İşğaldan azad olunan torpaqlarımızın iqtisadi potensialı çox yüksəkdir. Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Parlament üzvü deyib ki, ilkin mərhələdə ərazilər minalardan təmizlənəcək:
“Daha sonra isə bərpa prosesi olacaq. Bizim qiymələndirmələrimizə görə, prosesin sürətli aparılması ərazilərimizin 3-4 il ərzində bərpa edilməsinə imkan verəcək. İnvestisiya fərqli mənbələrdən, yerli və xarici mənbələrdən cəlb olunacaq. Mövcud potensial imkan verir ki, bu istiqamətdə sərmayə qoyuluşu həyata keçirə bilək”.
V.Bayramov qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının növbəti dövr üçün daha dayanıqlı inkişafına stimul verəcək:
“Minalardan təmzləndikdən sonra işğaldan azad olunmuş torpaqlarımızda infrastrukturun yenidən qurulması, o cümlədən sosial obyektlərin və yaşayış binalarının inşası reallaşacaq. Bununla yanaşı, işğaldan azad edilmiş torpaqlarımızda bərpa işlərilə bağlı proqram hazırlanacaq.
Beynəlxalq maliyyə qurumlarının prosesə cəlb olunması gözlənilir. Nəticə etibarilə fərqli mənbələrdən investisiya qoyuluşlarının həyata keçirilməsi gözlənilir ki, bununla da bir neçə il ərzində işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun yenidən qurulması mümkün olacaq”.
Deputatın sözlərinə görə, yalnız bundan sonra ərazilərimizin iqtisadiyyata qazandırılması mümkündür:
“Dağlıq Qarabağ və ətraf rayonlar mineral, digər təbii ehtiyatlar baxımından zəngindir. Təbii su ehtiyatları kifayət qədər böyükdür. Nəzərə alsaq ki, su ehtiyatlarına tələb artıb, hətta 1 litr suyun qiyməti 1 litr xam neftin qiymətindən bahadır, bu da ondan xəbər verir ki, azad edilmiş ərazilərimizin hesabına təbii suya olan tələbi ödəməklə yanaşı, ixracı da həyata keçirmək imkanımız olacaq. Mineral ehtiyatlarımız var, bu da həmin sahədə istehsalın təşkil edilməsinə imkan yaradacaq. Qızıl ehtiyatlarımız kifayət qədərdir ki, qızıl ixracı və istehsalı, daxili tələbin ödənilməsi baxımından vacib hesab olunur. İstehsal sahələrilə yanaşı, işağldan azad olunmuş torpaqlarımızın əsas üstünlüyü daxili turizmin inkişafı baxımından ciddi potensiala malikliyidir. Təbiəti cəlbedicidir və gözlənilir ki, bu bölgə turizm baxımından da faydalı olacaq.
Bütövlükdə azad edilmiş torpaqlarımızın həm istehsal, həm kənd təsərrüfatı peotensialı böyükdür. Xüsusilə Füzuli rayonu taxıl istehsalında öncül rayonlarımızdandır. Həmçinin, işağldan azad edilən rayonlarımızda meyvəçiliyin inkişaf potensialı kifayət qədər böyükdür. Bu baxımdan torpaqlarımız işğaldan azad olunduqdan və bərpa işləri aparıldıqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa töhfə verəcək, inkişafın lokomotivinə çeviriləcək”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin