PAYLAŞ
Lənkəran

Lənkəranın qardaşlıq əlaqələri qurmağa hazırlaşdığı növbəti şəhər İndoneziyanın Qərbi Yava əyalətinin Boqor şəhəridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fananinin və İndoneziyanın Qərbi Yava əyalətinin Boqor şəhərinin icra hakimiyyətinin başçısı Bima Arya Sugiartonun başçılıq etdiyi nümayəndə heyəti Lənkəran şəhərinə işgüzar səfərə gəlib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qonaqlara Lənkəranın tarixi, təbiəti, təsərrüfat həyatı və sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlər barədə ətraflı məlumat verib.

Səfir və Boqor şəhərinin icra hakimiyyətinin başçısı səmimi qəbula görə minnətdarlıq edib. Boqor şəhərinin Lənkəranla qardaşlıq əlaqələrinin qurulmasının hər iki ölkənin dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına yeni töhfə olacağını bildiriblər.

Sonra tərəflər arasında təhsil, kənd təsərrüfatı və turizm sahəsində gələcək əməkdaşlıq əlaqələri və təcrübə mübadilələri ilə bağlı fikir mübadiləsi aparıl;Bgöstərilən sahələr üzrə qarşılıqlı əməkdaşlığın qurulmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşün sonunda Lənkəranla Boqor şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı niyyət protokolu imzalanıb.

Qəbuldan sonra nümayəndə heyətinin üzvləri rayondakı Heydər Əliyev Mərkəzində bir qrup yerli iş adamı ilə görüşüblər.

Bima Arya Sugiarto, görüşdə iş adamlarına Boqor şəhərinin iqtisadiyyatı və təsərrüfat həyatının müxtəlif sahələri barədə ətraflı məlumat verib. Eyni zamanda, sahibkarları maraqlandıran sualları da cavablandırıb.

Sonra indoneziyalı qonaqlar Heydər Əliyev Xatirə Parkı, Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq Muzeyinin yerləşdiyi Xan evi, Xalça fabriki, “Green east” çəltikçilik təsərrüfatı, “Yaşıl çay” fermer təsərrüfatının çay plantasiyaları, “Hallobonq” sitrus təsərrüfatı, İstisu müalicə və istirahət mərkəzi və digər görməli yerlərlə tanış olublar.