük üçün Dəniz parkının himayəsi altında olan 23 məkan mövcuddur.
“Mövenpick” otelinin sahil ərazisində olan yaşıllıq və gül-çiçəyin yaxınlığında bir neçə hovuz və restoran var. Onların arasında Afrika-ərəb mətbəxinə aid olan “Red Sea Grill” balıq restoranını xüsusilə qeyd etmək lazımdır. Bu restoranda Qırmızı dənizdən tutulmuş təzə dəniz məhsullarından ibarət ləziz yeməklər təklif olunur.
Ayla şəhərinin xarabalıqları
Otelin yaxınlığında tarixi müsəlman yaşayış məskəni olan Ayla ərazisində arxeoloji qazıntıların aparıldığı məkanı da görmək olar. Bu şəhər təqribən 650-ci ildə salınıb və Əməvilərin hökmranlığı dövründə, sonra isə Abbasilərin və Fatimilərin zamanından bəri 1116-cı ilədək çiçəklənib.
Ayla xarabalıqları 1986-cı ildə İordaniyanın Turizm və Tarixi Abidələr Nazirliyinin Çikaqo Universiteti ilə apardığı birgə qazıntılar zamanı aşkar edilib.
Ayla qədim müsəlman şəhərləri arasında xüsusi yerə malik olub. Qazıntı aparılan ərazidə bazarlar, darvazalar, ticarət anbarları və infrastruktur qalıqları olan digər tikililər aşkar olunub. Onlar həm şəhərin içərisində, həm də şəhər divarlarından kənarda tapılıb. Aşkar olunan artefaktlar Aylanın Efiopiya ilə ticarət əlaqələri, həmçinin Hind okeanı və Uzaq Şərq regionlarındakı şəhərlərlə əməkdaşlığını sübut edir. Bununla belə, şəhərin dəniz vasitəsilə əsas ticarəti Ərəb yarımadası və Misirlə həyata keçirilib. Aylanı İraq və Suriya ilə quru vasitəsilə ticarət yolları da birləşdirib. Digər müsəlman şəhərlərində olduğu kimi, Aylanın mərkəzində də məscid və xəlifə evi olub.
Bu gün Ayla şəhərinin xarabalıqları dövlət tərəfindən mühafizə olunur, onun ərazisində hamı üçün pulsuz girişin təmin edildiyi arxeologiya parkı fəaliyyət göstərir.
Akabanın digər tarixi abidələri sırasında orta əsrlərə aid Məmlük Fortu qalasını da göstərmək olar. Bu qədim abidə Arxeologiya Muzeyinin yaxınlığında yerləşir.
Şəhər çimərliyi
Akabanın mərkəzi küçəsi ilə gəzinti zamanı daş pillələrdən ibarət olan qayalıqlar sizi onun yaxınlığında yerləşən şəhər ictimai çimərliyinə aparır. Çoxlu turistin gəldiyi çimərlik yerli sakinlər arasında da populyardır. Burada istirahət üçün hər cür şərait var, həmçinin günəş şüalarından qorunmaq üçün palma yarpaqlarından da istifadə olunur. Onların kölgəsi yuxulu suvenir tacirlərinin istirahət və uşaqların oynadığı yerdir. Sahildə lövbər salmış kiçik gəmilər, katerlər dəniz ekskursiyasına çıxmaq istəyənlərin sərəncamına verilir.
Akaba akvatoriyası qonşu Misir və İsrail arasında bölünür. Şəhər çimərliyində olduğunuz zaman qarşıdakı Fələstin sahillərində yerləşən İsrail qəsəbələrini görə bilərsinz. Yeri gəlmişkən, o biri sahildən də Akabanın mənzərəsi, xüsusən sahildə olan İordaniya bayrağının dalğalandığı 136 metrlik bayraq dirəyi görünür.
Şopinq
Akabada iri ticarət mərkəzləri olmasa da, hər yerdə suvenirlərin satıldığı kiçik dükanlar var. Burada çimərlik geyimi və ləvazimatlarının, gündəlik qarderob mallarının satıldığı mağazalar da fəaliyyət göstərir.
Suvenir dükanlarında bir çox maraqlı məmulatlar – İordaniyanın xalq sənətinə aid keramika qabları, metal əşyalar, üzərində nəfis naxışların işləndiyi xəncər və bıçaqlar, milli geyim elementləri, şal və yaylıqlar, təbii daşlardan və mərcandan olan bəzək əşyaları, əl işinin məhsulu olan təbii sabun və s. əldə etmək olar.
Sözardı
Akaba İordaniyanın yeganə dəniz limanının yerləşdiyi mühüm iqtisadi bölgədir. Bu şəhərdən növbəti yaşayış məntəqəsi olan Tala Bəyə aparan yolda çoxlu yük konteynerləri və qaldırıcı kranları görmək mümkündür. Tala Bəy kurort qəsəbəsi formal olaraq Akabaya aid edilsə də, birbaşa və dolayısı ilə ondan ayrıdır. Akabanın mərkəzindən avtomobillər 20 dəqiqəlik məsafədə olan Tala Bəy elit yaşayış kompleksləri və bahalı yaxtaları olduğu dəniz buxtası ilə məşhurdur.
Tala Bəy ilə tanışlıq, habelə Qırmızı dənizin büllur kimi şəffaf dibi olan mərcan adalarına katerlə səyahət barədə biz İordaniya haqqında reportajımızın növbəti hissəsində bəhs edəcəyik. Onu izləməyinizi məsləhət görürük.