Ev Turizm Xəbərləri “Vətəndaşlarımıza Azərbaycana getməyin deməmişik”

“Vətəndaşlarımıza Azərbaycana getməyin deməmişik”

turizm

“Birbaşa uçuşların sayının artırılması nəticəsində ölkələri ziyarət edən turistlərin sayı artacaq. Azərbaycan gələn ay İsraildə keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək”

2016-cı ildə Azərbaycana on minə yaxın israilli turist gəlib. 2019-cu ildə isə İsraildən gələn turistlərin sayı 60 minə çatıb ki, bu da 4 il ərzində 6 dəfə artım deməkdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.

Səfir vurğulayıb ki, ölkələr arasında olan yeni razılaşmaya əsasən, yaxın vaxtlarda İsrail və Azərbaycan arasında hər gün ölkəyə gündəlik aviareyslər təşkil olunacaq: “Birbaşa uçuşların sayının artırılması nəticəsində ölkələri ziyarət edən turistlərin sayı artacaq. Azərbaycan gələn ay İsraildə keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək”.

Corc Dik eyni zamanda Azərbaycandan İsrailə səfər edən turistlərin sayının da az olduğunu qeyd edib.

Azərbaycan vətəndaşlarının İsrailə viza alınmasının çətinliyi barədə sualı cavablandıran səfir vurğulayıb ki, İsrail tərəfi vizaların verilməsi prosesinin rəqəmsallaşdırılması üçün Azərbaycan tərəfi ilə iş aparır. Bu isə öz növbəsində viza alınması prosesini bir qədər asanlaşdıra bilər.

Corc Dik qeyd edib ki, İsrailin Xarici İşlər Nazirliyi heç vaxt israillilərə Azərbaycana səfər etməməyə dair tövsiyə verməyib, əksinə, daima belə səfərlərin artmasına çalışıb: “İsrail KİV-də hər ay Azərbaycana dair ən azı 2-3 məqalə paylaşılır, yayılır və bu məlumatlarda Azərbaycana səfər təşviq olunur. Xarici İşlər Nazirliyi bütün ölkələr barədə öz vətəndaşlarına tövsiyə xarakterli məlumatlar yayır və bu tövsiyələr ABŞ, Fransa və digər ölkələrə olduğu kimi Azərbaycana da şamil olunur. Azərbaycan cənubda hər imkanda İsraili yer üzündən silməklə təhdid edən İranla həmsərhəddir. Ona görə də İsrail Xarici İşlər Nazirliyi Azərbaycana səfər edən İsrail vətəndaşlarına müəyyən tövsiyələr verir”.