PAYLAŞ
Otel

“Koronavirusa görə yaranmış qlobal böhran Azərbaycandakı hotellərin böyük miqdarda maliyyə itkiləri ilə üzləşməsinə səbəb olub”.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Hotel Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam deyib.

Onun sözlərinə görə, vəziyyətlə əlaqədar həm Bakı, həm də regionlardakı hotellərdə müştərilərin sayı xeyli azalıb:

“Əlbəttə ki, bu cür problemlər ilk növbədə turizmə, hotelçiliyə zərbə vurur. Regionlardakı hotellərin verdiyi məlumata görə, Novruz bayramı ilə əlaqədar insanlar rayonlara getməyə və oradakı hotellərdə yerləşməyə maraq göstərmirlər. Hazırda əsas məsələ insanların sağlamlığının təhlükəsizliyini təmin etmək, Nazirlər Kabineti yanında yanında operativ qərargahın qərarlarına riayət etməkdir. İnsanlar öz səyahətlərinin müddətlərinin müəyyən edilməsi zamanı mütləq bu qərarları nəzərə almalıdırlar. AHA da hotelləri operativ qərargahın qərarlarını təqib etməyə və qaydalara riayət etməyə çağırır. Bu problemə görə hamı bir olmalı və birgə hərəkət etməlidir. Hotelçilər Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin profilaktikası, əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında operativ qərargah tərəfindən istifadəyə verilən www.koronavirusinfo.az informasiya portalından da məlumat əldə edə bilərlər”.

G.Sağlam əlavə edib ki, yerli turizmə dəstək vermək üçün martın 11-dən Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə “Macəra Yaxındadır!” kampaniyasına da başlanılsa da, yaranmış vəziyyətlə əlaqədar bu kampaniya müvəqqəti dayandırılıb:

“Lakin bu kampaniya koronavirusa görə xarici ölkələrə səfərlərin mümkünsüzlüyü ilə əlaqədar başlanılmayıb. Kampaniya uzunmüddətlidir. O, koronavirusla əlaqədar mövcud vəziyyətə görə hələlik dayandırılıb. Vəziyyət normallaşanda turizmə dəstək üçün bu kampaniyaya yenidən başlanılacaq. Ümid edirəm ki, vəziyyət yaxşılaşdıqdan sonra Azərbaycan vətəndaşlarının səfər edəcəyi ilk yer elə öz ölkəmizin maraqlı yerləri olacaq. O zaman hotellər də qonaqları qəbul etməyə hazır olacaq”.