Ev Turizm Xəbərləri İsveçrəli turistlər: Naxçıvana bir daha səyahət etdiyimizə görə çox sevinirik

İsveçrəli turistlər: Naxçıvana bir daha səyahət etdiyimizə görə çox sevinirik

İsveçrəli turistlər

Azərbaycana bir neçə dəfə, Naxçıvana isə ikinci dəfə səyahət edirəm. 67 yaşında olmağıma baxmayaraq, həm tarixiliyi, həm də yüksəkdə yerləşməsi ilə diqqətimizi cəlb edən Əlincəqalanın zirvəsinə yenidən qalxdım. Çünki bura insanı özünə cəlb edir, sanki ona güc verir.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvanda səfərdə olan İsveçrə Konfederasiyası vətəndaşı Andre Enqetşuler deyib. O, ötən ilin iyununda Naxçıvana ilk səfərində olduğu kimi, yenə də Duzdağa və müqəddəs Əshabi-Kəhf ziyarətgahına baş çəkdiyini, Qarabağlar türbəsi ilə tanışlığın onda dərin təəssürat yaratdığını bildirib.

Andre Enqetşuler deyib ki, Avropada, xüsusən İsveçrə kimi ölkələrdə insanların Naxçıvana xas olan təbiət gözəlliklərinə, əsrarəngiz mənzərələrə, sakit, təmiz ətraf mühitə çox ehtiyacları vardır. Odur ki, əgər gələn dəfə yolum bu istiqamətə düşsə, hökmən yenə də Naxçıvana gəlib görə bilmədiyim yerlərə də getmək istəyirəm. Digər əcnəbi turistlər kimi, mən də Haçadağın cazibəsinə, buradakı mineral suların şəfalı gücünə heyran qalmışam. Naxçıvan mətbəxinin, xüsusən Araz balığının dadından doymaq olmur.

Andre Enqetşulerlə birgə Naxçıvana səyahət edən xanım İnqrit Kundert isə Naxçıvanda keçirdikləri iki günün və gördükləri maraqlı yerlərin onda yüksək təəssüratlar yaratdığını deyib. İndiyə qədər dünyanın 50-dən çox ölkəsində olmuş səyyah buradakı muzeylərin zənginliyini çox bəyəndiyini, Azərbaycan xalçalarının gözəlliyinə doyunca tamaşa etdiyini bildirib: “Səyahətçi yoldaşlarımın Azərbaycanın “Maçu-Piçu”su adlandırdığı Əlincəqala indiyə qədər gördüyüm yerlərin ən möhtəşəmidir. Naxçıvana səfərim güman etdiyimdən çox rahat oldu. Ölkəmizə geri qayıtdıqda dostlarıma da buraya gəlməyi tövsiyə edəcəyəm. Çünki Naxçıvanın bənzərsiz payız mənzərələrinə, Əshabi-Kəhf ziyarətgahına, Duzdağ ətrafı dağlara və qaldığımız “Təbriz” otelindən açılan mənzərəyə heyran olmamaq mümkün deyil”.

Həmsöhbət olduğumuz turistlər, ümumilikdə, bir turizm destinasiyası kimi Naxçıvanda bütün lazımi xidmətlərin təşkilindən, onların keyfiyyətindən və qiymətindən razılıq etdilər. Bu da diyarımıza bir dəfə səyahət edən turistlərin yenidən bu istiqamətə gəlməyi üçün ən əsas şərtlərdəndir.