Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuzu oxşayır. Bu təkcə bizə yox, eyni zamanda şəhərimizin qonaqlarına da xoş təsürratlar bağışlayır. Lakin bu gün küçə musiqisi ilə məşğul olanlar müəyyən problemlərlə qarşılaşırlar.
Saksafon ifaçısı olan Sərxan Əziz də incəsənətin küçə musiqisi qolu ilə məşğul olanlardandır. Onunla olan səmimi müsahibəmiz zamanı küçə musiqisi ilə bağlı mən də daxil olmaqla bir çoxlarına məlum olmayan məsələlər haqqında danışdıq.
Küçə musiqisi nədir?
Daha çox zövq aldığın, azad olduğun, özünü rahat ifadə edə bildiyin bir şeydir. Musiqi ifa edə bilmədiyim günlərdə özümü natamam hiss edirəm. Səhnəyə çıxanda kimlərinsə səndən bir gözləntisi var və sən onların qarşısında məsuliyyətlisən. Buna görə də səhnə musiqiçilərində həyəcan küçə musiqiçiləri ilə muqayisədə çox olur. Küçə musiqiçisi olmaq azad olmaqdır. Sən küçədə musiqi ifa edərkən biri gəlib sevdiyi xanıma evlilik təklif edir, yaxud da biri gəlib sadəcə rəqs edir. Səhnədə bunu etməyə çəkinirlər.
Necə oldu ki, bu işlə məşğul olmaq qərarına gəldiniz?
Əslində mənim musiqi təhsilim var idi. Saksafonda ifa etməyi illər öncə öyrənmişəm. Pianoda da ifa edə bilirəm. Lakin mən bir müddət incəsənətin bu sahəsindən uzaqlaşmışdım. Evdə daha çox yazılar yazır, tərcümələr edirdim. Bir dəfə internetdə araşdırmalar edərkən qarşıma bir video çıxdı. Gənc oğlan saksafon ifa edirdi. Videonu çox bəyəndim. İfa mənə çox ləzzət etdi. Bir anda bütün düşüncələrimi dəyişdi. Mən yenidən musiqi ilə məşğul olmaq qərarına gəldim. 9 ay ərzində tərcümələrdən qazandığım pulu verib saksafon aldım. Saksafonu əlimə götürəndə 8 il ərzində bu əlatlə bağlı çox şeyi unutduğumu dərk etdim. Demək olar ki, mən sıfırdan başlamalı oldum. Bunun üçün artıq çoxdandır əlaqəm kəsilən müəllimimlə görüşüb yenidən saksafonda ifa etməyi öyrənməyə başladım. Beləliklə mən küçə musiqisi ilə məşğul olmağa başladım. Bütün musiqiləri də elə küçədə öyrəndim.
Bakıda bu işə verilən reaksiya…
Əslində çox yaxşıdır. Məsələn, adam var ki, gəlib həm musiqini ifa edəni, həm də şəhərin görüntüsünü çəkir. Adam da var ki, musiqinin fonunda sadəcə özünü çəkir. Yaxud da təkcə şəhərin görüntüsünü. Bu, həm turistlər, həm də yerli əhaliyə aiddir. Turistəri cəlb edən də bizim xarici mahnıları ifa etməyimizdir. Düzdür, insanlar musiqiyə böyük dəyər verirlər. Lakin rusdilli əhali bu məsələdə daha mədəni davranır. Onlar musiqini dinləyir, pul qoyur və ifaya görə təşəkkür edirlər. Lakin digərləri bəzən belə davranmırlar. Onlar pulu qoyub qaçırlar. Bəziləri musiqini yamsılayır, atmaca da atırlar.
Qısaca onu deyim ki, küçədə buna yaxşı yanaşırlar. Lakin evlərinə gedəndən sonra reaksiya dəyişir. Məsələn, biz adətən Nizami küçəsində musiqi ifa edirik. Bildiyiniz kimi bura Bakının ən səs-küylü məkanlarından biridir. Buranın sakinləri narazıçılıq edir. Əslində onsuz da bura səs-küylüdür, bir musiqinin səslənməsi heç də pis deyil. Məncə insanlar hələ qəbullanmaq istəmirlər. Onlar qorxur ki, bu gün küçədə musiqi ifa edən biri sabah daha yaxşı yerlərə gedə bilər.
Yaxşı bir küçə musiqisi Bakıya nələr qazandıra bilər?..
Nəzərə alsaq ki, artıq insanları təəccübləndirmək, onların üzündə xoş mimikalar yaratmaq qəlizləşib, o zaman bunu deyə bilərəm ki, küçə musiqisi artıq bunu bacarmağa başlayır. Musiqi ifa etmədiyim günlərdə şəhərə gəzmək üçün çıxıram və kənardan müşahidə edirəm. İnsanlar ifaçının ətrafına toplaşaraq, musiqidən həzz alır, əylənirlər.
Bakıda küçə sənətçiləri üçün yerlər ayrılacaq. Buna reaksiyanız…
Əslində, yerlər ayrılıb. Biz həmin təyin olunan yerlərdə çıxışlar edirik. 18 məkanda yer ayrılmışdı. Son qərarda isə 3 məkan qaldı. Bayramdan sonra bir neçə gün bizim fəalliyyəti dayandırdılar. Əvvəl buna səbəb kimi qətlə yetrilən balaca qız- Nərminin matəmini göstərdilər. Lakin sonra bəlli oldu ki, əsas səbəb bu deyil. Çünki matəm olsaydı bütün ölkədə olardı və efirlərdə də musiqili proqramlar müvəqqəti dayandırılardı. Sadəcə olaraq Turizm nazirliyi ilə Səbail rayon polis idarəsi arasında anlaşılmazlıq var idi. Nazırlik bizim fəaliyyəti dəstəkləsə də, polis idarəsi buna mane olurdu.
Bu işlə məşğul olarkən hansı xoşagəlməz hallarla qarşılaşmısınız?
Əlbəttə. Küçə musiqisi ilə məşğul olan, ümumiyyətlə küçədə işini quran hər kəs belə hallarla tez-tez qarşılaşır. Onu da qeyd edim ki, küçə ilə keçidin fərqi çoxdur. Keçidlərdə xoşagəlməz hallar daha çox yaşanır. Məsələn, keçidlərdə içkili adamlar çox olur. Sən musiqi ifa edərkən gəlib deyir başqasını ifa et. Sonra başqa biri gəlir, o da fərqli musiqi istəyir. Beləliklə aralarında mübahisə düşür. Bu kimi hallar olduqca çox olur.
Dost-tanış, qohumlar bu işlə məşğul olmağınıza necə reaksiya göstəriblər?
Əgər sən yaxşı pul qazana bilirsənsə, yaxşı övladsan, yaxşı qohumsan, yaxşı adamsan. Yəni, bu seçimimə heç kim qarışmadı.
Sizcə, küçə musiqiçisinə qız verərlər?
Məsələn, sevgilim məndən ayrılanda “Səni potensiallı biri kimi tanıyırdım, buna görə də münasibət qurmuşdum. Lakin görürəm ki, sən çox vecsiz adamsan. Buna görə də ayrılıram” dedi. Əgər sənin əlində sənətin varsa, ailə qurmaq üçün də potensialın var. Fərqi yoxdur, küçə musiqiçisən yaxud da başqa sənətin sahibisən. Yəni pul qazana bilirsənsə, qalan işlər də düzələr. Belə düşünürəm ki, heç mən özüm də küçə musiqiçisinə qız vermərəm.
Küçə musiqisi ilə məşqul olmaq istəyən musiqiçi nələrə diqqət etməlidir?
Küçə elə bir yerdir ki, orada hər an hər şey baş verə bilər. Əsas odur ki, heç kimi ciddiyə almayasan. Çünki burada sənə hər cür adam yaxınlaşa bilər. Başını aşağı salıb musiqini ifa etməyi bacarmalısan. Düzdür, həmin an hissləri cilovlamaq çətin olur. Lakin baş verəcəkləri düşünəndə anlayırsan ki, ən yaxşısı səbrli olmaqdır.