Ev Gəzməli yerlər Gəzəyənlər Kiçik büdcə ilə səyahət etmənin yolları

Kiçik büdcə ilə səyahət etmənin yolları

UCUZ TƏYYARƏ BİLETİ ALMAQ, UCUZ QALMAQ VƏ AZ BÜDCƏ İLƏ UZUN SƏYAHƏT PLANLAMAQ HAQQINDA…

Səyahət etməyi hamı sevir. Gəzmək, görmək, yeni yerlər kəşf etməyi kim istəməz ki? Hələ o səyahətə sevdiyin insanlarla birgə gedirsənsə, olur lap əla. Təəssüf ki, maddi durumun yaxşı olmaması səyahəti çoxumuzun xəyalına çevirib. Odur ki, bu yazıda sizlərə minimum büdcə ilə necə səyahət etməyin yollarını izah edəcəyəm.

Başlayaq bizi səyahətdən çəkindirən birinci əngəl AZAL-ın baha uçuşlarından. Tələsmir, hər hansı məcburiyyətimiz yoxdursa AZAL-ı seçmirik. Onda da sual yaranır ki, bəs, Bakıdan uçan digər hava yolları da baha aparır axı, neyləyək? O zaman Bakıdan da uçmuruq.

  1. Tiflisdəki hava limanından uçmaqla ikiqat qənaət edə bilərsən;
  2. Bakıya gəlməyən bir çox ucuz aviaşirkətlər Tiflisdən uçuş təşkil edir ( Pegasus, Airbaltic, AtlasAir);
  3. Aviaşirkətlərin Bakı reysləri ilə Tiflis reysləri arasında 2-3 qat fərq var.

Məsələn, 20 – 27 yanvar AZAL-ın Bakı-Praqa-Bakı reysinin qiyməti 435 avrodur. Həmin tarixlərdə Ukrayna Hava Yolları Tiflis-Praqa-Tiflis reysini 218 avroya təklif edir.

19-26 yanvar AZAL-ın Bakı-Paris-Bakı reysinin qiyməti 462 avrodur. Həmin tarixlərdə Pegasusun Tiflis-Paris-Tiflis reysinin qiyməti isə cəmi 188 avrodur.

19-26 yanvar AZAL-ın Bakı-Milan-Bakı reysinin qiyməti 433 avrodur. Ukrayna Hava Yollarının həmin tarixlərə olan uçuşunun qiyməti isə 144 avrodur. Bakıdan Tiflisə gedib-gəlmək minimum 25 manat edir (avtobusla). Qiymətlərə bax və haradan uçacağına özün qərar ver. Ən azı 2 qat fərq var.

ÖNCƏDƏN PLANLAŞDIR

Ucuz səyahət etmək istəyənlərə ikinci tövsiyyə onu yaxşı planlamaqdır. Biletlər (təyyarə, avtobus, qatar və s. ) səyahətdən 2 ay öncə alınmalı, qalacağın yer 1 ay öncədən seçilməlidir.

UCUZ TƏYYARƏ BİLETİNİ NECƏ ƏLDƏ EDƏK?

Keçdik növbəti mərhələyə – təyyarə biletini necə ucuz aviabilet ala bilərik? Əlbəttə hamımız səyahətə ayırdığımız büdcəmizin çoxunu gəzməyə, əylənməyə, istirahətə, muzeyə, hədiyyə almağa xərcləmək istəyərik. Bunun üçün bileti maksimum ucuz almaq lazımdır. Ucuz bileti bir neçə saytda axtara bilərsən. Bu, aviaşirkətlərin saytları da ola bilər: burada sən ucuz kampaniyalarla tanış ola bilərsən. THY, Pegasus, Wizzair, hətta bəzən AZAL da kampaniyalar edir (əvvəlki qiymətlərdən kəskin fərqlənməsə də).avia.gotravel.azskyscanner.comopodo.comedreams.com,skycheck.comtripadvisor.com kimi ucuz bilet satan saytlar da sənə bələdçilik edə bilər.

Qeyd: Macarıstanın ​WizzAir​ aviaşirkəti Bakı-Budapeşt-Bakı reysini həyata keçirir. Bu yolla Avropaya çox ucuz çıxa bilərsən. Ancaq eyni zamanda müxtəlif aviaşirkətlərin Tiflisdən həyata keçirdiyi uçuşlardan da istifadə etmək olar.

Bundan əlavə, WizzAir Gürcüstanın Kutaisi şəhərindən Budapeşt, Katowice, Kiyev, Varşava, Vilnüs, Berlin, Milan və s. şəhərlərə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan başlayır. Kutaisiyə Tiflisdən Türkiyəyə gedən avtobuslarla getmək mümkündür (qiyməti təxminən 5 manat).

Məsələn, AZAL-ın 19-26 yanvar Bakı-Budapeşt-Bakı reysinin qiyməti 743 manatadır. Ancaq WizzAir-in həmin tarixlərdə həyata keçirdiyi Kutaisi-Budapeşt-Kutaisi reysinin qiyməti isə 50 avrodur. Təxminən 15 dəfə ucuz. Bakıdan Kutaisiyə getmək isə cəmi 17,5 manat edir.

Əsas məsələ hər hansı Avropa ölkəsinə çatanacandır. Sonrakı mərhələlərdə istər avtobus, istər qatar, istərsə də təyyarə ilə səyahətlər sənə ucuz başa gələcək.

Qeyd: Biletin ucuz olmasını istəyirsənsə uçuşdan minimum 60 gün öncə almalısan. Onu da nəzərə al ki, həftəsonu uçuşları adətən baha olur. Daha 10 faizə yaxın qənaət etmək istəyirsənsə həftə içi (xüsusən də 2-ci gün) uçuşlarını seç. Gecələr aeraporta getmək çətin olduğundan əksər insanlar gündüz reysləri ilə getməyə üstünlük verir. Odur ki, gündüz uçuşlar nisbətən baha olur. Biletinin biraz da ucuz olmasını istəyirsənsə, gecə yarısından sonrakı reysləri seçməlisən.

Təbii bu məsləhətlər AZAL, British Airways, Air Frans, Lufthansa və s. kimi bahalı aviaşirkətlərin uçuşlarına aid olmaya bilər. Bu qaydalara əməl etməklə Avropanın ucuz aviaşirkətlərindən aldığın biletlərdə endirim əldə edə bilərsən. Məsələn:  RyanAir , EasyJet ,  GermanWings ,  WizzAir , Corendon , Vueling.

Bütün bunların köməyilə sən təyyarə biletini ucuz əldə edib, büdcənin böyük hissəsini digər əyləncələrə və ya gələcək səyahətlərə ayıra bilərsən.

HARDA QALAQ: MEHMANXANA, HOSTEL, YOXSA…?

Səyahəti bahalı və ya ucuz etmək insanın öz əlindədir. Biri var 5 ulduzlu otellərdə gecələyərək bir ölkədə 5-6 günlük istirahət edəsən. Biri də var bel çantanı çiyninə atıb, öncədən rezerv etdiyin sinifləndirilməmiş (ulduzsuz) mehmanxanaları seçərək 20 günə 4-5 ölkə, 15-ə yaxın şəhər gəzəsən. İkisinin qiyməti təxminən eynidir. Seçim sənindir. Məsələn, 1000 avro ilə iki nəfərə 20 günə 4-5 ölkə, 15 şəhər gəzmişik (təbii bura təyyarə biletini və viza xərclərini daxil deyil). Mehmanxana, daxili nəqliyyat xərcləri, qidalanma daxil olmaqla.

Bu arada, ulduzsuz mehmanxana deyimindən qorxma. Kifayət qədər təmiz, şəhər mərkəzinə yaxın olanları var. Hətta əksər hostellərin 2 nəfərlik otaqları da olur. Hostel deyəndə 20 nəfərlə bir otaqda qalacaqsan düşüncəsini unut.

QALACAĞIMIZ YERİ NECƏ TAPAQ?

Turistlərin ən çox istifadə etdiyi mehmanxana axtarış saytı www.booking.com–dur. İstər az büdcə ilə səyahət et, istərsə də büdcən 5 ulduzlu mehmanxanaya yetsin. Bu sayt sənə hosteldən tutmuş 5-7 ulduzlu mehmanxanalara qədər hər variantı təklif edir. Mən bütün səyahətlərimdə qalacağım yeri bu saytın köməyilə tapmışam.

Digər məsləhətli mehmanxana axtarış saytları: www.gotravel.az;www.expedia.com; www.orbitz.com; www.kayak.com; www.trivago.com; www.momondo.com -dur.

Daha çox gəzib-görmək istəyən hostellərdə gecələyə bilər. Ən məşhur hostel axtarış saytları www.hostels.com və www.hostelsworld.com-dur.  Uzunmüddətli səfərə çıxırsansa, sənə mehmanxanada qalmaq sərfəli olmaz. Üstəlik, hosteldə özün kimi səyahətçilərlə tanış ola, dostlaşa, onlardan bilmədiklərini öyrənə, maraqlı məlumatlar ala bilərsən.

QONAQ QƏBUL ET,  QONAQ OL

 

Biri də var Couchsurfing (divan-divan, ev- ev gəzmək mənasına gəlir). Birlik 2003-cü ildə dünya səyyahları üçün internetdə qurulub. Onlar bir-birinin evində pulsuz qalırlar. Couchsurfing-in 10 milyon üzvü dünyanın 200 min şəhərində pulsuz qala bilir. Bununçün www.couchsurfing.com-da profil yaratmaq, maraqlarına uyğun məntəqə, ev sahibi seçmək lazımdır. Bu variant sənə təhlükəli görünə bilər. Nəticədə, tanımadığın birinin evində qalmaqdan gedir söhbət. Ancaq istifadəçiləri çoxdur. Yoxlaya bilərsən. Üstəlik, Couchsurfing vasitəsilə təkcə qalmağa yer yox, həm də gedəcəyin şəhərdə səni gəzdirəcək bələdçi də tapa bilərsən. Bu xidmət bəzən pullu, bəzən də könüllü ola bilir. Bunda da seçim sənindir.

OTELLƏRİN QORXULU RÖYASI AİRBNB

Bir də var otellərin nifrət obyekti Airbnb. Bu saytdan qeydiyyatdan keçməklə gedəcəyin şəhərdə qalmaq üçün ucuz otaq, ev tuta bilərsən. Airbnb evinin otaqlarından birini və yaxud da evini kirayə vermək istəyənləri bir araya toplayan sosial saytdır. Başqa seçimlərdən fərqi də odur ki, evində qalacağın ailə sənə haraları gəzəcəyin, şəhərdəki maraqlı kafe, restoranlar, alış-veriş edə biləcəyin və s. yerlər haqqında məlumat verir. Sayt San Fransiskoda yaşayan cütlük tərəfindən yaradılıb. Evlərinin kirayə haqqını verə bilməyən Brian Chesky ve Joe Gebbia otaqlarının birini kirayə vermək məcburiyyətində qalıblar. Göstərdikləri xidmət isə hava ilə doldurulan yataq və səhər yeməyindən ibarət olub. 2008-ci ildə www.airbedandbreakfast.com belə yarandı. Bir müddət sonra saytın adı airbnb olub. İndi turistlər üçün bütün dünyada yayılmış ən yaxşı və ucuz gecələmək seçimidir. Bu da seçimin ola bilər.

Səyahəti maksimum ucuz etmək lazımdır ki, növbəti səfərlərə pulumuz qalsın