Ev Turizm Xəbərləri Küveyt mətbuatında Azərbaycanın turizm imkanları barədə məqalə dərc olunub

Küveyt mətbuatında Azərbaycanın turizm imkanları barədə məqalə dərc olunub

Küveyt

Küveytdə ingilis dilində gündəlik nəşr olunan “Arabi Times” qəzetinin 1 dekabr tarixli nüsxəsində “Bu qış fəslində təbii gözəlliyi, tarixi və qədim mədəniyyəti ilə zəngin Azərbaycanın ən gözəl yerlərini özünüz sınayın” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Azərbaycanın qış istirahəti və bayram tətilləri, ailə ilə birgə gözəl vaxt keçirmək olduğundan yazılıb. Bir sözlə, bütün növ səyahət üçün xüsusi gözəlliklərə malik ölkə olduğu vurğulanır. Məqalədə deyilir: “İstirahət və macəranın qeyri-adi vəhdəti ilə Azərbaycan çox maraqlı yerləri və təklifləri ilə sizdə uzunmüddətli dərin təəssüratlar yaradacaqdır. Qafqaz sıra dağlarını bir qış cənnətinə çevirən Azərbaycandakı qış mövsümü çox füsunkar və məftunedicidir. Xizək həvəskarları bura gələnləri heyran edəcək nəfəskəsici gözəl və insan əlləri dəyməyən yerlər tapa bilərlər. Təcrübəli və ya yeni xizək sürən olmağınızdan asılı olmayaraq dünyaca məşhur iki xizək istirahət mərkəzində istirahət edə bilərsiniz. Qusar şəhərindəki Şahdağ dağ-xizək və Qəbələ şəhərindəki Tufandağ istirahət mərkəzində yamaclara meydan oxuya və xizək yollarının dadını çıxara bilərsiniz.

Avropa və Asiyanın kəsişməsində yerləşən, heyranedici təbii mənzərələrə, dinamik qış festivallarına və dünya səviyyəli xizək istirahət mərkəzlərinə malik olan Azərbaycan əsl bir qış istirahət zonasıdır”.

Məqalədə mədəniyyət paytaxtı kimi adıçəkilən Bakı şəhərində qış mövsümündə keçirilən festivallar barədə məlumat verilmişdir. Şəhərin işıqlandırılmasının, təqdim olunan dadlı yeməklər və isti içkilərin yüksək səviyyədə olduğu bildirilmişdir. Həmçinin Xəzər dənizinin sahillərində yerləşən Bakı şəhərinin UNECKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş qədim hissəsi olan İçərişəhər və orada ziyarətçilərin rahatçılığı üçün nəzərdə tutulmuş mehmanxana və iaşə obyektləri barədə oxuculara məlumat verilir. Daha sonra Şahdağ və Tufandağ istirahət mərkəzlərində təşkil olunan turist turlarının qiymətləri, göstərilən xidmətlər var. Həmçinin digər bir şəhərimiz olan Şamaxının turistik imkanları barədə məlumat verilir.