AZƏRTAC xəbər verir ki, Həsən Ruhani dekabrın 20-də Yaponiyaya səfər edərək, bu ölkənin Baş Naziri Şinzo Abe ilə regional və qlobal siyasi məsələləri, eləcə də ikitərəfli əlaqələrin inkişafı perspektivlərini müzakirə edəcək.
Yerli və xarici mətbuatın İran Prezidentinin Yaponiyaya səfərini diqqətdə saxlaması heç də təsadüfi deyil. Belə ki, İranın ABŞ-la münasibətlərindəki gərginlik artıq pik həddə çatıb. Rəsmi Vaşinqton iqtisadi sanksiyalarla İranı beynəlxalq aləmdən təcrid edərək, öz məqsədlərinə nail olmağa çalışır.
Yaponiya ABŞ-ın Uzaq Şərqdəki ən yaxın müttəfiqidir və avropalı müttəfiqlərdən fərqli olaraq, İran ilə əlaqələrini tamamilə kəsmək niyyətində deyil. Ötən gün İran mətbuatı yazırdı ki, Yaponiya İranın neft-kimya sənayesinə 120 milyon dollar sərmayə yatırmaq niyyətindədir. Bu xəbəri Yaponiya mətbuatı da təsdiq etdi. Bunda başqa, iki ölkə arasında geniş ticarət və turizm əlaqələri mövcuddur.
İran Yaponiya üçün böyük bazardır. Tehranın və digər böyük şəhərlərin ticarət mərkəzlərində Yaponiya istehsalı olan məhsullar geniş alıcı kütləsinə malikdir. Hər il minlərlə yapon turist İranı ziyarət edir. Yaponiya isə İrandan neft və qaz idxal edir.
Qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğu bir zamanda ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar Yaponiya–İran əlaqələrinə mənfi təsir göstərir. Həsən Ruhani mövcud təsirləri neytrallaşdırmağa çalışacaq. Onu da qeyd etmək lazımdır ki, rəsmi Tokio Vaşinqtonla müttəfiqliyinə baxmayaraq, İran ilə əlaqələri inkişaf etdirmək niyyətindədir.
İran Prezidentinin səfərindən sonra qarşılıqlı əlaqələrin hansı istiqamətdə inkişaf edəcəyini və ABŞ-ın buna reaksiyasının necə olacağını isə zaman göstərəcək.