Ev Turizm Xəbərləri İran saytında “Gəzməli və görməli şəhər – Bakı” sərlövhəli məqalə yayımlanıb

İran saytında “Gəzməli və görməli şəhər – Bakı” sərlövhəli məqalə yayımlanıb

Bakı

İranın “kahabar onlayn.ir” saytında “Gəzməli və görməli şəhər – Bakı” sərlövhəli məqalə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Bakının gözəlliyi və azərbaycanlıların qonaqpərvərliyinə geniş yer verilib. Qeyd olunub ki, Bakı qədimliklə müasirliyi özündə birləşdirən gözəl şəhərdir. Burada möhtəşəm konsert salonları və kinoteatrlar var. Bu salonlarda dünyanın müxtəlif ölkələrindən qastrola gələn məşhur müğənnilər konsert proqramları ilə çıxış edirlər.

Qədim tarixə malik olan şəhərdə çoxsaylı tarixi binalar var ki, bunlarda xüsusi maraq kəsb edir. Bakının yaxınlığında isə Qobustan qəsəbəsi yerləşir. Buradakı qaya üzərindəki rəsmlər min illər əvvəl çəkilib və onu deməyə əsas verir ki, burada çox qədim zamanlarda da insanlar məskən salıblar.

Şəhərin qurulmasında müasirliyə də böyük üstünlük verilib. “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi, müxtəlif ticarət mərkəzləri və otellər yeni üslubda tikilib və böyük marağa səbəb olur.

Məqalədə Azərbaycanın post-sovet məkanının ən inkişaf edən ölkə olması da vurğulanıb.