PAYLAŞ
Lissabon

Lissabon sakinləri bu şəhərin turistlərin nəzərində populyarlığının artmasına görə ekologiyanın pisləşməsindən və təyyarələrin səsindən əziyyət çəkirlər.

Gezmeli.azDeutsche Welle” portalına istinadla xəbər verir ki, son 5 ildə Lissabona turist axını 81 faiz artıb və 2018-ci ildə 30 milyona çatıb. Bunun bir səbəbi də 2 il əvvəl yeni kruiz limanının açılması ilə bağlıdır. Bu liman hər il 300-ə yaxın nəhəng layneri qəbul edir. 2019-cu ildə bu limandan istifadə edən kruiz sərnişinlərinin sayının azı 600 min nəfər olacağı gözlənilir.

Portalda qeyd edilir ki, kruiz laynerlərindən atmosferə atılan bərk hissəciklərin və kükürd-dioksidin (SO2) həcminin artması nəticəsində Lissabon limanı bütün Avropada çirklənmə dərəcəsinə görə altıncı yeri tutur. Kruiz gəmilərindən atılan kükürd dioksidin həcmi il ərzində Portuqaliyanın bütün avtomobillərinin ətraf mühitə buraxdığı SO2 qazının həcmindən 86 faiz çoxdur. Lissabon aeroportunda da çirklənmə dərəcəsi artıb. Bundan əlavə, gecə reyslərinin sayı hədsiz çox olduğuna görə təyyarələrin səsi yerli sakinlərə əziyyət verir.

Hakimiyyət orqanları şəhər hüdudlarında ikinci aeroport tikməyi qərara alıb. İctimai müzakirə aparılmadan qəbul edilmiş bu qərar sakinlərin narazılığına səbəb olub. Yeni aeroport təbii qoruğun yanında yerləşəcək. Məmurlar bildirirlər ki, şəhərdə tikinti onun hüdudlarından kənardakı ilə müqayisədə ucuz başa gəlir.

Deutsche Welle” portalı sonda yazır: “Turizmin sürətli inkişafı Portuqaliyanın böhrandan çıxmasına kömək edib. İndi bu sahə hər il 15 milyard avrodan artıq gəlir gətirir. Buna görə də ölkənin hakimiyyət orqanları turizm bumunu dəstəkləmək üçün nə mümkündürsə edir. Onlar sakinlərin ekologiyanın pisləşməsi barədə şikayətlərinə məhəl qoymurlar”.